Gürcüstandan Rusiyaya gedən yük maşınları Azərbaycandan keçə bilər

Gürcüstandan Rusiyaya gedən yük maşınları Azərbaycandan keçə bilər

Güclü laysan yağışlarından sonra Gürcüstan ilə Rusiyanı birləşdirən “Hərbi Gürcüstan” yolu bağlanıb.

7news.Az AzərTac-a istinadən xəbər verir ki, bu yolun üzərindəki Devtoraki və Terek çayları öz məcrasından çıxıb. Nəticədə torpaq sürüşməsi baş verib, bəzi ərazilərdəki körpülər dağılıb, yol infrastrukturuna ciddi ziyan dəyib. Daryal dərəsində vəziyyət daha acınacaqlıdır, burada yolun 1 kilometrdən çox hissəsi tam dağılıb.

Gürcüstan Baş nazirinin birinci müavini, iqtisadiyyat naziri Dmitri Kumsişvili, daxili işlər naziri Georgi Mqebrişvili, regional inkişaf və infrastruktur naziri Nodar Cavaxişvili və digər rəsmi şəxslər təbii fəlakət baş verən ərazidə olublar.

Gürcüstan rəsmilərinin və ekspertlərin fikrincə, yolun tam bərpası üçün ən azı üç həftə vaxt lazımdır. N.Cavaxişvili deyib ki, Devtoraki və Terek çaylarını öz yataqlarına qayıtmadan yolun bərpasına başlamaq mümkün deyil. Bölgədə isə yağışlar davam edir.

Hazırda Kazbeqi-Yuxarı Lars sərhəd-keçid məntəqəsində 100-dən çox ağır tonnajlı yük maşını dayanıb. Gürcüstan hökuməti yük maşınlarının dəniz vasitəsilə Rusiyaya və digər ölkələrə getməsinə çalışır. Lakin vəziyyət belə davam edərsə həmin yük avtomobillərinin Azərbaycan ərazisindən keçməklə Rusiyaya gedəcəyi bildirilir. Gürcüstan rəsmilərinin sözlərinə görə, hazırda bununla əlaqədar Azərbaycan tərəfi ilə də danışıqlar aparılır.

7news.Az

 

Xəbər lenti