Parisdə Hökumətlərarası Komitənin 11-ci sessiyası keçirilir

Parisdə Hökumətlərarası Komitənin 11-ci sessiyası keçirilir

8-9 dekabrda Paris şəhərində YUNESKO-nun Baş Qərargahında Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması üzrə Hökumətlərarası Komitənin növbəti - 11-ci sessiyası keçirilir.

Sessiyada mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyevanın rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edir.

Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması haqqında 1954-cü il Haaqa Konvensiyasının ikinci Protokoluna qoşulmuş 12 üzv dövlətdən ibarət olan komitə ildə bir dəfə toplantı keçirir. Qeyd edək ki, Azərbaycan 2015-ci ildə 4 il müddətinə Komitəyə üzv seçilmişdir.

On birinci sessiyanın gündəliyinə "gücləndirilmiş mühafizə” statusu üçün təqdim edilmiş müraciətlərə baxılması, Silahlı Münaqişələr Zamanı Mədəni Mülkiyyətin Qorunması Fondundan beynəlxalq yardımın təqdim edilməsi məsələsi, təhlükə altında olan mədəni mülkiyyətə dair Mavi Qalxan (Blue Shield) təşkilatının hesabatının dinlənilməsi, fandreyzinq strategiyasının nəzərdən keçirilməsi kimi məsələlər daxildir.

Sessiya zamanı Komitə üzvləri YUNESKO ilə San-Remo Beynəlxalq Humanitar Hüquq İnstitutu tərəfindən birgə hazırlanmış "Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması üzrə Hərbi Bələdçi”nin hazırlanmasında göstərdiyi dəstəyə görə Azərbaycan tərəfinə təşəkkürlərini bildiriblər.

Qeyd etmək lazımdır ki, Ümumdünya İrs Siyahısına daxil edilmiş Qobustan Qoruğu və İçərişəhər Kompleksinə sözügedən Konvensiyanın ikinci Protokoluna əsasən "gücləndirilmiş mühafizə” statusu verilib./qafqazinfo

7news.Az

Xəbər lenti