Məhkəmə banka basqın edən şəxslə bağlı qərar verdi

Məhkəmə banka basqın edən şəxslə bağlı qərar verdi

Bakı Apellyasiya Məhkəməsində banka basqın etməkdə təqsirli bilinən 1967-ci il təvəllüdlü Nazim Məmmədovun apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

7News.Az-ın xəbərinə görə, hakim Elşad Şamayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. 

Qərara əsasən, N. Məmmədovun apellyasiya şikayəti təmin edilməyib.  

Qeyd edək ki. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə N. Məmmədov 10 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, hadisə bu il yanvarın 18-də, saat 13:00 radələrində "Turan Bank” ASC-nin Yasamal filialında baş verib. Filiala gələn Nazim Məmmədov qəfil hərəkətlə orada müştəri olan 1967-ci il təvəllüdlü Səriyyə Nəcəfovanın arxasına keçib və mətbəx bıçağını boğaz nahiyəsinə dirəyib.

Həmin şəxs xəzinədar Kənan Miriyevdən pul verməsini, əks halda qadını öldürəcəyini deyib. Həmin vaxt kassada ümumilikdə 198 min 345 manat olub.

Bu zaman mühafizə siqnalizasiyası işə düşüb və hadisə yerinə polis əməkdaşları cəlb edilib. Polis əməkdaşları həmin şəxsi tərksilah edərək tutub. Həmçinin ondan soyuq silah hesab edilən bıçaq götürülüb.

7News.Az

Xəbər lenti