Paşinyanın arvadını Qarabağa ona görə göndərdi ki... - İrəvandan TƏXRİBAT

Paşinyanın arvadını Qarabağa ona görə göndərdi ki... - İrəvandan TƏXRİBAT
Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Hakopyanın rusiyalı qadınlardan ibarət nümayəndə heyəti ilə Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə gəlişi və orada "sülh mesajları” verməsi Rusiyada da qıcıqla qarşılanıb.

Rusiya ekspertləri İrəvanın bu addımla Bakı və Moskvanın münasibətlərinə zərbə vurmaq istədiyini hesab edirlər.

Moskva Dövlət Universitetinin dünya siyasəti fakültəsinin beynəlxalq təhlükəsizlik kafedrasının dosenti, politoloq Aleksey Fenenko hesab edir ki, Paşinyanın öz həyat yoldaşını rusiyalı qadınlarla birgə Qarabağa göndərməsi yaxşı planlaşdırılmış təxribatdır.

"Paşinyan bu addımla hər şeydən əvvəl Rusiya və Azərbaycan münasibətlərinə zərbə vurmağa çalışır. Həmçinin elə mənzərə yaratmağa çalışır ki, guya Rusiya münaqişənin nizama salınması prosesini bloklayır. Bu təxribatdır. Lakin bu, Rusiya xarici siyasət kursuna uyğun deyil. Səfər edənlər arasında yazıçı Uliskayanın olması onu göstərir ki, bu məsələnin Rusiya hakimiyyətinə aidiyyəti yoxdur. Çünki Uliskaya Rusiya müxalifətində təmsil olunur. Doğrudur, orada Dövlət Dumasının beynəlxalq işlər komitəsi sədrinin birinci müavini Svetlana Jurovoy da var idi. Ermənistan bundan istifadə edərək, səfərin təşkilində Rusiyanı günahkar olaraq göstərməyə çalışır. Çünki Paşinyan istəmir ki, Rusiya və Azərbaycan münasibətləri yaxşı olsun. Lakin Jurovoyla bağlı Azərbaycan Xarici İşlər Nazirliyi Rusiya Xarici İşlər Nazirliyindən artıq izahat tələb edib”, - deyə o bildirib.

Fenenko qeyd edib ki, Paşinyan rusların Dağlıq Qarabağ münaqişəsi haqqında məlumatsızlığından da istifadə etdi: "Bu münaqişə Rusiya məktəblərində öyrədilmir, sadəcə Rusiya KİV-ində işıqlandırılır. Qarabağa gedən rusiyalı qadınların bu münaqişə ilə bağlı ətraflı məlumata malik olmadığını asanlıqla deyə bilərik. Beləliklə, Paşinyan "sülh” aksiyasından Bakı-Moskva münasibətlərini pozmaq üçün təxribat olaraq istifadə etdi. Lakin buna nail ola bilməyəcək”.

7News.Az

Xəbər lenti