Məmur övladlarının harınlığı niyə azalmır? - Sosioloq və psixoloq səbəbləri sıraladı

Məmur övladlarının harınlığı niyə azalmır? - Sosioloq və psixoloq səbəbləri sıraladı

Bu günlərdə oğlu avtobus sürücüsünü döydüyü üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini Novruzəli Orucov prezidentin sərəncamı ilə vəzifəsindən azad olundu. Qeyd edək ki, Novruzəli Orucovun oğlu bundan əvvəl avtomobillə piyadanı vuraraq ölümünə səbəb olmuşdu. Məhkəmənin qərarı ilə o, 4 il azadlıqdan məhrum edilsə də, 2 il sonra şərti olaraq azadlığa buraxılmışdı.

Novruzəli Orucov bugünlərdə verdiyi müsahibəsində də bildirdi ki, oğlu ilk dəfə cinayət hadisəsi törədəndə prezident ona xəbərdarlıq etmiş, amma xidmətlərini nəzərə alaraq işindən azad etməmişdi. Son olaraq oğlunun 85 saylı avtobus sürücüsünü döyməsi isə ölkə başçısının qəzəbinə səbəb oldu və o, tutduğu vəzifədən azad edildi.


Təbii ki, Novruzəli Orucov qudurğan övladına görə işindən azad olunan ilk məmur deyil. Onlardan biri də Xəzər Dəniz Gəmiçiliyinin sabiq rəis müavini Mübariz Mədətovdur. Onun oğlu Xalid Mədətov içkili vəziyyətdə "Galendawagen” markalı avtomobili ilə qəza törətmişdi. Hadisə zamanı xalq artisti, tar ifaçısı Ağasəlim Abdullayevin həyat yoldaşı və nəvəsi həlak olmuşdu. Hadisədən bir qədər sonra Mübariz Mədətov işindən kənarlaşdırıldı.
Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov da övladının güdazına gedən məmurlar sırasındadır. Belə ki, 2013-cü ilin yanvar ayında nazirin oğlu Vüqar Ələkbərov İsmayıllı rayon sakinlərini təhqir etmişdi. Bu isə rayon sakinlərinin kəskin etirazına səbəb olmuşdu. Daha sonra etirazçılar nazir oğlunun "Çıraq” otelni və avtomobilini yandırmışdılar. Hadisədən bir qədər sonra Füzuli Ələkbərov vəzifəsindən azad edildi. Həmçinin İsmayıllı rayonun icra başçısı olan qardaşı Nizami Ələkbərov da işdən çıxarıldı.


Sabiq deputat Ayaz Orucov da oğlu başqa avtomobildə olan qızlara sataşması və onlara silahla atəş açmasından sonra bir daha vəzifəyə gətirilmədi. 
Bu kimi nümunələrin sırasını genişləndirmək də olar. Ölkə başçısı dəfələrlə bu cür olaylarla bağlı xəbərdarlıqlar edib, dövlət məmurlarının davranış qaydalarına əməl etməsi məsələsinə toxunub: "Mən dövlət məmurlarının davranış normaları ilə bağlı dəfələrlə öz fikirlərimi bildirmişəm və bir daha demək istəyirəm. Hər bir dövlət məmurunu işə təyin edəndə verdiyim tapşırıqlar arasında bunlar da var ki, məmur təvazökar olmalı, xalqa xidmət etməli, xalqla bir yerdə olmalı, özünü xalqdan yuxarı tutmamalıdır. Ancaq buna baxmayaraq, bəzən hələ də görürük ki, həm məmurlar özlərini apara bilmirlər, kobud səhvlər buraxırlar və həm də ailə üzvləri hesab edirlər ki, onların xüsusi imtiyazı var. Azərbaycanda heç kimin heç bir imtiyazı yoxdur. Mən demişəm ki, o dövlət məmuru öz ailə üzvlərini idarə edə bilmirsə vəzifədən çıxarılacaq və belə də oldu. Azərbaycanda xuliqanlıqla, özbaşınalıqla məşğul olanlar cəzalandırılır və cəzalandırılmalıdır. Heç kimə heç bir güzəşt edilmir və mənim son qərarlarım onu bir daha təsdiqləyir, hamı nəticə çıxarsın”.


Maraqlıdır ki, hətta prezidentin bu cür xəbərdarlıqlarına rəğmən ölkədə məmur övladlarının harınlığı azalmır, əksinə, bəzən çoxaldığının şahidi oluruq. Bəs səbəb nədir? Bu problemin kökündə hansı amil dayanır?

Sosioloq Əhməd Qəşəmoğlunun sözlərinə görə, bu barədə müxtəlif səbəblər axtarmaqla lazımi nəticəyə gəlmək mümkün olmayacaq: "Konkret olaraq elmin tövsiyələri var. Cəmiyyətdə bu cür hadisələr baş verəndə bunun elmi əsaslarını axtarmaq lazımdır. Hər halda, cəmiyyətdə bu cür qudurğanlıq davranışları get-gedə artır, insanlar bir-birilərinə maddiyyatla yanaşır, bu da ardınca problemlər yaradır. Birmənalı olaraq kəskin şəkildə bunun qarşısını almağın yollarını axtarmaq lazımdır. Təsəvvür edin ki, sel gəlir, oturub fikirləşirlər ki, bu sel niyə gəlir? Bu da sosial bəla, seldir gəlib. Dərhal qarşısını almağın yolu bundan ibarətdir ki, bununla bağlı elmi əsasların fəaliyyət proqramı hazırlanmalıdr. Orda da nəzərdə tutulmalıdır ki, kompleks işlər necə görülməli, maarifləndirmə işləri necə aparılmalıdır, qanunvericilikdə necə olmalıdır, ziyalılar, mətbuat bu məsələdə nə kömək edə bilər və sairə. Ümumiyyətlə, ölkədə maddi dəyərlərin get-gedə daha aktiv rol oynamasının qarşısı təcili SOS siqnalı şəkildə alınmalıdır. Bunun üçün də ortada ciddi humanitar siyasət olmalıdır. Təəssüf ki, bu məsələ hər dəfə elə danışılır, amma lazımi diqqət verilmir. Çünki elə düşünürlər ki, məsələ öz-özünə həll olunacaq. Bu isə mümkün deyil. Cəmiyyətin özünün qanunauyğunluqları var, bunları idarə etmək lazımdır. Bu sahədə isə hələ ki bizdə iş yoxdur”.
Sosioloqun fikrincə, əgər mənəvi dəyərlərə maraq artsa, onda avtomatik olaraq təhsilə də maraq artacaq.
 
Psixoloq Azad İsazadə də problemin kökündə dayanan amillərdən söz açıb: "Ümumiyyətlə, özünü dikbaş göstərmək bizə xasdır. Cənub Şərq ölkələrində, istər İtaliya, istərsə də İspaniyada bu cür dikbaşlıq var. Biz də rəngli maşınları, bərbəzəyi, xüsusən də özümüzü göstərməyi çox sevirik. Bircə fərq bundadır ki, İtaliya, İspaniyada qanun hansısa formada bu prosesləri tənzimləyir. Bizdə isə bu problemin kökündə bir amil dayanır: bu da cəzanın olmamasıdır. Son zamanlar bu cəzalar artıq başlayıb və düşünürəm ki, bu, digərlərinə artıq təsir göstərəcək. Amma cəza vermək daim olmalıdır ki, kampaniya xarakteri daşımasın. Cəzalandırılma olmadıqda bu cür halların yenidən təkrarlanmasına və ya gələcəkdə daha ağır qanun pozuntularına gətirib çıxara bilər. Ona görə də cəza olsa yəqin ki, bu hər kəsə dərs olacaq. Məsələn, hansısa mexanikin oğlu sabah düşünəcək ki, əgər generalın oğlu cəzalandırılırsa, deməli, məni də cəzalandırarlar”. / musavat.com

Xəbər lenti