Jurnalistikadan sui-istifadə edənlərə qarşı daha effektiv və faydalı şəkildə mübarizə aparmaq imkanlarımız yaransın - Azər Həsrət

Jurnalistikadan sui-istifadə edənlərə qarşı daha effektiv və faydalı şəkildə mübarizə aparmaq imkanlarımız yaransın - Azər Həsrət
Martın 10-da Azərbaycan jurnalistlərinin VII qurultayı keçiriləcək. Maraqlıdır, bu qurultay digərlərindən nə ilə fərqlənəcək? 

Mətbuat Şurasının İdarə Heyətinin üzvü, Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASCFEN) sədri Azər Həsrət məsələyə aydınlıq gətirərək qurultayda Mətbuat Şurasının yeni mərhələyə qədəm qoyması ilə bağlı məsələlərin müzakirə olunacağı gözlənildiyini deyib.
 
O bildirib ki, Mətbuat Şurası 2003-cü ildə yaradılıb və artıq 15 ildir ki, fəaliyyət göstərir: "O dönəmdə daha çox bizim ənənəvi mətbuatımız gündəmdə və öndə idi. Ona görə də, Mətbuat Şurası məhz ənənəvi mediaya əsaslanaraq qurulmuşdur. Yəni onun daha çox çap mediasının problemləri ilə məşğul olması nəzərdə tutulurdu. Amma zamanla yeni media meydana çıxdı. Azərbaycanda faktiki olaraq bu gün yeni media bütün sahələrdə ümumilikdə medianı üstələyir. Təbii ki, Azərbaycan Mətbuat Şurasının da bu baxımdan təkmilləşdirilməsi, zamana uyğunlaşdırılmasına ehtiyac var. Digər bir məsələ, Azərbaycanda jurnalistikadan sui-istifadə edənlərə qarşı mübarizənin daha effektiv bir mərhələyə daşınması ilə bağlıdır. Belə ki, Mətbuat Şurasının sədri Əflatun Amaşov Milli Məclisdə təklif səsləndirdi ki, bu qurumla bağlı ayrıca qanun qəbul edilsin, Mətbuat Şurasına əlavə səlahiyyətlər və status verilsin. Bu səlahiyyət və status ona görə lazımdır ki, jurnalistikadan sui-istifadə edənlərə qarşı daha effektiv və faydalı şəkildə mübarizə aparmaq imkanlarımız yaransın. Çünki Mətbuat Şurası özü bir qeyri-hökumət təşkilatıdır və təbii ki, onun tətbiq edə biləcəyi cəza imkanları yoxdur”. 

Azər Həsrətin sözlərinə görə, Azərbaycan jurnalistlərinin VII qurultayında müzakirə olunacaq əsas məsələ, Mətbuat Şurası sədrinin və idarə heyətinin yeni üzvlərinin seçilməsidir: "Hazırda bununla bağlı hazırlıq işləri görülür, namizədlər irəli sürülür və qurultayda həmin məsələ də öz həllini tapacaq. Hesab edirəm ki, jurnalistlərin VII qurultayı Azərbaycan mediasının bütövlükdə yeni mərhələyə keçidi məsələlərinin müzakirə olunması üçün bir platforma rolunu oynayacaqdır”. 
Mətbuat Şurasının İdarə Heyətinin üzvü qeyd edib ki, Azərbaycan jurnalistlərinin VII qurultayı məhz nizamnamənin tələbinə uyğun olaraq keçirilir: "Burada  jurnalistikamızın ən öndə gedən təşkilatı olaraq Mətbuat Şurasının sədrinin seçilməsidir və bu bir qanuni tələbidir, bu baş verməlidir. Digər bir tərəfdən də, Azərbaycan jurnalistikasının demək olar ki, bütün təbəqələri bu qurultayda təmsil olunur və bir araya gələrək media ilə bağlı müzakirələr aparılır. Bu elə bir platformadır ki, burada Azərbaycan jurnalistikasını narahat edən istənilən məsələ müzakirə oluna bilər”. 

Qeyd edək ki, Mətbuat Şurası 2003-cü ildə yaradılıb. Buna qədər ölkədə Mətbuat və İnformasiya Nazirliyi var idi. Mətbuat Şurası özünütənzimləyən qurum kimi cəmiyyət-media-hökumət münasibətlərini tənzimləyir.
 
7News.az

Xəbər lenti