Prezident Ağcabədi rayonuna gedib - FOTO + YENİLƏNİB

Prezident Ağcabədi rayonuna gedib - FOTO + YENİLƏNİB

 

Azərbaycan prezidenti, Ali Baş Komandan İlham Əliyev noyabrın 28-də Ağcabədi rayonuna səfəri çərçivəsində Müdafiə Nazirliyinin "N” saylı hərbi hissəsində yaradılan şəraitlə tanış olub.

7news.Az  xəbər verir ki, müdafiə naziri, general-polkovnik Zakir Həsənov prezident, Ali Baş Komandan İlham Əliyevə raport verib.

Bu gün Azərbaycan dünyada həm də peşəkar ordusu olan ölkə kimi tanınır. Şübhəsiz ki, bu cür ordusu olan xalqın müstəqilliyi də əbədi və sarsılmazdır. Azərbaycanda ordu quruculuğu istiqamətində işlər ardıcıl surətdə aparılmaqla yanaşı, dünya təcrübəsi nəzərə alınmaqla həyata keçirilir. Milli Ordunun formalaşması və bu sahədə inkişafın təməlinin qoyulması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. 2003-cü ildən isə Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində çox mühüm addımlar atılıb. Bu tədbirlər Ordumuzun gücünü daha da artırıb. Bu gün Azərbaycanı dünya birliyində layiq olduğu yerə gətirən amillər sırasında Silahlı Qüvvələrin döyüş qabiliyyəti, texniki təchizatı, zabit kadrlarının hazırlıq səviyyəsi, əsgərlərin mənəvi-psixoloji durumu mühüm yer tutur. Təsadüfi deyil ki, Azərbaycanın bölgədə ən yüksək mövqelərə malik ölkə olmasını şərtləndirən əsas amillər sabitlik, dinamik iqtisadi inkişaf və güclü ordudur. Ordu quruculuğu istiqamətində həyata keçirilən layihələr arasında yeni hərbi hissələrin inşası, mövcudlarının isə əsaslı şəkildə yenidən qurulması mühüm yer tutur. Belə hərbi hissələrdən biri də Ağcabədi rayonunda yaradılan "N” saylı hərbi hissədir.

Hərbi hissədə Qərargah binası, əsgər yataqxanaları, yeməkxana kompleksi, tibb məntəqəsi və digər zəruri binalar inşa olunub. Qərargah binasında hərbi hissənin döyüş bayrağının yerləşdiyi xüsusi guşə yaradılıb, idarə heyətinin xidməti otaqları, konfrans zalı və digər zəruri otaqlar istifadəyə verilib. Qərargah binasında komandanlığın yüksək səviyyədə çalışması və istirahəti üçün bütün zəruri şərait mövcuddur.

Prezident, Silahlı Qüvvələrin Ali Baş komandanı İlham Əliyev hərbi hissənin əsgər yataqxanasında olub, burada şəxsi heyət üçün yaradılmış sosial-məişət şəraitinə baxıb.

Binada ideoloji, məişət və digər zəruri otaqlar hərbçilərin ixtiyarına verilib. Əsgərlərin idmanla məşğul olmaları üçün yataqxana kompleksində trenajor zalı da yaradılıb. Hərbi hissənin ərazisində çörək sexi, hamam-camaşırxana-istixana kompleksi, texniki nəzarət və yanacaqdoldurma məntəqələri, avtomobil parkı və idman şəhərciyi yaradılıb.

Prezident, Ali Baş Komandan İlham Əliyevə interaktiv təlim-məşq sistemi barədə məlumat verilib. Bildirilib ki, burada şəxsi heyətin sinif şəraitində atəş qabiliyyətinin artırılması təlimləri keçirilir.

Azərbaycanda son dövrlərdə ordunun modernləşdirilməsi, hərbi hissələrin müasirləşdirilməsi istiqamətində görülən işlər ardıcıl davam etdirilir. Bu hərbi hissədə yaradılan şərait bir daha sübut edir ki, son illər Azərbaycan Ordusu Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə maddi-texniki bazasını gücləndirib və haqlı olaraq, dünyanın ən güclü ordularından biri kimi tanınır. Son dövrlərdə Ordumuzun əldə etdiyi qələbələr, qazandığı uğur və nailiyyətlər bir daha sübut edir ki, Azərbaycan Ordusu Ali Baş Komandanın əmri ilə istənilən an düşmənə sarsıdıcı zərbə vurmaqla torpaqlarımızı işğaldan azad etməyə qadirdir.

---

Bu gün Ağcabədi Olimpiya İdman Kompleksinin açılışı olub.

7news.Az-ın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev açılış mərasimində iştirak edib.

Dövlət başçısı əvvəlcə Olimpiya İdman Kompleksinin rəmzi açılışını bildirən lenti kəsib. Gənclər və idman naziri Azad Rəhimov Ağcabədi Olimpiya İdman Kompleksində yaradılan şərait barədə dövlət başçısına ətraflı məlumat verib.

Bildirilib ki, kompleksin tikintisinə 2012-ci ilin iyununda başlanılıb. Yüksək keyfiyyətlə aparılan tikinti işləri bu ilin noyabrında başa çatdırılıb.

Komplekslə tanışlıqdan sonra prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri və ağcabədili idmançılarla görüşüb.

---

Bu gün Azərbaycan prezidenti İlham Əliyev Ağcabədi rayonuna səfəri çərçivəsində Bayraq Muzeyinin açılışında iştirak edib.

7news.Az xəbər verir ki, dövlət başçısı muzeyin rəmzi açılışını bildirən lenti kəsib.

Azərbaycanda dövlət atributlarına hörmət və ehtiram ulu öndər Heydər Əliyevin xalqımıza ən böyük əmanətidir. Prezident İlham Əliyevin yürütdüyü siyasətdə də millilik, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi xüsusi yer tutur. Bu baxımdan bölgələrdə də müvafiq tədbirlər görülür. Paytaxtımızla yanaşı, ölkənin bütün bölgələrində üçrəngli bayrağımızın şərəfinə meydanlar, muzeylər yaradılır və xüsusi layihələr həyata keçirilir. Bu gün hər bir azərbaycanlı dövlət bayrağını özünün qürur mənbəyi və and yeri hesab edir. Azərbaycan bayrağı dövlətimizin suverenliyinin rəmzlərindən biri, milli mənəvi dəyərlərimizə və ümumbəşəri ideallara sadiqliyimizin təcəssümüdür. 

Dövlət başçısı muzeydə yaradılan şəraitlə tanış olub.

Daha sonra dövlət başçısı Ağcabədidə Tarix-Diyarşünaslıq Muzeyinin yenidənqurmadan sonra açılışında iştirak edib.

Azərbaycan prezidenti muzeydə yaradılan şəraitlə tanış olub.

Respublikamızın bölgələrində yeni yaradılan və ya əsaslı şəkildə yenidənqurmadan sonra istifadəyə verilən Tarix-Diyarşünaslıq muzeyləri tarixi keçmişimizə həssas münasibəti əks etdirir. Bu, dövlət siyasətinin tərkib hissəsidir. Tarixi abidələrin, müqəddəs məkanların bərpası, yeni muzeylərin, mədəniyyət mərkəzlərinin tikilməsi milli mənəvi dəyərlərimizə hörmət və ehtiramın təzahürüdür. Təqdirəlayiq haldır ki, bu proses ölkəmizin bütün regionlarını əhatə edir.

Daha sonra ölkə başçısı Heydər Əliyev Fondunun təşəbbüsü ilə Ağcabədidə inşa edilmiş 4 nömrəli körpələr evi–uşaq bağçasının açılışında iştirak edib.

Prezident körpələr evi–uşaq bağçasının rəmzi açılışını bildirən lenti kəsib.

Dövlətimizin başçısı körpələr evi-uşaq bağçasında yaradılan şəraitlə tanış olub.

 

7news.Az


 

 

Xəbər lenti