Necəsiniz, qazlayterlər?

Necəsiniz, qazlayterlər?
Bir gənc rəssam tanıdığı bir memardan portretinin çəkilməsi ilə bağlı yüksək məbləğli sifariş alır. İlk yüksəkməbləğli sifarişini "yumaq” üçün rəssam bir kafeyə gedir. İçki içib, rahatladığı məqamda gözünə stolun üstündəki qəzet sataşır. Qəzetin ilk səhifəsində böyük hərflərlə "Çətin günlər gəlir” yazılan məqaləni görür. Rəssamı dərd götürür, təlaşlanır. Bu arada kafe sahibi gəlib, başqa bir sifarişinin olub-olmadığını soruşur. "Xeyr, hesabı gətirin, mən təcili getməliyəm”-deyən müştəridən kafe sahibi "Nəsə olub? Nədə yardımçı ola bilərəm”- soruşur. Rəssam isə "Çətin günlər gəlir. İndi vaxtımı və pulumu boşuna xərcləməyim. İşimin başına getməliyəm, məni üzürlü sayın”,  – deyir, pulu ödəyib, tələsik oranı tərk edir. Rəssam gedən kimi kafe sahibi "çətin günlər gəlir” sual-düşüncəsinə qapılır, düşündükcə təlaşlanır, qayğısı artır. Xanımına zəng edir və deyir: "Sevgilim, bu ay tədbir üçün sifariş verdiyin paltar birdəfəlik geyim üçün çox bahadır. Qəzetlər yazır ki, çətin günlər gəlir. Mümkünsə mağazaya zəng et və sifarişi ləğv et” 

Kafe sahibinin xanımı mağazaya zəng edir: "Yeni sifariş etdiyimiz geyimlə bağlı narahat edirəm. Yoldaşım zəng edərək dedi ki, çətin günlər gəlir. Ona görə geyimin sifarişindən imtina edirik, gərək izafi xərclərimizi azaldaq, üzürlü sayın”. 

Mağaza sahibi çox əsəbiləşir: "bunu eşitmək heç yaxşı olmadı, amma sizi də anlayıram”. Bu dəfə mağaza sahibi imkanlı xanımın dediyi xəbəri düşünür və düşündükcə narahat olur, həyəcanlanır. Mağazanın dizayner-memarına zəng edir. "Eşitdiyimə görə çətin günlər gəlir. Böhran dövründə mağazanı böyütmək uyğun zaman deyil. Hazırkı vəziyyətə görə bir az xərclərimi azaltmalıyam”. 

Dizayner-memar pərt olur, amma mağaza sahibinin sözlərini yaddan çıxarmır. Düşünür və hər düşündükcə həyəcan, təlaş artır. O, gənc rəssama zəng edir: "Qəzetlər yazır ki, çətin günlər gəlir. Sizə sifariş verdiyim portreti ləğv etmək istəyirəm. İndi portret çəkdirmək zamanı deyil”. Gənc rəssam gözləntilərinin doğrulduğunu və oxuduğu məqalənin həqiqət olduğunu anlayır. İlk ən böyük sifarişi əlindən çıxıb. O, bu dərdi yaddan çıxarmaq üçün yenə həmin kafeyə gedir və bir şüşə şərab sifariş verir. Stolun üstündə həmin bəd xəbəri yayan qəzeti götürür və məqaləni oxuyur. Məlum olur ki, bu xaricdə istehsal olunan hansısa filmin adı imiş. Qəzetçilər diqqət cəlb etmək üçün filmin adını başlığa çıxarıblar. 

Başlıq məsələsi sizə tanış gəlmədi ki, əziz oxucular? Eynilə bizdəki kimi deyil ki? Adi başlığın toplumun nisbətən irəlidə gedən fərdlərinə necə təsir etdiyini göstərən bir hekayədir. Birinin yanlışı özünə qayıdır. Dövrə qapanır, gərginlik, stress və itki başlanğıc nöqtəyə qayıdır. Dəryaya atılan daşın yaratdığı rezonans isə davam edir. Nəticə çıxarmağa isə tələsməyin. 

***

Müasir dünyada KİV, eləcə də sosial şəbəkələr kütləyə informasiyanın çatdırılması və müxtəlif formada yayılmasında müstəsna "günah” sahibidir. KİV ictimai şüura, kütlə psixologiyasına, insanların inancına və davranışına fərqli təsir edir, eləcə də siyasi, iqtisadi və sosial həyatına, eləcə də kütləvi psixozun yaranmasına və ya aradan qaldırılmasına, baxır informasiya necə çatdırılır. 

Sosioloqlara, psixoloqlara, eləcə də jurnalistlərə adı bədnam "Verter effekti” tanışdır. İ.H. Hötenin "Gənc Verterin iztirabları” əsərindən götürülüb. Bu yazı hazırlanarkən internetdə axtarış verib və Azərbaycan dilində axtarış sistemində bu haqda yetərli məlumatlar əldə etdik. Məlumat üçün deyək ki, (düşünmək də pis olmazdı) qeyd edilən effektin adının çox çəkilməsi belə "tətikləmənin” bir formasıdır. Məsələ bundadır ki, bu hadisəni yazan jurnalistlər həmin əsərdən elə sitatlar, elə fraqmentlər misal gətirirlər ki, normal düşüncəli insanda belə, pessimizm baş qaldırır. Nə isə...

Bu effekt kitab, televiziya  və ya digər KİV-də geniş şəkildə işıqlandırılan intihar hadisəsindən sonra kütləvi hal alan intiharlar dalğasından bəhs edir. 1974-1975-ci Kaliforniya Universitetində çalışan amerikan sosioloqu Devid Filips tərəfindən aşkar edilib. Onun 1947-1962-ci illər ərzində ABŞ-ın ayrı-ayrı ştatlarında apardığı araşdırma nəticəsində baş verən intiharlarla, həmin ştatların media orqanlarında yayımlanan məlumatlar arasında maraqlı uzlaşma tapıb. Psixoloq mətbuatda intiharlar barədə dərc olunan materialları əlaqələndirərək belə qənaətə gəlir ki, baş verən istənilən intihar hadisəsi və ya seriyası mediada yayımlandıqca intihar kütləviləşir. Yəni, media nə qədər çox dramatikləşdirirsə, yazmağa mövzu daha çox olur, yeni-yeni qurbanlar gəlir. Sübut olduqca sadədir: baş verən hadisələrdən hansına diqqət daha çox ayrılırsa, hansı özünəqəsd daha dramatik və ya romantik, detallı təsvir olunursa, ondan sonra baş verən hadisələr ya yaxın ərazidə, ya da eyni ssenari, metodla baş verir. Filips intihar hadisəsi ictimailəşdirilmiş şəxslə onun ardınca intihar etmiş şəxslərin situasiyaları arasındakı bənzərlikləri araşdırmışdır 
Mütəxəssislər hesab edirlər ki, məsələ tək özünəqəsddən getmir. Porno, açıq-saçıq mövzular, narkotik aludəçiliyi, başqa kriminal hadisələrin detallı təsviri də anoloji prosesi tətikləyir. Hətta mətbuat, tutaq ki, narkomaniyaya qarşı təbliğat kampaniyasına qoşulub, bu mövzuda davamlı yazılar dərc edib, TV verilişlər yayırsa belə, əks effekt alınır. Məşhur bir lətifədə deyildiyi kimi. Bir gün dərya qırağı ilə yol gedən iki yoldaş bir nəfərin suda batdığını görüb özlərini dərhal dəryaya atırlar. Batan adamı güclə sudan çıxarıb, ilk tibbi yardımla özünə gətirər-gətirməz, yoldaşlardan biri xilas etdikləri insanı çiyninə alıb yenidən dəryaya atır. O biri yoldaş az qala dəlicəsinə qışqırıb bu hərəkətin səbəbini soruşur. Xilaskar "qəhrəman” izah edir: Nənəm həmişə deyərdi ki, yaxşılıq elə, dəryaya at. Mətbuatın bu xeyirxahlığı təxminən yaxşılıq edib, yenidən dəryaya atmaq kimi də yozula bilər. Aparılan əks təbliğat da bəzən kütlə üçün tətikləyici faktora çevrilir. 

Bu yazıda nə metod, nə anti-metodlardan danışmayacağıq. Psixoloqlar, neyroloqlar, NLP ustadları, fərdi inkişaf təlimlərindən məlumatlı olanlar, kitab açıb oxuyanlar bilirlər ki, bəşər övladının 0,06%-i gün ərzində beyinlərində müxtəlif səbəblərdən bu səfeh qərarla "güləşməkdədir”. Yəni bu insanların həyat prinsipi bu qədər bəsit və mənasız "getmək” arzusundadır. O səbəbdən hətta mediada, sosial şəbəkələrdə "intihar” sözü belə, bu insanlar üçün tətikləyici "düymə” funksiyasındadır. (Çalışacağıq ki, bu idbar sözdən də yazı boyu boşuna istifadə etməyək- müəl.). Amma qeyd edilən könüllü "gedişə” birbaşa təsiri olan media və sosial şəbəkələrin "günahından” danışacağıq. Beləliklə, əminliklə söylənilir ki, medianın İP və ya hadisəyə ilk və daha tez reaksiya verməsi həvəsi, xüsusən də qan, terror, bədbəxt hadisə, tanınmış insanın özünəqsədi halının daha qabarıq verilməsi izləyicilərə, xüsusən də suisidal yönlü "xəstə”lərə birbaşa və neqativ təsirin birinci amilidir. Təkrar edirik: medianın bu hadisələri geniş, detallı işıqlandırması... 

1985 və 1987-ci illərdə dörd müxtəlif millətdən olan alim ayrı-ayrılıqda araşdırma apararaq bu qənaətə gəliblər ki, içində özünəqəsd, suisid kadrları olan filmlərə kütləvi baxışdan sonra xəstəxanalarda özünə uğursuz qəsd edənlərin sayı artır. Uğursuz özünəqəsdçilərlə müsahibələr zamanı onlar etiraf ediblər ki, qeyd edilən suisid-filmə baxıblar. Ölkənin və filmin adını çəkmədən (məxfiliyin səbəbi yazı boyu izah olunacaq-müəl.) bir faktı da deyim ki, həmin ölkədə nümayiş olunan filmdə özünü qatar altına atan qəhrəmanın acınacaqlı həyatı gənclərə və yeniyetmələrə neqativ təsirini çox gözlətməyib. Filmin nümayişindən sonra aparılan 70 günlük müşahidə zamanı özünəqəsd edənlərin sayının 10 dəfə artdığı qeydə alınıb. Bəs, özünəqəsd metod olaraq nə seçilib? Təbii ki, özünü qatar altına atmaq. Başqa bir ölkədə yayımlanan köpük seriallında istifadə olunan özünəqəsd metodu - həblərin aşırı qəbulu göstərilib. Araşdırma nəticəsində məlum olub ki, həmin il özünəqsəd statistikasından məhz bu metod ilk sırada olub. 49 hadisə! 

***

Amerikada sonuncu prezident seçkiləri təzə yekunlaşmış, Avropa mətbuatı seçkilərə Rusiya müdaxiləsindən təzə-təzə yazmağa başlamışdı. Yanlış xatırlamıramsa, ötən ilin ilk ayları idi. Həmin ərəfədə Almaniyanın "Şpigel” qəzetində "Güzgülü kabinet: FTB-nin araşdırması Trampa təsir edəcəkmi?” məqaləsinə rast gəldim. O vaxt prosesə başqa prizmadan baxırdıq,  yəni "ola bilməz” "bu qədər də yox” düşüncəsi hakim idi. 

Məqalə Tramp bu cür manipulyasiyaların masteridir (ustası effektli alınmır), yalan danışmağı bacarır, yönləndirir ki, bütün oriyentirləşmə bacarıqları əldən çıxsın və s. və i. ibarələrilə dolu idi. Faktlar sadalanır və yekunda bir psixoloji effektə toxunulurdu. Etiraf edim ki, ilk dəfə idi rastlaşırdım. Həmin sözü götürdüm, axtarış verib bir az ətraflı tanış oldum və uzun zaman bu effektlə bağlı Azərbaycan mediasında, sosial şəbəkələrdə müşahidə apardım. İndi qeyd etdiyim məqalə kimin üçünsə maraqlıdırsa başlığı axtarışa verib, tapıb oxuya bilər, buna toxunmayacağıq. Amma həmin terminlə tanış etmək istərdim, çünki mövzunun bizə birbaşa aidiyyatı var. 

Qazlaytinq 

Taleyin istehzasından bizim "qazlaşdırma” sözünə oxşayır. Elə mahiyyətcə də oxşardır. Amma bir balaca izahata və korrektəyə ehtiyac var deyib, bundan başlayaq.   
Yəqin ki, kinomanlar xatırlayarlar İnqrid Berqmana ilk Oskarı qazandıran "Qaz işığı” filmini. 1944-cü ilin trillerində Berqman qatil-ərinin psixoloji təzyiqlərinə məruz qalan qadın rolunu oynayır. Ərin məqsədi xanımına yalan, böhtan və  aldatma yolu ilə psixoloji təsir edib, belə deyək "sakit” qətlə yetirməkdir. Məhz bu film sonradan qazlaytinq deyilən psixoloji effektin araşdırılıb ortaya çıxarılmasına vəsilə olub. Yəni  metodun adını filmin adındna götürüblər: "Qaz işığı” ingiliscə "Gaslight” deməkdir. Əgər mütəxəssislərdən kimsə ifadənin daha uyğun variantını təklif edərsə, məmnun olaram. 

Nədir qazlyatinq? Bu prosesin necə baş verdiyini anlamaq üçün bu halları göz önünə gətirin. Misal üçün, evin xanımı (və ya həyat yoldaşı) atdığı istənilən addımda yoldaşını (və ya xanımını) günahlandırır: "bunu sən dedin”, "sənin fikrinlə aldıq”, "sən apardın”, sən gətirmədin və s. Xanım (cənab) bununla sakitləşmir. Əsəbiləşir, səsini qaldırır, evin kişisi ailədə problem yaranmaması üçün bütün variantlara əl atır. Bu xanım tərəfindən həyat yoldaşına qarşı qazlaytinqdir. Övladların hər hansı ideyasına qarşı valideynlərin təpkisini götürün. "Bunu hardan öyrənmisən?”, "kim səni yoldan çıxardıb”, "sənin yaşında biz onu edirdik, bunu edirdik”, "fərsizsən, bacarıqsızsan” və s. Bu isə analoji olaraq valideynin övladına qazlaytinqidir. Başqa bir misal, həyat yoldaşı (qazlayter, manipulyator) öz xanımına deyir: xatırlayırsan, keçən dəfə də bu hadisəyə görə özündən çıxmışdın. Xanım cavab verir: "Elə şey olmayıb axı”. Kişi əl çəkmir, təkrarlayır və hətta uydurma faktlar gətirir. Xanımda şübhə yaranır. Bəlkə doğrudan da olub? 

Bir sözlə, bir nəfərin başqaları (fərdi olaraq) üzərində psixoloji basqı ilə özünə əminliyi öldürmək, adekvatlığı aşağı salmaq, inamı itirmək və hətta psixoloji hədəqədən çıxardıb dəli etmək, intihara sürükləmək məqsədi ilə edilən texnikalar toplusudur. İfadəni ilk dəfə psixiatr Ronald Leynq işlədib. 

Qazlaytinqin əsas texnikası olan Zersetzungu (paslanma, çürümə) alman xüsusi xidmət orqanları "Ştazi” tətbiq edib. Obyekti ruhdan salma, mənəviyyatını aşağılamaq üçün şəxsi həyatı da daxil olmaqla, bütün işlərində böyük miqyaslı təzyiqdən yararlanırmışlar. Məsələn, "obyekt”in evində əşyaların qəfil itməsi, sonradan yenidən peyda olması, ev telefonuna zəng edib tanınmayan bir nəfərin davamlı çağırılması, küçədə naməlum insanların yaxınlaşıb dostcasına salamlaşması, əvvəl oturduqları kafedə nahara dəvət edilməsi və s. Bu məqamda obyektin cərəyan edən hadisələrlə bağlı baş sındırması adi yəqin ki, çox zəif sözdür. Etiraf edək ki, belə yaddaşsızlığa, müəmmalara görə əsəblərin pozulmaması mümkün deyil. Bu vəziyyətdən sonra şantaj və kompromat hücumu başlanır. Yekun? Özünəqəsd!

Ümumiləşdirsək, söhbət ustalıqla beyin yuyulmasından gedir ki, yekunda qurban reallıq hissi ilə xülyaları ayırd edə bilmir. Nəzərə alaq ki, bu siyasi və dini missioner təşkilatların kütlə üçün beyin yuması, təbliğat işinin sürətli aparılması deyil. Nə təəssüf ki, daha təhlükəlidir. Amma konkret hədəfə hesablanmış dağıdıcı metoddur. 

Terminlərlə dolu bu informasiya yağışında itib-batanhörmətli oxucu üçün son olaraq əlamətləri də sadalayaq ki, qaranlıq məqam qalmasın. Yadda saxlayaq:

-        Qazlayterlər "qurban” üçün dəyərli olanı ona qarşı silah kimi işlədirlər. (Uşaqlar, analıq hissi, qohumcanlılıq, xeyirxahlıq, yaxınların hədiyyəsi və s. )

-        Onlar bilirlər ki, şübhə insanı zəiflədir. Buna görə "qurbanı” məqsədli əldən salırlar

-        Yersiz, davamlı ittiham edirlər. 

-        İnsanları qurbana qarşı qaldırırlar, gözdən salırlar, psixi xəstə olduğunu iddia edir və hamıya bəyan edirlər

-        Hərəkətləri sözləri ilə üst-üstə düşmür

-        Qəfil tərifləməyə başlayırlar ki, şübhə yaratmasınlar

-        Ətrafda hamının yalan danışdığını davamlı iddia edirlər. Hədəfə götürülmüş qurban əks arqument ortaya qoyanda dediklərini təkzib edirlər. Bu da bir formadır ki, yaddaşı itib. 

Belə halla rastlaşmısınız? Elədirsə, real qazlayterlə yaşayırsınız... 

***

Siz evlərdə potensial qurbanlar yetişdirirsiniz

Daha bir məqam. 1984- 1987- illər arası Avstriyada mətbuatda davamlı olaraq insanların metro qatarının altına atılmaqla özünəqəsd etdikləri haqda məlumat yayırlar. Xəbərlər fərqli və dramtik idi. 1987-ci ildə bu xəbərlərin insanlara təsirini müəyyən etdikdən sonra yeni strategiya - daha doğrusu, xəbərlərin çatdırılması strategiyası hazırlanır. Bu kampaniya başlayandan sonra metroda intihar halları 80% azalır. Bu araşdırmalarda gəlinən nəticə nə idi? Tək-tək intihar hadisələri haqda xəbərlər artdığında, tək ölüm hadisəsi detallarına qədər veriləndə və ya təkrar-təkrar mətbuatda paylaşılanda, tək intihar hadisəsi ilə bağlı xəbər qəzetlərin xəbər başlığında və ya TV kanallarında ilk xəbər (manşet) məlumatı olduqda, intihar xəbəri ilə bağlı dramatik başlıqlarla manşetlərə çıxarıldıqda tamaşaçılar və oxucular arasında intihar halları artır. 

Medianın ziyanlı təsirini azaltmaq üçün ABŞ-da 2007-ci ildə özünəqəsd hadisələrini yayan KİV üçün xüsusi təlimatlar hazırlanıb. Kolumbiya Universitetindən Madlen Quld, Pensilvaniya Universitetindən Patrika Camieson və Daniela Romeranın həftəlik "American Behavioral Scientist” jurnalında çıxan yazıları bu haqdadır.  

Təlimatlarda nə deyilir? İki səhifəlik təlimatlar 3 hissəyə ayrılır: 

-        özünəqəsd haqda məlumatlar verilərkən nədən ehtiyat etməli?

-        Bu haqda ümumiyyətlə necə məlumat verməli?

-        Hansı sözlərdən istifadə etməməli?

İzah edək: 

-        bu qaydalara tabe olan ölkələrdə suisid haqda məlumatın qəzetlərin ilk səhifəsində vermək olmaz.  

-        Özünəqəsd haqda "problemlərdən ən ağıllı yolla yaxa qurtarmaq” formilirovkası vermək olmaz!!! 

-        Qəhrəman tipi yaratmaq, hadisəyə romantik obraz vermək olmaz!!! 

-        Və ümumiyyətlə, əlavə emosiya və ətraflı təsvirlə hadisəni paylaşmaq olmaz!!!  

-        Və hətta günahkar axtarmaq, ətrafdakıların ah-zarı, sentimental xatirələr də işıqlandırılmamalıdır. Onsuz da ətraflı araşdırmalar nəticəsində bəlli olur ki, suisidin səbəbi kompleks faktorlardır, bunu bir nəfərin üstünə atmaq yanlışdır.

Razılaşarsınız ki, tək "kimlər intihara meyillidir?” sualını verib, ona mütəxəssislər tərəfindən cavab alıb yazan media təmsilçisində deyil, eləcə də ona cavab verən psixoloqda da ciddi qeyri-peşəkarlıq əlamətləri var. Hələ yetərli qədər yumşaq dedim.   

İndi Azərbaycan mediasını və sosial şəbəkələrin Azərbaycan seqmentini düşünün. Elə bir gün olurmu ki, kişi arvadını baltaladı, oğul atanı bıçaqladı, dost dostun qulağını dişlədi, göyərçin uçurduğu üçün məhəllə uşağı tərəfindən güllələndi, asıldı, kəsildi, basdırıldı, dözmədi, özünü öldürdü xəbərlərini oxumayaq? Elə bir məqalə varmı ki, başlıqda qeyd olunan idbar sözlərdən istifadə olunmasın? Elə biz özümüz, özünəqəsd hadisələrində nə çox nə ilə maraqlanırıq? Detallar! "Necə, harada və kim? Kimdir günahkar? Yaxınları nə edəcək? Axırımız necə olacaq?” sualları kimi düşündürmür? Elə isə söhbətimizin əvvəlində qeyd etdiyimiz qazlaytinq mövzusunu bir daha oxuyun. Bu, bizim haqqımızda deyil? Sonuncu Narkoloji Mərkəzdə baş verən faciəni xatırlayın. Sosial şəbəkələrdə elə fotolar paylaşılırdı ki, facebook özü o fotoları zorakılıq, qan və qəsdin təbliği olduğu üçün avtomatik silirdi. İnsan haqlarından dayanmadan danışanlar orada həlak olanların adlarının açıqlanmasını tələb edirdilər. Təsəvvür edirsiniz? Anonim müalicə olunan insanların adlarının açıqlanması istənilir. Evində 4 uşağının başsız qaldığını deyib, vay-şivən qoparanlar həmin faciə qurbanlarının dəhşətli fotolarını paylaşırdılar. Bəs o həlak olanın ailəsi? Bir sözlə, qazlayterləri uzaqda axtarmayın. Real qazlayterlərik ki, sosial şəbəkələrdə qurbanlarımızı "like”lara peşkəş edə-edə gedirik...

Bunu da qəbul edək. Bir araşdırmada genetik olaraq qəbul edilən major depressiya vəziyyətləri incələnib. Bu durumda olan ailə üzvlərinin MRT incələmələri nəticəsində bəlli olub ki, bu insanların beyinlərinin sağ tərəfindəki kontekstdə 28% -də "boz ərazilər” (incəlik, zəif nöqtə) qeydə alınıb. Araşdırma nəticəsində o da bəlli olub ki, ailə üzvlərindən birində depressiyada olan insanın övladlarında beyin fərqliliyi qeydə alınır. Bu incəlik isə sosial əlumatların qəbul edilməsini çətinləşdirdiyini, dolayısı ilə hər cür ünsiyyətdə axsamalar yaratdığını, depressiyaya meylləndiyini və gələcəkdə özünəqəsdə yol açdığına işarə vurulur. Sadə dillə desək, bu halın müşahidə olunduğu evlərdə potensial özünəqəsdçilər yetişdirilir. 

*** 

İngiltərənin "Nature Communications” dərgisində bir məqalədə qeyd olunub ki, elm adamları biri intihara meyilli, digəri isə normal həyat yaşayan olmaqla iki qrup arasında təcrübə aparıblar. Hər iki qrupda olanların beyin aktivitələrini ölçmək istəyən araşdırmaçılar bu qrupdakı insanlara "təhqir, pislik” və "tərif”sayaq 30-a yaxın kəlmə istifadə edərək beyin aktivitələrini izləyiblər. Bu sınaqlardan alınan nəticələri və yaratdıqları alqoritmlə birləşdirərək bir proqram yaradıblar. Araşdırmaçılar kəşf ediblər ki, bu proqramlar intihara meyilli insanların 91%-ni müəyyən edə bilir. Bu proqramlar bir insanın öncədən özünəqəsdə cəhd edib-etmədiyini 94% dəqiqəliklə müəyyən edir. Konkret deyək ki, 17 intihara meyilli, 17-i normal olan insanlar üzərində 34 sınaq aparılıb. Məlum sözlər istifadə edilmiş və MRİ (maqnit rezonans) sistemi ilə müşahidə aparmışlar. 

Məlum olur ki, insan beyni neyronları fərqli mövzular üçün fərqli xəyal izi istifadə edir. Misal üçün, neyronlar "çəkic” kəlməsi üçün bir xəyal yaratdığında, "köpək” kəlməsi üçün tamam fərqli xəyal cızır. Araşdırmaçılar bu araşdırmalar arasında 30-a yaxın kəlmənin "ölüm”, "sıxıntı”, "çarəsiz”, "yaxşı”, tərif”, "optimizm” insan beynində iz buraxdığını fərqində olmuşlar. Bu nəticədən irəli gələrək öz-özünə öyrənən bir alqoritmi bir proqrama yükləyərək hər sınağın nəticələrini proqrama yükləyiblər. Daha sonra proqramı çalışdıran araşdırmaçılar proqramın verilən hər bir kəlmə üçün çıxarılan izlərin hansı qrupa aid olduğunu fərq edə bildiyini öyrənirlər. Sonda isə proqrama sınaqda olan insanın məlumatları yüklənir. Yekunda proqram həmin insanın hansı qrupa aid olduğunu 94% dəqiqliklə deyir. Bu isə həmin insanların əvvəl intihara cəhd edib-etməməsini müəyyən etməyə yardımçı olub. Belə çıxır ki, gələcəkdə belə addım atıb-atmayacağını da bəlli etmək mümkündür. Bu bir tərəfi. 

Söhbət təsirli sözlərdən düşmüşkən 

"Bəs mediada bu hadisələr necə təsvir olunsun?” sualına cavab tapmaq üçün əvvəlcə hansı sözlərdən istifadə etmək olmaz” yasağına diqqət yetirək. Amerikalı ekspertlərin media üçün tövsiyələrində deyilir ki, suisid, özünəqəsd sözlərindən xəbər başlığında istifadə etmək olmaz. Bu, ilkin şərtdir. Bundan başqa, özünə qəsd edən şəxs haqqında "özünü öldürən”, "özünəqəsd edən” sözlərindən istifadə məsləhət görülmür. Əvəzində "özünəqəsd nəticəsində ölən” ifadəsi işlədilməsi məqsədəuyğun sayılır. Nəhayət, "bu aktı uğurla başa çatdıran”, "başa çatdırmaq mümkün olmayıb”, "uğursuz cəhd” sözlərindən də istifadə edilməməlidir, əvəzində " özünə qəsd nəticəsində ölüm”, "ölümlə bitməyən özünəqəsdə cəhd” ifadələri təklif edilir. Ola bilər ki, bu deyilənləri adi söz oyunu kimi qəbul edəsiniz. Bu fikirdəsinizsə, yanılırsınız. Tanınmış NLP ustadı Babək Bayramovun sözün təsiri haqda məşhur bir məqaləsindən bəzi qeydləri xatırlatmaq istərdik. 

"Sizə "Yaşıl dovşanı düşünməyin” desəm, bacararsınızmı? Əlbəttə, mümkün deyil. Beynimizin informasiyanı qavrama şəkli bu cür işləmir çünki. Aparılan bütün sorğular, araşdırmalar, eləcə də mənim şəxsi təcrübələrim göstərir ki, insanların çox az bir hissəsi nə istədiklərini bilirlər. Əksəriyyət nə istədiyindən çox, nə istəmədiyini bilir. "Bu, bu problemlərimin olmamasını istəyirəm, başqa heç nə istəmirəm, sadəcə, canımın bu problemlərdən qurtarmasını istəyirəm, pis vəziyyətdəyəm, çıxmaq istəyirəm” və s. kimi ifadələr tanış gəlirmi sizə? Bəli, insanların çoxu nə istəmədiyini gözəl bilir və bununla da beyinlərini nə istədiklərinə deyil, nə istəmədiklərinə kökləyirlər. Nəticədə nə baş verir? Onlar "yaşıl dovşanı” daim düşünürlər və istəmədikləri həyatı yaşayırlar”.

Hər bir neqativ ifadənin pozitiv forması da var. Məsələn, "Bu iş mənə narahatlıq verir və çətindir” cümləsini pozitiv şəkildə belə ifadə edə bilərik: "Bu iş mənim üçün rahat və asan deyil”. Bunlar təxminən eyni mənalı cümlələrdir, lakin sinir sistemimizə göndərdiyi siqnallar fərqlidir. Hər bir sözün duyğu yükü var, beynimiz kəlmələri qavrayarkən, bədənimiz bu kəlmələrin yükləndiyi duyğuların təsiri altına düşürlər.

Yapon alimi Emoto su molekulları üzərində apardığı təcrübələrlə bütün dünyaya sübut elədi ki, materiya duyğu enerjisinin təsirinə məruz qalır. O, neqativ və pozitiv sözlər yazılmış kağızları su butulkalarının üzərinə yapışdıraraq, onları dondurdu və nəticə heyrətverici oldu. Üzərində pozitiv sözlər yazılmış su molekulları daha parlaq və estetik idi, sanki "çiçək açmışdı”. Neqativ sözlər yazılan su molekulları isə bunun tam əksini göstərirdi. O, eyni təcrübəni düyü üzərində apardıqda, neqativ sözlərin təsirinə məruz qalan düyü tez xarab oldu. 

Bir sözlə, mediada intihar xəbərlərinin çox işıqlandırılması təkcə insanları məlumatlandırmağa xidmət etmir, bu, eyni zamanda intiharla bağlı şüuraltı düşüncə formalaşdırır. "İntihar xəbərlərinin yeri gəldi-gəlmədi işıqlandırılması, mətbuatda və sosial şəbəkələrdə verilməsi əlbəttə, insan psixologiyasına təsir göstərir. Hətta psixologiyada buna şüuraltı infeksiyanın yaranması və artması deyirlər”. (müəlliflərin kimliyini unutmuşam, haqlarını halal etsinlər) 

Ehtiyatlı olaq

-        İntihar hadisəsinin şəkilləri və hadisənin necə baş verməsi haqda detallı təsvir yoluxucu intihar və ya təqlid intiharını sürətləndirir. 

-        Araşdırmalar, suiqəsdi qəhrəmanlıq və romantik bir məna verərək yaymaq, öz həyatlarına qıyanların ideallaşdırmaq, özlərini və başqalarını intihar qurbanları ilə eynişləşdirmək intihara açıq təşfiqdir. 

-        İntihar xəbərlərini mediadan öyrənmək həssas insanları tətikləyir. 

-        Araşdırmalarda intihar yerinin, məhələnin adının ayrıntılarla və  fotolarla verilməsi eyni qəbildəndir. 

-        İntiharı fərqli yönlərdən və uğurlu insanların sirli hərəkəti kimi anlatmaq intihar qurbanları ilə eynişləşdirmə aparmaq təhlükəli siqnaldır. 

-        "Filan xəstəliyi olan, filan iradəsizliyi göstərən, filan situasiyada olan insanlarda buna meyl var” ifadəsindən istifadə edilməz. 

-        İntihar hallarının yüksəlişdə olduğunu demək olmaz. 

-        İntihar epidemiyası gözlənilməyən və real artıma səbəb ola bilir. 

-        Əgər hadisə ictimaiyyətin gözü qarşısında baş verməyibsə, xəbəri materialın içində vermək məsləhətdir. 

-        Özünəqəsd etdiyi beynəlxalq miqyasda xəbər olacaq insanların ölümünü çox şişirtməyə, səbəbi yazmağa ehtiyac yoxdur. Mütəxəssislər deyirlər ki, bu hal daha çox təsirlidir. "Menrlin Monro 36 yaşında özünə qıydı”, "Con Smitin hələ 48 yaşı var idi”, artıq deprasiya və təhlükəyə işarədir. 
 
Və bir də...

... İntihar hadisəsi xəbər mətinlərində sensasion bir dillə axtarılırsa… 

... İntihar bir zəfər, intiqam və ya topluma, qurumlara qarşı meydan oxunuşu kimi çərçivələnirsə…

... İntihar qurtuluşa gedən bir yol kimi müqədəssləşirsə 

... İntihar xəbəri oxunarkən daha çox detallara, dramatikliyə və yaxınların açıqlamalarına, romantizmə yer verilirsə. 

... Və çağdaş medianın aparıcı qüvvəsi olan sosial şəbəkələrdə təkrar-təkrar paylaşılır, üzərinə yeni və fərqli əlavələr edilərək yayılırsa, intiharı hal-hazırda yaşadığı oxşar məsələlərə qarşı çarə kimi görünən insanlar üzərində tətikləyici rol oynayacaq. 

Sadəcə bu ehtimal belə intihar xəbərlərini yayıma hazırlayan və paylaşan hər kəsin üzərinə məsuliyyəti anlamalı və diqqətlə düşünməlidir. Özəlliklə o hala meyilli və həssas insanların mövcudluğu ehtimal olunan ölkədə.  "Halallıq istəyənlərə məzardakı xanımdan istəyin” başlığı çox şey deyir. 

Xəbərlər hazırlanarkən və paylaşılarkən diqqətli olmaq lazımdır. Sosial mediyada "like”, web2.0 mediasında olanlar isə İP axtarışından çox məsuliyyəti və insan talelərini düşünməlidirlər. Nəzərə alın ki, intihar ictimai sağlıq məsələsidir, hüquqi günah deyil. 

Yeri gəlmişkən bu məsələdə dindən misal gətirmək, günah olduğunu demək, hədis və digər arqumentləri sadalamaq da qıcıq yaradır. Hər cür əqidəli, düşüncəli və inamlı insanlar var. Bunu da yadda saxlayaq. 

Eyni şey sosial mediada intiharı şişirdən, tərifləyən və hiddət və ya aşırı duyğusal notlarla  paylaşan istifadəçilərə də aiddir. Acıdır, düşündürcüdür, belə qorxulu situasiyada daha çox məsuliyyət lazımdır. Bu halların səbəbkarı deyil, önləyəni olaq...

Sonda...

Şəxsi düşüncəmə görə yuxarıda qeyd etdiyimiz medianın və sosial şəbəkələrin qazlayitnqliyi, "kişi arvadının başını kəsdi” materialların yayılması, paylanması terror fəaliyyətilə eynidir. Suisidal mövzulu yazılar yazmaq, bilmədən təşviq etmək, qarşısını almaqdansa, təbliğ etmək insanlığa qarşı yönəlmiş fəaliyyətdir. Bu cür fəaliyyətə görə sərt qərarlar olmalıdır. 

Məhz bu məqamda söz azadlığı, özünü ifadə azadlığından söhbət gedə bilməz. Özünüz düşünün: uşaq öldürməyə, hamilə qadını qətlə yetirməyə çağırış, insanların kütləvi zəhərləməyə təşfiq, azyaşlıların zorlanmasından həzz alınmasının ifadəsini özündə əks etdirən yazı və paylaşım görərsinizsə, reaksiyanız nə olar? Suisid metodların göstərilməsi, hadisənin detallı təsviri də oxşar situasiyadır. Axı, bu yazıları azyaşlılar, yeniyetmələr də oxuyur. Bunlar ki, hərəkətə çağırışdır. Axı, senzura yoxdur. Yeniyetmənin daxili müqaviməti o həddə qədər bərkiməyib ki, situasiyaya başqa prizmadan baxa bilsin.   

Viktor Frankl  "İnsanın Anlam Arayışı’’ adlı möhtəşəm əsərində həyatın mənasını çox gözəl şəkildə ifadə edib. Frankl, 2-cü Dünya Mühribəsində Polşada Auschwitz adlı Alman əsir düşərgəsində 4 il dustaq olub. Bu düşərgədə əzab-əziyyət içində qıvrılan insalara "Niyə intihar etmirsiniz” sualını verir və bu cavablar əsasında özünün gələcəkdə yaradacaq psixoterapiya yanaşmasının təməl prinsiplərini yaradır. 

Franklın düşərgədə yaşadıqlarını qələmə almaq istəyi, onu ayaqda və həyatda tutan səbəb olur. Kiçik kağızlara qeydlər aparan Frankl bədəninin dirəniş qazandığına, kardiovaskülar çöküşün önləndiyinə inanırdı. O sonrada loqopediya elminin əsasını qoyur və uzun müddət insanlara xidmət göstərir. Frankl yazır ki, "Həyatında hiçbir məna, məqsəd, hədəf görməyən və bu səbəblə yaşamağı mənasız olan insanın vay halına” (Viktor Frankl, ’’İnsanın Anlam Arayışı’’ 1998, s. 78). 
Bəli, olmazın əziyyətini görən, o dünyanı görüb qayıdan insanlar niyə intihar etmirdilər? Bu sualı depresiyada olan dostlarınıza, tanışlarınıza verin. 

***

Bir gün Əbdülqasım meşədə gedirmiş. Kəndçisi Feyzullanı belinə ip bağlanıb, ağacdan asılı vəziyyətdə görür. 

– Neyləyirsən, Feyzulla? 

– İntihar edirəm

– Səfehləmə, bildiyim qədərilə intihar etmək üçün ipi boğaza keçirirlər. 

– Cəhd elədim, lənətə gəlmiş, az qala boğulacaqdım. 

Gəlin bir layihə reallaşdıraq

Google-un Azərbaycan axtarış seqmentində "Verter effekti” haqda məlumatların çoxluğunu qeyd etdim. Amma əks effektlərdən biri olan "Papaqeno effekti” haqda məqalə nədir, heç statusa, şərhə də rast gəlmədim. Motsartın "Sehirli fleyta” operasınn baş qəhrəmanının adı ilə adlandırılan bu effekt haqda nə qədər məlumatlıyıq? Bu effekt haqda yazmırıq. Əvəzində təklif veririk. İdeya bizdən, yerinə yetirmək sizlərdən. Gəlin belə bir aksiya keçirək. Bu məqaləni oxuyan istənilən sosial mövzularda qəlimi olan bir jurnalist "Papaqeno effekti” haqda yazı hazırlasın. Bu mövzunu işləyib hazırlayan həmkarlarımızdan biri də yekunda pozitiv yüklü başqa bir efffekti ortaya çıxarsın və digər həmkarımıza pas ötürsün. Beləcə bizim də bir köməyimiz dəysin./kaspi.az
 
7News.az

Xəbər lenti