Nazir müavini: Fond 170 milyon manat güzəştli kredit verəcək

Nazir müavini: Fond 170 milyon manat güzəştli kredit verəcək

Sahibkarlığa Kömək Milli Fondunun həm adının, həm də hüquqi statusunun dəyişməsi yeni şərtlər ortaya qoyub. Əsas dəyişikliklərdən biri də budur ki, Sahibkarlığın İnkişafı Fondu adlanan qurum publik hüquqi şəxs olandan sonra özünü maliyyələşdirmə mexanizmi ilə işləyəcək.

7News.Az xəbər verir ki, İqtisadiyyat Nazirliyinin tabeliyində olan Sahibkarlığın İnkişafı Fondu (Fond) büdcədən ayrılan illik saxlanma vəsaitindən – 740 min manatdan belə azad edilib.

2018-ci ildə fond yalnız verdiyi kreditlərdən geri qayıtmış vəsait hesabına maliyyələşdirmə aparacaq.

Bundan sonra fond yalnız verdiyi kreditlər hesabına sahibkarlığın inkişafına nail olmalı, həm də özü qazanmalıdır ki, fəaliyyət göstərsin. Buna görə də kreditlərin verilməsi və yığılması mexanizminin təkmilləşdirilməsi, işin daha yaxşı təşkil edilməsi məqsədilə yeni struktur formalaşdırılıb.

İqtisadiyyat nazirinin müavini Sahib Məmmədovun sözlərinə görə, fondun işinə doqquz nəfərdən ibarət Müşahidə Şurası nəzarət edəcək. Cari fəaliyyəti həyata keçirmək üçün beynəlxalq korporativ idarəetmə standartlarına uyğun İdarə Heyəti yaradılıb. Beləliklə, fondun işinə nəzarət mexanizmləri artıb.

Kreditlərin verilməsində yarana biləcək riskləri müəyyən etmək üçün normal qurumlarda olduğu kimi, bundan sonra Risklərin İdarəedilməsi və Təhlili, eyni zamanda Daxili Audit şöbələri də yaradılıb. 

S.Məmmədovun fikrincə, bu, fondun səmərəli fəaliyyətini təmin edəcək:

"Bu ilin sonuna qədər geri qayıtmış vəsait hesabına fond 170 milyon manat həcmində güzəştli kredit verəcək. Artıq 113 milyon manat kreditləşmə reallaşıb”.

Fondun indiyə qədər verdiyi vəsaitlərin geri qaytarılma vəziyyətinə gəlincə, indiyə qədər fond 4,19 mlrd. manat həcmində layihələrə kredit tranşları ayırıb. Kreditlərin qayıtmayan hissəsi barədə rəsmi açıqlamalar yoxdur. Dövlət vəsaitinin geriyə dönüşünü isə rəsmilər "normal” qiymətləndirirlər.

"Dövlətin vəsaitidir və qanunvericiliyə uyğun olaraq qaytarılmalıdır. Bu istiqamətdə işlər gedir. Kreditlərin verilməsinə ciddi nəzarət mövcuddur və bundan sonra da davam etdiriləcək”, - 7News.Az-ın sualını cavablandıran nazir müavini bildirib.

S.Məmmədov fonda təqdim ediləcək investisiya layihələrinin ciddi şəkildə araşdırılacağını söyləyib:

"Layihələrin rentabelliyi, özünü ödəmə qabiliyyəti, istehsal ediləcək məhsul üçün bazarın olub-olmaması və digər vacib amillər ekspertizadan keçiriləcək, kreditlər yalnız bundan sonra veriləcək”.

7News.Az

Xəbər lenti