Prezident xalqın iradəsini təcəssüm edir

Prezident xalqın iradəsini təcəssüm edir

Azər Verdiyev: "Ölkədə məcburi köçkünlərlə bağlı imzalanmış bütün fərman və sərəncamlar mərhələli xarakter daşıyır"

"Müasir qlobal böhran şəraitində bu addım əhali üçün sözün əsl mənasında sürpriz oldu"

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə dair iclasında qeyd etdiyi kimi əhalinin sosial rifah halının yaxşılaşdırlması Azərbaycan dövlətinin başlıca vəzifəsidir və bu istiqamətdə davamlı addımlar atılacaq. Məlum iclasdan qısa müddət keçməsinə baxmayaraq artıq bu istiqamətdə müsbət tendensiya müşahidə edilməkdədir. Belə ki, Prezident İlham Əliyevin bir neçə gün əvvəl imzaladığı sərəncam əsasında minimum əmək haqqı və pensiyaların sığorta hissəsi artırıldı. Bunun ardınca isə yanvarın 23-də dövlət başçısının imzaladığı fərman əsasında məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinət müəyyən edildi. Prezidentin qərarı ilə məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə 2017-ci il 1 yanvar tarixindən hər bir məcburi köçkün və onlara bərabər tutulan şəxslər üçün 36,0 (otuz altı) manat məbləğində vahid aylıq müavinət müəyyən olundu.

Azərbaycan Prezidentin imzalamış olduğu məlum sənədlər dövlət başçısının əhalinin sosial rifah halının yaxşılaşdırılmasına necə böyük önəm verdiyini bir daha təsdiqləyir. Elə Qlobal Araşdırmalar Liqasi İctimai Birliyinin sədri Azər Verdiyev də bu qənaətdədir. "OLAYLAR"-a verdiyi müsahibədə Azər Verdiyev dövlət başçısının fərman və sərəncamlarının əhalinin sosial rifah halının yaxşılaşdırılmasına xidmət etdiyini deyib.

-Azər müəllim, Prezident İlham Əliyevin məcburi köçkünlərlə bağlı imzalamış olduğu son fərmanı necə dəyərləndirirsiniz və bu fərman məcburi köçkünlərin sosial rifah halının yaxşılaşdırılmasına necə təsir göstərəcək?

-Ölkədə məcburi köçkünlərlə bağlı imzalanmış bütün fərman və sərəncamlar mərhələli xarakter daşıyır. Əsas məqsəd ondan ibarətdir ki, məcburi köçkünlərin həyat şəraiti yaxşılaşsın. İlkin mərhələdə əsas məsələ ərzaq təminatı ilə bağlı idisə, bu gün artıq mənzil şəraitinə qədər bütün problemlər öz həllini tapıb. Hesab edirəm ki, məcburi köçkünlər öz dədə-baba yurdlarına qayıdana qədər bu sosial siyasət davam edəcəkdir.

-Bir neçə gün əvvəl isə prezident minimum əmək haqqı və pensiyaların sığorta hissəsinin artırılması ilə bağlı sərəncam imzaladı. Hər iki sənəd onu deməyə əsas verirmi ki, bu gün əhalinin sosial rifah halının yaxşılaşdırılması dövlət başçısı üçün əsas prioritetdir?

-Dövlət başçısı üçün bir neçə əsas strateji fəaliyyət istiqaməti vardır. Bunlardan biri, bəlkə də birincisi məhz əhalinin sosial rifah şəraitinin yaxşılaşdırılması ilə bağlıdır. Əhalinin minimum əmək haqqı və pensiyalarının artırılması isə vaxtında atılmış addım idi. Müasir qlobal böhran şəraitində bu addım əhali üçün sözün əsl mənasında surpriz oldu. Hesab edirəm ki, əhalinin sosial rifahının yaxşılaşdırılmasına yönəlik siyasət bu il mərhələli şəkildə davam edəcəkdir.

-Bu həm də ondan xəbər verirmi ki, dövlət başçısının qeyd etdiyi kimi müəyyən çətinliklərə baxmayaraq ölkədə nəzərdə tutulan bütün sosial layihələr icra olunur?

-Ölkədə sosial sahədə nəzərdə tutulan proqramların icrası ilə bağlı heç bir problem yoxdur. Sevindirici haldır ki, bəzi proqramlar gözlənildiyindən də yaxşı nəticə verdi. Bu da Cənab Prezidentin təşəbbüsü ilə qəbul olunan proqramların effektivliyindən xəbər verir

-Hazırda dünyada ciddi iqtisadi böhranın hökm sürdüyü, iş yerlərinin bağlandığı, əmək haqqlarının aşağıya salınması fonunda Azərbaycanda bunun əksinin müşahidə edilməsi sizcə nəylə bağlıdır?

- Azərbaycan hər zaman uzunmüddətli təminata hesablanmış iqtisadi siyasət yürüdüb. Əsası Ulu Öndər tərəfindən qoyulan iqtisadi proqram Prezident İlham Əliyev tərəfindən uğurla icra edilməkdədir. Bu siyasətin əsas tərkib hissəsini isə böhran şəraitindən uğurlu çıxış platforması təşkil edir. Bugün biz buna əyani şəkildə şahid oluruq.

-Ümumiyyətlə prezidentin imzalamış olduğu son fərman və sərəncamlar ölkə əhalisi tərəfindən necə qarşılanır?

-İnternet və sosial mediadan müşahidə etdiklərimdən belə qənaətə gələ bilərəm ki, vətəndaşlarımız mövcud iqtisadi gedişdən çox razıdırlar. Təbii ki buna təsir edən əsas faktor dünyada baş verən siyasi qarşıdurmalarla bağlıdır. Bu gün ölkədə yaşayan hər kəs iqtisadi sabitliyin dəyərsiz olduğunun fərqindədir. Bu mənada qəti şəkildə demək olar ki, əslində Prezident xalqın iradəsini təcəssüm edir.//olaylar.az

7News.az

Xəbər lenti