"Mənə iki gün öncədən deyildi ki, yığmadan gedirsən" - Rəşad Sadıqov

"Qarabağ"ın kapitanı Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının XIV turunda "Zirə"ni 6:0 hesabı ilə məğlub etdikləri matçdan sonra brifinq keçirib.

36 yaşlı müdafiəçi "Report"un suallarını cavablandırıb...

7News.Az həmin müsahibəni təqdim edir: 

Çempionatda ardıcıl ikinci dəfə böyükhesablı qələbə qazandınız...

- Premyer Liqanın son iki matçını "Keşlə” və "Zirə” komandalarına qarşı keçirdik. Bilirdik ki, hər iki komanda son vaxtlar oyunlarını yaxşı keçirirlər. İkisinin də yaxşı baş məşqçisi var. Bu matçlar bizim üçün çox təhlükəli idi. Ciddi hazırlaşırdıq. Son iki qarşılaşmada xal itirməmək çox önəmli idi. Bu gün də yaxşı oyun alındı. Ən əsası odur ki, qol imkanlarından yararlana bildik. Böyükhesablı qələbələr rəqiblərin zəif olması ilə əlaqədar deyil. Sadəcə olaraq biz əlimizə düşən fürsətlərdən yaxşı istifadə edirik. Bu isə son vaxtlar komandamızın problemi idi.

İkinci hissədə beş müdafiəçi ilə oynadınız. Bu komandada alınırdı? Sizin üçün rahat idi?

- Komanda olaraq bu sistemdən çox istifadə eləmirik. Qurban müəllim ikinci hissədə elə oynamağımızı tapşırdı. Biz də elə oynadıq. Hardasa alınırdı, hardasa yox. Bu çox oynamadığımız bir sistemdir.

İki oyuna 11 qol vurmusunuz. Millinin oyunları bitib, Avropa Liqasında növbəti mərhələ şansları yoxdur. Komanda təzyiqdən azad olub və rahatdırmı?

- Biz "Qəbələ” ilə səfər matçında vacib 3 xal qazanmışdıq. Ondan sonra da əhvalımız yaxşı idi. Sadəcə olaraq milli komandalara görə yaranmış fasilədən sonra "Sabah”la matça istədiyimiz kimi hazırlaşa bilmədik. "Qarabağ”da əcnəbi və yerli futbolçular milli komanda üzvləridir. "Sabah”la oyunda vacib iki xal itirdik. Yenidən toparlana bildik. Bu iki matçda 6 xal qazandıq. Çalışdıq ki, "Neftçi” ilə xal fərqi 7-8 olmasın.

Qurban Qurbanovun milli komanda ilə vidalaşacağını hiss edirdiniz?

- Mənim üçün gözlənilməz oldu. Belə bir şey gözləmirdim.

Siz də U-21-in baş məşqçisi idiniz. Komandanızla yolları ayırmağınız İcraiyyə Komitəsində müzakirə olunub? Qurban Qurbanova görə postunuzu tərk elədiniz?

- Qurban Qurbanovun gedəcəyini bilmirdim. Mənə iki gün öncədən deyildi ki, gedirsən. Amma Qurban Qurbanovla bağlı xəbər yox idi. Biz İK-nin iclasından sonra bildik ki, o milli ilə vidalaşır.

Siz iki gün öncədən bilirdiniz? Soruşdunuzmu bu nə ilə bağlı idi? Qurban Qurbanovu bəlkə də başa düşmək olar ki, iki yerdə işləyir...

- Bəli. Mənə iki gün əvvəl deyilmişdi. Yəqin ki, nəsə bir səbəb olub. Hazırda bu barədə danışmaq istəmirəm. Çox işlər gördük. Azərbaycan futbolunun halal xoşu olsun. Təki, millimiz növbəti seçmə mərhələdə yaxşı nəticə qazansın. Hər matçda 5-6 gənc oynayırdı. Komanda artıq formalaşmışdı. Əslində bir ay bundan öncə mənimlə görüşmüşdülər. Bu növbəti seçmə mərhələ ilə bağlı idi. Gələcək planları müzakirə etdik. Mənim qarşıma ikinci və ya üçüncü yeri tutmaq hədəfi qoyulmuşdu. Bildirdim ki, mən də qarşıma böyük hədəflər qoymuşam. Hədəflərə çatmaq üçün mübarizə aparacaqdıq. Amma qərar verildi. Mən əlavə bir söz demək istəmirəm. Qərara hörmətlə yanaşıram.

U-21-in nəticəsi olmadığına görə bu addım atılıb?

- Xeyr. Bu seçmə mərhələnin nəticəsi barədə söhbət olmayıb. Bilirsiniz ki, iki matçda güclü rəqiblərlə heç-heçə etdik. Qələbələr də qazana bilərdik. Yararlana bilmədiyimiz penaltilər oldu. Norveçə kobud səhvlərə görə uduzduq. Əslində oyun yaxşı gedirdi. Qarşıma ona görə məqsəd qoyuldu ki, komandanı hazırlamısan və bu yığma ilə güclü rəqiblərə qarşı mübarizə aparırsansa, məqsəd 2 və ya 3-cü yer olmalıdır. Mən özüm də qarşıma belə məqsədlər qoymuşdum. Qərar verdilər ki, mənimlə yollar ayrılsın. Buna hörmətlə yanaşıram.
 

7News.Az

Xəbər lenti