Pekində Beynəlxalq Novruz günü münasibəti ilə mərasim təşkil edilib - FOTO

Pekində Beynəlxalq Novruz günü münasibəti ilə mərasim təşkil edilib - FOTO

Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) katibliyi Çinin paytaxtı Pekində 21 Mart – Beynəlxalq Novruz günü münasibəti ilə mərasim təşkil edib.

Azərbaycanın Çix xalq respublikasındakı səfirliyindən 7News.Az-a bildiriblər ki, ŞƏT-ə  üzv ölkələrin, habelə bu qurumda "Dialoq üzrə tərəfdaş” statusu ilə təmsil olunan Azərbaycanın iştirakı etdiyi tədbirə Çin rəsmiləri, Pekində diplomatik korpusun təmsilçiləri, Pekin ictimaiyyətinin nümayəndələri, ümumilikdə 400-dən çox qonaq qatılıb.

Şanxay Əməkdaşlıq Təşkilatının baş katibi Rəşid Alimov şimal yarımkürəsində yazın başlaması ilə eyni vaxta təsadüf edən Novruz bayramının bir neçə min ildir ki, böyük bir ərazidə bahar bayramı olaraq qeyd edildiyini bildirib.

Xoş gələcəyə inam arzusunu özündə ehtiva edən Novruzun dostluq, sülh, həmrəylik kimi ümumbəşəri dəyərləri nəsildən nəslə ötürdüyünü bildirən baş katib, BMT-nin qərarı ilə elan olunan Beynəlxalq Novruz Gününün insanları təbiət ilə harmoniyada yaşamağa, əməkdaşlığı, sivilizasiyalar və mədəniyyətlər arasında dialoqu möhkəmləndirməyə, təhlükəsiz və çiçəklənən gələcək yaratmağa səsləyir.

Mərasim ŞƏT-ə üzv ölkələrin musiqi kollektivlərinin və Azərbaycanın incəsənət ustalarının ifasında maraqlı konsert proqramı ilə davam edib.

Azərbaycanın Çindəki səfirliyinin təşkilatçılığı və Bakı Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə Pekində səfərdə olan gənc xanəndələr Hüseyn Məlikov, Nigar Şabanova, tarzən Kamal Nuriyev, kamança ifaçısı Ceyhun Muradovun təqdimatında muğamlarımız, xalq mahnılarımız səslənib.

Mərasim çərçivəsində iştirakçı ölkələrin milli mətbəxindən ibarət novruz süfrəsində Azərbaycan şirniyyatları, o cümlədən qoğal, şəkərbura, paxlava təqdim olunub.

 

7News.Az


Xəbər lenti