"Kredit Zəmanət Fondu" kimlərə dəstək olacaq?

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Kredit Zəmanət Fondu” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb. O cümlədən dövlət başçısı fondun nizamnaməsini təsdiqləyib. "Kredit Zəmanət Fondu"nun fəaliyyət istiqaməti nədən ibarət olacaq, qurumun yaradılma məqsədi nədir? 

7news.Az-ın bu yöndə suallarına cavab verən iqtisadçı-ekspert Vüqar Bayramov bildirdi ki, Azərbaycanda kiçik və orta sahibkarların kreditlərə əlçatanlıq səviyyəsi yüksək deyil: "Bu kreditlərə zəmanət verilmədiyindən kommersiya bankları kiçik və orta sahibkarlarla işləməkdə maraqlı deyillər. Kiçik və orta sahibkarlıqda risk nisbətən yüksəkdir. O baxımdan zəmanət fondunun yaradılmasına ehtiyac var”.

Ekspertin sözlərinə görə, fondun yaradılmasından sonra kiçik və orta sahibkarlar kredit alan zaman Fondun zəmanətindən istifadə etmək imkanına malik olacaqlar: "Fondun həmin kreditlərə zəmanət vermək səlahiyyəti olacaq. Müraciətlər Fondun əsasnaməsinə uyğun olaraq konkret meyarlar əsasında seçiləcək və qiymətləndiriləcək. Zəmanətin verilməsi kiçik və orta sahibkarların kredit alma imkanlarını xeyli asanlaşdıracaq. Artıq bank kiçik və orta sahibkarlarla işləməkdə maraqlı olacaq”. 

Qeyd edək ki, prezidentin fərmanına əsasən "Kredit Zəmanət Fondu" ASC sahibkarların müvəkkil banklardan manatla aldıqları kreditlərə təminat verən və Azərbaycan prezidentinin müəyyən etdiyi hallarda və qaydada həmin kreditlərə hesablanmış faizlərin bir hissəsinə subsidiya verən hüquqi şəxsdir. 

 

7news.Az

Xəbər lenti