Jurnalistin atasını öldürən sürücüyə 5 il 6 ay həbs istənildi

Jurnalistin atasını öldürən sürücüyə 5 il 6 ay həbs istənildi

Bu gün Nərimanov Rayon Məhkəməsində bir nəfərin ölümü, bir nəfərin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) işçisi Seymur Qarayevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

ICMAL-ın məlumatına görə, hakim Samir Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hadisədən 1 il 4 ay 18 gün sonra dünyasını dəyişmiş Qarabağ müharibəsi veteranı Əli Əliyevin oğlu, zərərçəkmişin hüquqi varisi İmdad Əlizadə təqsirləndirilən şəxsə 50-yə yaxın sual ünvanlayıb.

S.Qarayev sualların bir hissəsinə cavab verməkdən imtina edib.

Sonra İ.Əlizadə vəsatət qaldırıb. O, Daxili İşlər Nazirliyinin "Təhlükəsizlik Şəhər" Avtomatlaşdırılmış İdarəetmə Mərkəzindən hadisənin videogörüntülərinin əldə olunması üçün məhkəmə tərəfindən sorğu verilməsini istəyib.

Məhkəmə vəsatəti təmin etməyib.

Daha sonra məhkəmə istintaqının başa çatdığı elan olunub və dövlət ittihamçısı çıxış edib. O, S.Qarayevin 3 il müddətinə sürücülük hüququndan məhrum edilməsini və onun 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini, barəsində həbs qətimkan tədbirinin seçilməsini istəyib.

Dövlət ittihamçısı qeyd edib ki, zərərçəkmişin hüquqi varisi İmdad Əlizadənin mülki iddiası əsaslıdır və tam təmin olunmalıdır. 

Prokuror həmçinin Seymur Qarayevin cəzasının ümümi rejimdə çəkməsini tələb edib.

İ.Əlizadə isə çıxışında bildirib ki, təqsirləndirilən şəxs vurduğu maddi ziyanı ödəməyib və aralarında barışıq əldə edilməyib. O, S.Qarayevə təqsirləndirildiyi Cinayət Məcəlləsinin 263.2-ci maddəsi üzrə ən ağır cəzanın verilməsini verilmsini istəyib.

Təqsirləndirilən şəxsin vəkili müdafiə çıxına hazır olmadığını deyib və məhkəmədən vaxt tələb edib.

Məhkəmənin növbəti iclası dekabrın 25-nə təyin edilib.

Qeyd edək ki, 2016-cı ilin fevral ayının 14-də baş vermiş qəzadan sonra Ə.Əliyev 7 ay Mərkəzi Klinikada, 8 ay 17 gün isə "Avrasiya Hospital"ında müalicə alıb. Daha sonra o, Bakı Sağlamlıq Mərkəzinə köçürülüb. 504 gün komada qalan Ə.Əliyev 2017-ci ilin iyul ayının 2-də dünyasını dəyişib.

Mərhum Ə.Əliyevin müalicəsinə 1 saylı Kliniki Tibbi Mərkəzdə ("Semaşko”) 4700, Mərkəzi Klinik Xəstəxanada 67881, "Avrasiya” Hospitalda 59050 (mərhumun ailəsinin bu xəstəxayana əlavə olaraq 11270 manat borcu qalıb), Bakı Sağlamlıq Mərkəzində 5900 manat xərclənib. Bunları təsdiqləyən rəsmi qəbzlər cinayət işinə əlavə edilib. Eyni zamanda dəfn və yas mərasimlərinə 14000 manat civarında pul sərf olunub. Bundan başqa, zərərçəkmişin ailəsi mənəvi zərərə görə təqsirləndirilən şəxsdən 15000 manat kompensasiya tələb edir.

Ə.Əliyev tanınmış jurnalist İmdad Əlizadənin atasıdır.

Xəbər lenti