Netanyahunun Bakı səfəri Azərbaycana müsbət dividentlər gətirəcək - Azər Verdiyev

Netanyahunun Bakı səfəri Azərbaycana müsbət dividentlər gətirəcək - Azər Verdiyev

Azər Verdiyev: "İsrail baş nazirinin Azərbaycanı müsəlman ölkələrinə örnək gətirməsi sözün əsl mənasında ölkəmizdə olan multikultural dəyərin bariz nümunəsidir"

İsrail baş naziri Benyamin Netanyahunun Azərbaycana rəsmi səfəri başa çatsa da, lakin səfərin nəticələri, keçirilən görüşlər zamanı müzakirə edilən məsələlər, imzalanan sənədlər ətrafında hələ də fikir mübadiləsi davam edir. İstər Azərbaycan, istərsə də İsrail cəmiyyətində birmənalı olaraq formalaşan fikir ondan ibarətdir ki, İsrail baş nazir Benyamin Netanyahunun Azərbaycana səfəri Bakı-Təl Əviv münasibətlərinə yalnız və yalnız müsbət dividentlər gətirəcək və fayda verəcək. Ancaq Benyamin Netanyahunun Azərbaycan səfərindən nədənsə ciddi narahatçılıq keçirən dairələr də var. Xüsusilə, region ölkələrindən İran İslam Respublikası və işğalçı Ermənistan İsrail baş naziri Benyamin Netanyahunun Azərbaycana səfərindən narahat olduğunu ifadə edib. Hətta cənub qonşumuz bir qədər də irəli gedərək Azərbaycanı İsraillə əlaqələri inkişaf etdirməyinə görə ittiham edib. Tehran iddia edib ki, rəsmi Bakının Təl-Əvivlə əlaqələrinin inkişaf etdirilməsi dini aspektdən doğru deyil və Azərbaycan müsəlman təssübkeşliyini nəzərə almır. Ancaq bunun ardınca elə İranın kütləvi informasiya vasitələri məlumat yayırlar ki, yaxın günlərdə İslam Respublikasının prezidenti Həsən Ruhani işğalçı Ermənistana səfər edəcək. Hansı ki, Ermənistan müsəlman təssübkeşliyindən danışan İranın gözü qarşısında Azərbaycan ərazilərini işğala məruz qoyaraq minlərlə insanı qətlə yetirib, bir milyona yaxın soydaşımızın qaçqın və məcburi köçkünə çevrilməsinə səbəb olub. Bütün bunlar azmış kimi erməni vandalları Azərbaycanın işğal edilmiş ərazilərindəki məscid və digər dini ibadət yerlərini murdarlayıb, həmin məkanları donuz tövləsinə çevriiblər. Amma nədənsə bu olaylar baş verən zaman cənub qonşumuzda müsəlman təssübkeşliyi yada düşməyib. İndi isə İslam Respublikası Azərbaycanı İsraillə əlaqələr qurduğuna görə müsəlman təssübkeşliyi nümayiş etdirmədiyi iddiası ilə ittiham edir. Bəs görəsən bu kimi iddialar və ittihamlar nə dərəcədə obyektiv yanaşmanın təzahürüdür? Ümumiyyətlə, Azərbaycanı müsəlman təssübkeşlıyini qorumamaqda ittiham etmək ədalətsiz yanaşma deyilmi? Bu və ya digər suallarla Qlobal Araşdırmalar Liqası İctimai Birliyinin sədri Azər Verdiyevə müraciət etdik. "OLAYLAR"-a verdiyi müsahibədə Azər Verdiyev İsrailin baş naziri Benyamin Netanyahunun Azərbaycana səfərinin nəticələri və onun ikitərəfli münasibətlərə verəcəyi töhfələrdən də danışıb.

-Azər bəy, İsrailin baş naziri Benyamin Netanyahunun Azərbaycana səfəri və səfər zamanı Bakıda imzalanan sənədləri necə dəyərləndirərdiniz?

-Əvvəla onu qeyd edim ki, Azərbaycan son 10 ildə həyata keçirdiyi xarici siyasətlə sözün əsl mənasında master klass göstərir. İlham Əliyevin siyasi müdrikliyi birmənalı şəkildə ölkəmizi dünya arenasına sağlam şəkildə aparır. Israil baş naziri Benyamin Netanyahunun ölkəmizə səfəri bunu bir daha sübüt etmiş oldu. İqtisadi baxımdan isə bu səfər olduqca faydalıdır. Səfər çərçivəsində imzalanan sənədlər birmənalı şəkildə ölkəmiz üçün iqtisadi dividentlər verəcək.

-Təl-Əvivlə əlaqələr rəsmi Bakı üçün hansı müsbət dividentlər gətirəcək?

-İsrail Azərbaycana həm iqtisadi, həm siyasi, həm də hərbi sahədə ciddi dəstək verən ölkədir. Eyni zamanda Baş Nazir ölkəmizin iqtisadi inkişafının region üçün örnək olduğunu dedi. Yəni iqtisadi maraqlar qaşılıqlıdır. İsrail həm də bizim hərbi tərəfdaşımızdır. Bu da təbii ki düşmən ölkədə ciddi təlaş yaradıbdır. Siyasi baxımdan isə bizim münasibətlərimiz ən yüksək səviyyədədir. Bütün beynəlxalq tribunalarda İsrail Azərbaycan maraqlarını ciddi şəkildə müdafiə edir.

-Bəzi region ölkələrinin İsraillə əlaqələrə verdiyimiz dəyəri tənqid etməsi, bundan ehtiyatlanması, hətta Azərbaycanı müsəlman təssübkeşliyini qorumamaqda ittiham etməsi nə dərəcədə obyektiv yanaşmadır?

-Bilirsiniz bütün bunlar sadəcə olaraq qısqanclıq və qorxudan qaynaqlanır. Israil dünyanın güclü dövlətlərindən biridir. Bunu hər kəs bilir və qəbul edir. Belə bir dövlətin Azərbaycanı strateji tərəfdar hesab etməsi təbii ki bəzi dövlətləri ciddi şəkildə narahat etməkdədir. Lakin İsrail baş nazrinin Azərbaycanı müsəlman ölkələrinə örnək gətirməsi sözün əsl mənasında ölkəmizdə olan multikultural dəyərin bariz nümunıəsidir.

-Azərbaycan-İsrail əlaqələri Bakı-Ankara-Təl Əviv əməkdaşlığı üçün zəmin yarada bilərmi?

-Əibəttə yarada bilər. Azərbaycanın artıq üçüncü dövlət kimi iki dövlətin münasibətlərini nizama salmaq baxımından geniş təcrübəsi var. Bu mənada rəsmi Bakı Ankara-Təl Əviv münasibətlərində yeni səhifənin açılmasında uğurlu vasitəçi ola bilər.

7News.Az

Xəbər lenti