Paytaxtda quldurluq – FOTO

Paytaxtda quldurluq – FOTO

Polis paytaxt sakinini bıçaqla hədələyərək mobil telefonunu alıb qaçan şəxsi hadisə yerindən bir neçə yüz metr kənarda saxlayıb.

Bu barədə 7news.Az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilir ki, polisin insanların təhlükəsizliyini etibarlı şəkildə qoruduğunu sübut edən hadisələrdən biri Nərimanov rayonu ərazisində baş verib. Paytaxt sakini Ülvi Cuvarlı Akademik H.Əliyev küçəsi ilə hərəkətdə olan zaman naməlum şəxs onun qarşısını kəsib bıçaqla hədələyərək "Samsung” markalı mobil telefonunu əlindən alıb. Zərərçəkən hadisə barədə yaxınlıqda xidmət aparan Nərimanov Rayon Mühafizə İdarəsinin əməkdaşlarına məlumat verən kimi quldurluq edən şəxsin "isti” izlərlə axtarışı həyata keçirilib.

Polis əməkdaşlarının çevikliyi sayəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən şəxs hadisə yerindən bir neçə yüz metr kənarda saxlanılaraq aidiyyəti üzrə Nərimanov RPİ-nin 16-cı PB-yə təhvil verilib. Bölmədə araşdırma aparılan zaman quldurluq etməkdə şübhəli bilinən şəxsin əvvəllər dəfələrlə məhkum olunmuş Seymur Osmanov olduğu müəyyən edilib. Onun cinayət yolu ilə etdiyi mobil telefon, həmçinin hadisə zamanı istifadə etdiyi bıçaq tapılaraq maddi sübut kimi götürülüb. Saxlanılan şəxs ifadəsi zamanı törətdiyi cinayəti etiraf edib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar aparılır. Polislər quldurluq etməkdə şübhəli bilinən bu şəxsin digər analoji cinayətlərdə iştirak etdiyini istisna etmirlər. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin "102” Zəng Mərkəzinə və ya ərazi üzrə polis idarəsinə müraciət edə bilərlər.

 

7news.Az

Xəbər lenti