Prezident ABŞ dövlət katibi müavininin müşavirini qəbul edib – YENİLƏNİB

Prezident ABŞ dövlət katibi müavininin müşavirini qəbul edib – YENİLƏNİB

Azərbaycan prezidenti İlham Əliyev ABŞ dövlət katibi müavininin müşaviri xanım Bricet Brinki qəbul edib.

7News.az-ın məlumatına görə, dövlət başçısı Azərbaycan ilə ABŞ arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini bildirib.

Azərbaycanın həyata keçirdiyi qlobal layihələrə toxunan prezident İlham Əliyev "Cənub Qaz Dəhlizi” layihəsinə ABŞ-ın verdiyi dəstəyin önəmini vurğulayıb. Dövlət başçısı ABŞ Dövlət katibi müavininin müşaviri Bricet Brinkin ölkəmizə səfərinin əlaqələrimizin perspektivləri ilə bağlı məsələlərin müzakirəsi üçün yaxşı imkan yaratdığını bildirib.

Bricet Brink ABŞ rəhbərliyinin "Cənub Qaz Dəhlizi” layihəsinə dəstək verdiyini vurğulayıb. O, ABŞ-ın ölkəmizin təhlükəsizlik sahəsində əməkdaşlığa, o cümlədən Əfqanıstandakı sülhməramlı əməliyyatlara verdiyi töhfəni yüksək qiymətləndirdiyini bildirib.

Görüşdə Azərbaycan ilə ABŞ arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə edilib, bu yaxınlarda istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmir yolunun önəmi qeyd olunub, bunun Avropa ilə Asiya arşında yeni nəqliyyat marşrutu olması baxımından önəmi vurğulanıb, ABŞ şirkətlərinin Azərbaycanda uğurlu fəaliyyəti, ticarət dövriyyəsinin artırılması və ixrac imkanlarının genişləndirilməsi ətrafında fikir mübadiləsi aparılıb.

Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsinə toxunulub, sabah Bakıda Minsk qrupunun həmsədrləri ilə görüş zamanı münaqişənin həlli ilə bağlı geniş müzakirələrin aparılacağı bildirilib.

Görüşdə demokratik inkişaf, qanunun aliliyinin təmin edilməsi, insan haqlarının qorunması məsələləri ətraflında da fikir mübadiləsi aparılıb.

Xəbər lenti