"Mama ginekoloq 50 manat, həftədə 3 dəfə bir saat, sonda diplom verilir"

Təsəvvür edin, 1 il kursa gedirsiz, sertifikat və ya diplom alırsınız, olursunuz həkim.

ARB TV xəbər verir ki, illərdir mövcud olan və son illər dəb halını alan həkimlik kurslarının sayı get-gedə artır.

Daha çox praktika tələb elən bu peşələr demək olar ki, ancaq kurs şəraitində keçilir. Bəs görəsən özəl kursları bitirən belə tibb işçilərinə etibar etmək olarmı?

Tibb bacısı, mama-ginekoloq, cərrah, uşaq, daxili, ağız boşluğu və göz xəstəlikləri, estetik kosmetologiya bölümləri və s. Siyahı uzundur. Paytaxtda fəaliyyət göstərən əksər kurslar bu sahələr üzrə təhsil verdiyini elan edir. Kursun yekununda, yəni biri ilin sonunda da ya sertifikat yaxud da diplom təqdim olunur.

Telefona yazılan səs: "Mama ginekoloq 50 manat, həftədə 3 dəfə 1 saat. Sonda diplom verilir. 9 ay nəzəriyyə keçilir, 3 ay isə xəstəxanada”.

Yolumuzu belə kurslardan birinə də saldıq. Əvvəlcə kursu haqda ürəklə və ağız dolusu məlumat verən direktor təhsilin kurs şəraitində həyata keçirildiyini, təcrübənin isə avadanlıqlar üzərində aparıldığını dedi. 

6 ay təcrübə müddətini avadanlıqlar üzərində dərs keçirsən, olursan tibbi bacısı, mama-ginekoloq.

Açıqlamalarından özü də xoflandığından çəkilişin yekununda bütün kadrların silinməsini tələb etdi. Arzusunun reallaşmadığını gördükdə isə, telefonunu əlinə alıb, pul qarşılığında, şantaj vasitəsilə müsahibə aldığımızı iddia edən video çəkməyə başladı:

"Silməsəz heç yerə getmirsiz! Çəkmisən, silirsən videonu. Məni şantaj etmisiz. Pul vermisiz bizi istifadə etmisiz”.

Çəkiliş yerindəki xanım min hoqqadan çıxdı ki, özünü təmizə çıxarsın. Amma məsələ göz qabağındadır və malalamaqla heç nə düzələyəcək.

Ekspert Adil Qeybulla hesab edir ki, tibbi təhsil xidmətləri göstərən kurslar müvafiq strukturlarda qeydiyyata alınmadığı üçün həmin təhsil müəssisəsini bitirən şəxslərin işlə təmin olunması qeyri-qanunidir. Üstəlik, bu, pasiyentlərin həyatı üçün də risk daşıyır. Çünki həkim olmaq üçün bəzən 6 il ali təhsil almaq belə kifayət etmir. Ekspert onu da qeyd etdi ki, tibbi bacısı olmaq üçün orta ixtisas məktəblərində 2-3 il vaxt lazımdır:

"Bunun xüsusi bazası olmalıdır, heç biri olmayan yerdə 2-3 otaqda tibb təhsili vermək ciddi görünmür. Tibbin əsas prinsiplər anlayışlar yetərincə olmadığına görə hər cür risk ola bilər. Sepsis, infeksiya riski, adekvat yardımın göstərilməsi mümkün olmaya bilər. Təəssüf ki, biz belə halları müşahidə edirik”.

Belə kursların təhsilini Səhiyyə Nazirliyi də tanımır və üstəlik belə diplomlarla səhiyyə müəssisələrində işləməyə icazə də verilmir. Bəs görəsən vətəndaşlar özəl kursları bitirən tibb işçilərinə etibar edirmi?

Sakin: "Güvənmərəm, bəzən ali təhsil almış, 5-10 il oxumuş həkimə güvənmək olmur, onda qalmış 1 ilə”.

Bir sözlə, özəl kurslardan alınan tibbi təhsil elə həmin şəxslərin özlərinə lazımdır. Ən azından ilkin tibbi yardım göstərmək üçün. Əks halda nəinki kiminsə həyatını qurtarmaq, ölümünə səbəb ola bilərlər.

 

7News.Az

Xəbər lenti