Nazir yeni idman zalının açılışını etdi – FOTO

Nazir yeni idman zalının açılışını etdi – FOTO

Bu gün Bakının Xəzər rayonunun Buzovna qəsəbəsində yeni idman zalının açılış olub.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən 7news.Az-a verilən məlumata görə, tədbirdə nazir Azad Rəhimov, Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamov, həmin rayonun millət vəkili Rauf Əliyev və digər rəsmilər iştirak ediblər.

Çıxışı zamanı A.Rəhimov bildirib ki, Buzovnada inşa edilmiş idman zalı prezident İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiq edilmiş "Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na əsasən, Gənclər və İdman Nazirliyinin sifarişi əsasında tikilib. Binada universal idman zalı, trenajor zalı, şahmat otağı, tədris otağı və digər mərkəzlər var: 

"Bu gün ölkəmizdə 43 Olimpiya Kompleksi fəaliyyət göstərir. Bir müddət əvvəl Tərtərdə sayca 44-cü, Beyləqanda isə 45-ci kompleksin təməli qoyulub. Bu il Lənkəranda yeni kompleksin istifadəyə verilməsi nəzərdə tutulur. Eyni zamanda Goranboy və Neftçalada növbəti kompleksin tikintisinə başlanılıb. Yardımlıda isə davam etdirilir”.

Qeyd edək ki, Buzovna idman zalı layihə-smeta sənədləri "ArchiCo” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən hazırlanıb. Tikinti-quraşdırma işləri "İçəri Şəhər Tikinti və Bərpa” MMC tərəfindən yerinə yetirilib. Tikinti işlərinə 2013-cü ildə başlanılıb. Obyektin ümumi tikilialtı sahəsi 1300 m2, ümumi sahəsi 1827 m2 təşkil edir.

Yaşıllaşdırma işləri 290 m2, asfalt-beton yollar, daş-döşəmə və abadlıq sahəsi 1261 m2-dir. İdman zalı binası iki mərtəbədən ibarətdir (tikilialtı sahəsi 1033 m2, ümumi sahəsi 1514 m2).

Binada universal idman zalı, trenajor zalı, şahmat otağı, tədris otağı, kafe, məşqçi otağı, həkim otağı, müdiriyyət və işçi otaqları, anbar, idmançılar üçün soyunub-geyinmə, duş, sanitar qovşaqlar, girişdə qeydiyyat hissəsi var.

Bunlarla yanaşı, baş plana əsasən, ərazidə süni örtüklü voleybol meydançası və həmin meydança üçün soyunub-geyinmə, duş və sanitar qovşaqları olan iki hissədən ibarət bina inşa edilib.

Eyni zamanda, içməli və yanğına qarşı ehtiyat su anbarı, qazanxana, nasosxana inşa edilib, komplekt transformator məntəqəsi quraşdırılıb. İdman zalı müasir soyutma, isitmə, ventilyasiya, işıqlandırma, yanğın siqnalizasiya sistemləri ilə təchiz edilmiş və obyekt su, qaz, işıq, rabitə xətləri ilə təmin edilib.

 

7news.Az

Xəbər lenti