Prezident İlham Əliyev Sabirabadda – FOTO + YENİLƏNİB

Prezident İlham Əliyev Sabirabadda – FOTO + YENİLƏNİB

Noyabrın 28-də Azərbaycan Respublikasının prezidenti İlham ƏliyevSabirabad rayonunda Bayraq Muzeyinin açılışında iştirak edib.

7news.Az xəbər verir ki, dövlətimizin başçısı muzeyin rəmzi açılışını bildirən lenti kəsdi.

Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətdə millilik, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi xüsusi yer tutur. Bu baxımdan, bölgələrdə də üçrəngli bayrağımızın şərəfinə meydanlar, muzeylər yaradılır və xüsusi layihələr həyata keçirilir.

Məlumat verildi ki, Sabirabad Bayraq Muzeyinin inşasına 2017-ci ilin fevralında başlanılıb və sentyabrda başa çatdırılıb. Muzeyin binası iki sərgi zalından və müxtəlif yardımçı otaqlardan ibarətdir. Sərgi zallarında 6 bölmə yaradılıb. Burada Azərbaycanın xanlıqlar dövrünün xəritəsi və bayraqları, orta əsrlərə aid döyüşçülərin geyimləri, XIX əsr Azərbaycan şəhərlərinin gerbləri, qədim metal sikkələr, kağız pullar, Azərbaycanın Xalq Cümhuriyyəti, SSRİ və müstəqillik dövrünün konstitusiyaları, gerbləri, bayraqları, poçt markaları, orden və medallar nümayiş olunur.

Diqqətə çatdırıldı ki, Bayraq Muzeyinin yerləşdiyi meydanın ərazisi son vaxtlar genişləndirilərək iki hektara çatdırılıb. Hündürlüyü 97 metr olan dövlət bayrağı dirəyinin postament hissəsinin ətrafı abadlaşdırılıb və yaşıllıq salınıb, yeni işıqlandırma sistemi yaradılıb, uşaqlar üçün attraksionlar qoyulub. Meydandakı iki fəvvarə yenidən qurulub.

***


Noyabrın 28-də Sabirabad Sənaye Məhəlləsinin təməlqoyma mərasimi olub.

7news.Az xəbər verir ki, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev mərasimdə iştirak edib.

İqtisadiyyat naziri Şahin Mustafayev ölkəmizdə sənaye məhəllələrinin yaradılması istiqamətində görülən işlər haqqında dövlətimizin başçısına məlumat verdi. Bildirildi ki, Azərbaycanda ilk sənaye məhəlləsi prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Neftçalada yaradılıb. Bu ilin sentyabrında dövlətimizin başçısının iştirakı ilə açılışı olan həmin məhəllədə indi 9 müəssisə və 1 kiçik sahibkarlıq emalatxanası fəaliyyət göstərir. Neftçala Sənaye Məhəlləsində 474 yeni iş yeri açılıb. Sahibkarların marağı nəzərə alınaraq ərazinin genişləndirilməsi nəzərdə tutulur.

Daha bir sənaye məhəlləsi Azərbaycan prezidentinin 2016-cı il 13 iyun tarixli Sərəncamına əsasən Masallıda yaradılacaq.

Dövlətimizin başçına məlumat verildi ki, ümumilikdə 10 hektar, ilkin mərhələdə isə 3,54 hektar ərazini əhatə edəcək Masallı Sənaye Məhəlləsində üç istehsalat korpusu, inzibati və texniki binalar, köməkçi sahələr tikiləcək. İnşasına bu ilin iyulunda başlanılan məhəllədə 2018-ci ilin aprel ayında müəssisələrin fəaliyyətə başlaması nəzərdə tutulub. Tikintiyə cəlb edilmiş işçilərin sayı 200 nəfərdir. Burada sahibkarlar tərəfindən 33 layihə təklif olunub. Layihələrin əsas istiqamətləri mebel, tikinti materialları, plastik tara, xalça, süfrə suyu, qida və kənd təsərrüfatı məhsullarının istehsalıdır. Müəssisələrin işə düşməsi nəticəsində 600-dən çox yeni iş yeri açılacaq.

Prezident İlham Əliyevə təqdim olunan daha bir layihənin icrasına - Hacıqabul Sənaye Məhəlləsinin tikintisinə gələn ilin yanvarında başlanılacaq. Dövlətimizin başçısının bu ilin iyulunda imzaladığı müvafiq Sərəncama əsasən məhəllədəki müəssisələr ağır maşınqayırma, xüsusi vaqonqayırma, avtomobil və kompozit materialları istehsalı sahələrində ixtisaslaşacaq. Məhsulların satış bazarları isə MDB, Yaxın Şərq və Afrika ölkələri olacaq.

Azərbaycan prezidentinin bir gün əvvəl imzaladığı Sərəncama əsasən, Sabirabadda da sənaye məhəlləsi yaradılacaq. İyirmi hektar ərazidə salınacaq bu sənaye mərkəzində yun tədarükü, pambıqtəmizləmə, taxta, plastik məmulatlar və tikinti materiallarının istehsalı, kənd təsərrüfatı məhsullarının emalı müəssisələri və logistika mərkəzinin fəaliyyət göstərməsi planlaşdırılır.

Prezident İlham Əliyev Sabirabad Sənaye Məhəlləsinin təməlini qoydu.

***


Azərbaycan prezidenti İlham Əliyev Sabirabad rayonuna səfər edib.

7news.Az-ın məlumatına görə, dövlət başçısı Heydər Əliyevin Sabirabad şəhərində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov rayonda görülən abadlıq-quruculuq işləri və həyata keçirilən sosial layihələr barədə prezident İlham Əliyevə məlumat verib.

 

7news.Az


 

Xəbər lenti