Polad Bülbüloğlu Rusiyada təltif edildi

Polad Bülbüloğlu Rusiyada təltif edildi
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu "Rus İfaçılıq Sənəti” Fondunun medalına layiq görülüb.

Bu barədə Rusiyanın əməkdar artisti, "Rus İfaçılıq Sənəti” İctimai Xeyriyyə Fondunun prezidenti Valeri Vorona açıqlama verib. Onun sözlərinə görə, təşkilatın yaranmasının 25 illiyinə həsr olunmuş yubiley medalı Polad Bülbüloğluna musiqi dünyasına verdiyi böyük töhfələrə görə verilib.

Mükafatlandırma mərasimi P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasında keçirilib. Tədbirdə çıxış edən V.Vorona, P.Bülbüloğlunun Rusiya və dünya incəsənətinə verdiyi əhəmiyyətli töhfələrdən danışıb.

"Polad Bülbüloğlu dünya musiqisinə böyük töhfələr verib. O, bu medala layiqdir”, - deyə V.Vorona bildirib.
Tədbirdə iştirak edən P.Bülbüloğlu da təşkilat rəhbərinə ona ünvanlanmış xoş sözlərə görə minnətdarlığını bildirib.

"Mən göstərilən qayğıya görə hamınıza minnətdaram. Məni bu yüksək qiymətə layiq bildiyiniz üçün hamınıza təşəkkür edirəm. Hamınıza yaradıcılıq uğurları arzulayıram”, - deyə P.Bülbüloğlu bildirib.
 
7news.Az

Xəbər lenti