Könül Xasıyeva: Öz “ölümüm”lə bağlı saysız başsağlığı mesajları alırdım

Könül Xasıyeva: Öz “ölümüm”lə bağlı saysız başsağlığı mesajları alırdım

Xalq artisti Könül Xasıyeva "Kaspi” qəzetinə müsahibə verib.

7news.Az həmin müsahibəni ixtisarla təqdim edir:

- Hazırda səhhətiniz necədir?

- Səhhətimə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım xüsusi diqqət ayırır. Heydər Əliyev Fondu da maliyyə ayırıb, yardım edir. Onlar da mənim sağlamlığım uğrunda çox əziyyət çəkirlər. İnsan ona dəyər verildiyini görəndə çox şad olur, sevinir. Sevincinin həddi-hüdudu olmur. Həkimlərimiz mənə deyirlər ki, səni Heydər Əliyev sarayında konsert verəcəyin günə qədər sağaldacağıq. Mən də həkimlərin dediyi o günü gözləyirəm. İnanıram ki, bir gün sağalacaq və o səhnədə konsert proqramı ilə çıxış edəcəyəm. Sizi əmin edirəm ki, jurnalistlər orada ön sırada olacaqlar. Onlar mənim başımın tacıdırlar. Mən sizə öz konsertimdən reportaj yazmağı arzulayıram. Siz mənim məxsusi qonağım olacaqsınız.

- Könül xanım, ürəyinizdə qalan hər hansı arzunuz varmı?

- Əlbəttə ki, arzular tükənməzdir. Mən Kazım balamın toyunu görmək istəyirəm. Allahdan tək arzum can sağlığıdır. Mən oğlumun xeyir işini görüm və onun boynuna kəlağayı salım. Noyabrın 17-də Kazımın 10 yaşı tamam olur. Onun toyunu görmək mənə nəsib olsun.

- Səsiniz hələ də yerindədirmi?

- Səhhətimdə problem olmasına baxmayın, səsimdə heç bir problem yoxdur. Allah mənim boğazıma sanki bir aparat qoyub. Onu məndən yalnız Allah ala bilər. İndi bir az zəifləmişəm, inşallah, bunun da öhdəsindən gələcəyəm.

- Bundan əvvəl haqqınızda "Xərçəng xəstəliyindən əziyyət çəkir” məlumatı yayılmışdı. Bu məlumat doğru idi?

- Xeyr, əsla. Bir müddət mətbuatda yanlış məlumatlar getdi. Dedilər ki, guya xərçəng xəstəsiyəm. Hətta ölüm xəbərim belə yayıldı. 

- Bu xəbərlər psixoloji olaraq sizə təsir etdimi?

- Əlbəttə ki, etdi. Bir müddət mətbuatda mənim haqqımda ölüm xəbərim yayılmışdı. İnternetdən bu xəbəri oxuyanda bir müddət özümə gələ bilmədim. Belə şey olarmı? Telefonun dəstəyini qaldıran kimi mənə başsağlığı verirdilər. Elə bilirdilər ki, dəstəyi götürən mənim hansısa qohumumdur. Bu, dəhşətdir. Həmin an keçirdiyim hissləri sözlə ifadə etmək mümkün deyil. Telefonu kimə açırdımsa, deyirdilər ki, bəs deyirlər, sən ölmüsən. Ancaq bilmirdilər ki, dəstəyi mən qaldırıram. Saysız başsağlığı SMS-ləri alırdım. Əlbəttə ki, bu, psixoloji olaraq mənə pis təsir edirdi. Bir insanı ölü kimi təqdim etmək təsirsiz ötüşmür. Mən də çox əzab çəkirdim.

7news.Az

Xəbər lenti