Prezident Sumqayıtdadır - FOTO + YENİLƏNİB

Prezident Sumqayıtdadır - FOTO + YENİLƏNİB

Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 15-də "Baku Steel Company” MMC-nin Sumqayıt boruyayma zavodunun yenidənqurmadan sonra açılışında iştirak edib.

Dünyada maliyyə və iqtisadi böhranın davam etdiyi bir dövrdə Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edir. Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun və sənayenin əsaslı şəkildə inkişafı başlıca prioritetlərdəndir. Qarşıya qoyulan əsas məqsədlərdən biri də ölkəmizin bütün regionlarında sənayeni daha da inkişaf etdirməkdir. Ölkənin qeyri-neft sektoruna yönəldilən investisiyalar Azərbaycan iqtisadiyyatının daha da inkişafına və keyfiyyətli yerli məhsullar istehsalının genişləndirilməsinə hərtərəfli təkan verir. Bu baxımdan "Baku Steel Company” MMC-nin Sumqayıt boruyayma zavodu ölkə iqtisadiyyatına mühüm töhfədir. Bu cür zavodların fəaliyyəti ölkə iqtisadiyyatının sənayeləşdirilməsinin sürətləndirilməsinə, yeni təşəbbüslər nəzərə alınmaqla sənayenin modernləşməsinə, rəqabətqabiliyyətli müasir və prioritet istehsal sahələrinin yaradılmasına, sənayenin innovasiyalar əsasında inkişafının və yeni iş yerlərinin açılmasının təmin edilməsinə xidmət edir. Hazırda enerjidən səmərəli istifadə edilən, yüksək əlavə dəyər yaradan və ən son elmi-texniki yeniliklərə əsaslanan rəqabətqabiliyyətli sənaye istehsalının genişləndirilməsi üçün respublikamızda yenidənqurma tədbirləri ardıcıl xarakter daşıyır. "Baku Steel Company” MMC-nin Sumqayıt boruyayma zavodunda da bu istiqamətdə tədbirlər davam etdirilir.

"Baku Steel Company” MMC-nin müşahidə şurasının sədri Rasim Məmmədov dövlətimizin başçısına görülən işlərlə bağlı ətraflı məlumat verdi.

Bildirildi ki, Azərbaycan boruyayma zavodu 1947-ci ildə yaradılıb, tam gücü ilə istehsal fəaliyyətinə isə 1952-ci ilin dekabrında başlayıb. Keçmiş SSRİ ərazisində tikişsiz boru istehsal edən 26 müəssisədən biri olan bu zavodda çalışanların sayı 12 min nəfər, onun illik istehsal gücü isə 1 milyon ton məhsul təşkil edib. 1979-cu ildə ulu öndər Heydər Əliyevin tapşırığına əsasən zavodun ərazisində neft sənayesi üçün qazma borularının istehsalı sahəsi yaradılıb. Bununla da zavod keçmiş SSRİ məkanında qazma borusu istehsal edən 3 müəssisədən birinə çevrilib. Zavodda istehsal olunan qazma, qoruyucu, nasos-kompressor, neft-qaz boruları, həmçinin ümumi təyinatlı borular neft və maşınqayırma sənayesində geniş istifadə edilib. 1995-ci ildə zavod fəaliyyətini tamamilə dayandırıb. İstehsal sahələri və qurğuları texniki cəhətdən yararsız hala düşüb. 2016-cı ilin oktyabr ayında "Baku Steel Company” MMC-nin oksigen zavodunun açılışı zamanı Prezident İlham Əliyev Sumqayıt boruyayma zavodunun əsaslı yenidən qurulması və fəaliyyətə başlaması barədə tapşırıqlar verib. Həmin tapşırıqlar əsasında zavod qısa müddət ərzində yenidən qurulub və fəaliyyətə başlaması üçün tam hazır vəziyyətə gətirilib.

Dövlətimizin başçısı zavodu işə saldı.

Məlumat verildi ki, yenidənqurmadan sonra zavodun illik istehsal gücü 90 min tondan 200 min tona çatdırılıb. Müəssisədə quraşdırılan müasir avadanlıq keyfiyyətli məhsul əldə etməyə imkan verir. Quraşdırılan avadanlıq dünyanın bu sahədə aparıcı şirkətlərinin məhsuludur. Müəssisədə 531 nəfər daimi işlə təmin edilib ki, onların da orta aylıq əməkhaqqı 1500 manatdır. Zavodda 3 növbə üzrə 24 saatlıq rejimdə fəaliyyət göstərən 180 yerlik yeməkxana inşa edilib.

Müəssisənin mərkəzi sınaq laboratoriyası ABŞ, Avropa, Çin və Tayvanda istehsal olunan müasir avadanlıqlarla təchiz edilib. Laboratoriyada metalın bərkliyini, möhkəmliyini, axma həddini və nisbi uzanmasını təyin edən avadanlıq quraşdırılıb, mikro və makrostruktur analizlər üçün hər növ mikroskoplar, metalın kimyəvi tərkibini təyin etmək üçün spektrometr qoyulub. Azərbaycan istehsalı olan borular daxili bazarda satılmaqla yanaşı, xarici ölkələrə də ixrac ediləcək. Müəssisənin məhsullarının Almaniya, Hollandiya, Belçika, İtaliya, Avstriya, Türkiyə, Rusiya, Qazaxıstan, Litva və Ukraynaya ixracı nəzərdə tutulur.

Zavodun ərazisində geniş abadlıq işləri aparılıb, 38 min kvadratmetr sahədə yaşıllıq sahəsi salınıb.

------

Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 15-də Sumqayıta səfəri çərçivəsində şəhərin Lüdviqşafen parkında əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub.

7news.Az xəbər verir ki, son illərdə Azərbaycanda həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyası bölgələrin daha da gözəlləşməsi, regionların simasına yeni elementlərin daxil olması ilə müşayiət olunur. Ölkəmizin bütün bölgələrində müasir səviyyədə ictimai yerlərin, bulvarların, parkların və xiyabanların yaradılması tədbirləri davam etdirilir. Bu proses Sumqayıtda da geniş vüsət alıb. Bu sahədə görülən işlər sakinlərin rahatlığı, asudə vaxtılarının daha da səmərəli təşkili məqsədi daşımaqla yanaşı, müasirləşən Sumqayıtın gözəlliyinə əlavə çalarlar qatır.

Sumqayıtın Lüdviqşafen parkında geniş abadlıq-quruculuq işləri aparılıb, yaşıllıq zolaqları salınıb, oturacaqlar qoyulub. Burada aparılan yenidənqurma işləri ərazinin gözəlliyini daha da artırır. Görülən bu işlər sakinlərin və şəhərə gələn qonaqların rahatlığı üçün müasir istirahət guşələrinin yaradılması istiqamətində reallaşdırılan layihələrin bir hissəsidir. Yeni parkların, istirahət məkanlarının və guşələrinin yaradılması, əhaliyə xidmət göstərən müasir infrastrukturun qurulması Sumqayıtın daha da gözəlləşməsi işinin davamlı xarakter almasından və ümumilikdə şəhərin sosial-iqtisadi inkişafından xəbər verir.

Şəhərin 9-cu mikrorayonunun ərazisində yerləşən Lüdviqşafen parkı müasir səviyyədə yenidən qurulub. Bu istirahət məkanı Sumqayıt şəhəri ilə qardaşlaşmış Almaniyanın Lüdviqşafen şəhərinin şərəfinə salınıb.

Onu da deyək ki, Lüdviqşafen şəhərində də Sumqayıt parkı mövcuddur. Bu park 1997-ci ildə Sumqayıt-Lüdviqşafen əlaqələrinin 20 illiyi münasibəti ilə salınıb. Ümumi ərazisi 2 hektar olan parkda sakinlərin istirahəti üçün geniş imkanlar yaradılıb. Yenidənqurma işləri zamanı müasir oturacaq və işıq dirəkləri qoyulub, yaşıllıq zollaqları salınıb, dekorativ ağac və güllər əkilib. Bu park Sumqayıtın gəzməli yerlərinə daha bir ünvan əlavə edib. Mövcud istirahət mərkəzlərinin, parkların, xiyabanların yenidən qurulması, yeni istirahət guşələrinin açılması, ilk növbədə, sosial layihədir. Bununla yanaşı, belə layihələrin icrası ölkəmizin iqtisadi potensialını nümayiş etdirir, Azərbaycan dövlətinin əhalinin istirahətinin yüksək səviyyədə təşkili məsələsinə olan diqqətini göstərir.

------

Azərbaycan prezidenti İlham Əliyev Sumqayıtda Dövlət Neft Şirkətinin "Azərkimya” İstehsalat Birliyinin "Kimyaçı” Mədəniyyət Sarayında əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub.

7news.Az-ın məlumatına görə, prezident İlham Əliyev sumqayıtlı sənətkarların əl işləri ilə tanış olub.

"Kimyaçı” Mədəniyyət Sarayında təsviri və tətbiqi incəsənət, əl ilə toxuma dərnəkləri fəaliyyət göstərir. Sarayda xanəndəlik, zərb alətləri, rəqs, instrumental ifaçılıq dərnəkləri də fəaliyyət göstərir.

------


Azərbaycan prezidenti İlham Əliyev dekabrın 15-də Yeni Azərbaycan Partiyası (YAP) Sumqayıt şəhər təşkilatının inzibati binasının açılışında iştirak edib.

Dövlətimizin başçısı binanın rəmzi açılışını bildirən lenti kəsib.

Azərbaycanda regionların sürətli sosial-iqtisadi inkişafı göstərir ki, prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strategiyanı uğurla davam etdirir. Paytaxtla yanaşı, bölgələr də inkişaf edir. Regionlarda yeni inzibati binaların tikintisi davam etdirilir. Azərbaycanın aparıcı siyasi qüvvəsi olan və 2017-ci ildə yaranmasının 25 illiyini qeyd edən Yeni Azərbaycan Partiyası ölkə həyatının bütün sahələrində yaxından iştirak edir, respublikamızın tərəqqisinə mühüm töhfələr verir. Sıraları getdikcə genişlənən partiyanın ümumi amallar naminə uğurlu fəaliyyətində rayon təşkilatlarının da böyük rolu var. Yeni Azərbaycan Partiyası rayon təşkilatlarının yeni inşa olunmuş inzibati binaları da müasirliyi ilə seçilir və həmin binalarda səmərəli fəaliyyət üçün hər cür şərait yaradılır.

Son illərdə Sumqayıt şəhərində çoxlu sosial təyinatlı infrastruktur obyektləri tikilib istifadəyə verilib. Bu sırada inzibati binalar da xüsusi əhəmiyyət kəsb edir. Sumqayıt şəhərinin ictimai-siyasi həyatında mühüm rol oynayan partiyanın yeni inzibati binasında yaradılan şərait təsdiqləyir ki, Yeni Azərbaycan Partiyası müstəqil Azərbaycanın daha parlaq gələcəyi naminə fəaliyyətində bundan sonra da səylərini əsirgəməyəcək.

Məlumat verilib ki, üçmərtəbəli binanın foyesində Yeni Azərbaycan Partiyasının yaradıcısı, ulu öndər Heydər Əliyevin büstü qoyulub, Heydər Əliyev guşəsi yaradılıb. Binada inzibati otaqlar, 300 yerlik iclas zalı var. İclas zalında Yeni Azərbaycan Partiyasının fəaliyyəti ilə bağlı müxtəlif tədbirlərin, seminarların və konfransların yüksək səviyyədə keçirilməsi mümkündür. Burada, eyni zamanda, şəhərin həyatında baş verən əlamətdar günlərlə bağlı tədbirlər keçiriləcək. Binada yeməkxana da fəaliyyət göstərəcək.

Onu da deyək ki, respublikanın hər yerində olduğu kimi, Sumqayıt şəhərində də Yeni Azərbaycan Partiyasının üzvləri fəallıqları ilə seçilirlər. Onlar şəhərin ictimai-siyasi həyatında fəal iştirak edir, Sumqayıtın sosial-iqtisadi inkişafına töhfələrini verirlər. Hazırda Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının 26 min 150 nəfər üzvü var ki, onlardan da 13 min 837-i qadınlar, 14 min 429-u isə gənclərdir.

------

Azərbaycan prezidenti İlham Əliyev Sumqayıtda Bayraq Muzeyinin açılışında iştirak edib.

7news.Az-ın məlumatına görə, prezident İlham Əliyev muzeyin rəmzi açılışını bildirən lenti kəsib.

Muzeylə tanış olan dövlət başçısına məlumat verilib ki, binanın inşasına 2017-ci ilin fevralında başlanılıb və sentyabr ayında tikinti işləri başa çatdırılıb.

-----


Azərbaycan prezidenti İlham Əliyev Sumqayıta səfər edib.

7news.Az xəbər verir ki, dövlət başçısı Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub. Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov prezident İlham Əliyevə abidənin yerləşdiyi Heydər Əliyev parkında və şəhərdə görülən işlər barədə ətraflı məlumat verib.

Azərbaycan prezidenti İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında görülən işlərlə tanış olub, yeni müəssisələrin təməlqoyma və açılış mərasimlərində iştirak edib.

İqtisadiyyat naziri Şahin Mustafayev dövlət başçısına burada görülən işlərlə bağlı məlumat verib.

Sonra prezident İlham Əliyev parkın ərazisində "AzerFloat” Qapalı Səhmdar Cəmiyyətinin termoformasiya metodu ilə şüşə istehsalı zavodunun təməlini qoyub.

Dövlət başçısı Sumqayıt Kimya Sənaye Parkının ərazisində "Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin yunəyrici-boyaq fabrikinin də təməlini qoyub.

Sonra prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında "Gilan Sənaye Qrupu”na daxil olan "Aqrokimya Azərbaycan” Məhdud Məsuliyyətli Cəmiyyətinin pestisidlər istehsalı zavodunun birinci mərhələsinin açılışında iştirak edib.

Dövlət başçısı müəssisəni işə salıb.

Sonra prezident İlham Əliyev parkın ərazisində "STDC” Məhdud Məsuliyyətli Cəmiyyətinin Məlumatların Emalı, Qeydə Alınması və Ötürülməsi Mərkəzinin açılışında iştirak edib.

Dövlət başçısı müəssisənin kollektivi ilə görüşüb.

 

7news.Az


Xəbər lenti