Prezidentin xəbərdarlığını ciddiyə almaq ermənilər üçün olduqca faydalıdır - Azər Verdiyev

Prezidentin xəbərdarlığını ciddiyə almaq ermənilər üçün olduqca faydalıdır - Azər Verdiyev

Azər Verdiyev: "Əks halda durumları indikindən də pis hala düşəcək"

Məlum olduğu kimi ötən həftə sonu Azərbaycan Respublikasının Prezidenti yenidən vəbhə xəttinə səfər edərək Ağdam və Tərtər rayonlarında olub.  Səfər çərçivəsində dövlət başçısı, Azərbaycan Respublikasının Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Tərtərdə yeni inşa olunmuş "N" saylı hərbi hissədə olub. Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Ali Baş Komandana məlumat verib ki, hərbi hissənin ərazisində qərargah, iki kazarma, yeməkxana, tibb məntəqəsi, hamam-camaşırxana yaradılıb. Hərbçilərin idmanın müxtəlif növləri ilə məşğul olmaları üçün burada idman şəhərciyi də salınıb. Bundan başqa, hərbi hissənin ərazisində müxtəlif növ texnika və avtomobillərin saxlanıldığı park da var.
Qərargah binasında ulu öndər Heydər Əliyevin və Prezident, Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğuna diqqət və qayğılarını, hərbçilərlə görüşlərini əks etdirən fotolardan ibarət guşə yaradılıb. Burada hərbi hissə növbətçisi, istirahət və çay otaqları, rabitə qovşağı və digər zəruri otaqlar var. Hərbi hissədəki kazarmaların girişində Azərbaycanın Milli qəhrəmanlarının fotolarından ibarət guşə də var. Burada müasir idman avadanlığı ilə təchiz edilmiş idman otağı zabit və əsgərlərin ixtiyarındadır. Kazarmada dəftərxana, məişət otağı, ideoloji otaq yaradılıb. İdeoloji otaq Azərbaycan Silahlı Qüvvələrinin şərəfli tarixini, şanlı Ordumuzun əldə etdiyi qələbələri və dövlətimizin Azərbaycan hərbçilərinə göstərdiyi diqqəti əks etdirən əyani vəsaitlərlə təchiz olunub. Bu hərbi hissədə yaradılan şərait bir daha sübut edir ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə son illər maddi-texniki bazası daha da gücləndirilən Azərbaycan Silahlı Qüvvələri haqlı olaraq dünyanın ən qüdrətli ordularından biri kimi tanınır. Aprel döyüşləri bir daha sübut edir ki, Azərbaycan Ordusu Ali Baş Komandanın əmri ilə istənilən anda düşmənə sarsıdıcı zərbə vurmaqla torpaqlarımızı işğaldan azad etməyə qadirdir. Ali Baş Komandan İlham Əliyev hərbi hissənin döyüş texnikasına baxıb, döyüş maşınlarından birini idarə edib. Əsgər və zabit heyətinin dolğun və keyfiyyətli qidalanması üçün hərbi hissənin yeməkxanası da müasir səviyyədə qurulub. Dövlətimizin başçısı burada yaradılmış şəraitlə də tanış olub, yeməkxananın xidmət heyəti ilə söhbət edib.

Azərbaycan Prezidentinin artıq ənənə halını almış sərhədyanı bölgələrə səfəri düşmən tərəfdən də diqqətlə izlənilir. Ermənistan ikinci bir aprel uğursuzluğu ilə qarşılaşmamaq üçün mütəmadi olaraq özünə dayaq axtarır. Elə Azərbaycan prezidentinin Ağdam və Tərtər rayonlarına son səfərinin də düşmən cəbhəsində ciddi təşviş yaratdığı şübhəsizdir. Qlobal Araşdırmalar Liqası İctimai Birliyinin sədri, Azərbaycan Slavyan Gəncləri Assosiasiyasının Analitik Təhlil Mərkəzinin rəhbəri Azər Verdiyev də bu qənaətdədir. "OLAYLAR"-a verdiyi müsahibədə Azər Verdiyev Prezident İlham Əliyevin cəbhə xəttinə səfərinin sərhədyanı rayonların sakinləri arasında ruh yüksəkliyi yaratdığını da vurğulayıb. O, bildirib ki, dövlət başçısının bu cəbhə xəttinə səfəri ermənilər üçün də ciddi siqnal olmalıdır.

-Azər bəy, həftə sonu Cənab Prezident cəbhə xəttinə səfər etdi. Bu səfər istər Silahlı Qüvvələrdə, istərsə də sərhədyanı rayonlarda yaşayan sakinlər üçün nə dərəcədə ruh yüksəkliyi yaratdı?

-Son bir neçə ildə Cənab Prezident sərhədyanı torpaqlara intensiv səfərlər edir. 2013-cü ildən bəri erməni tərəfi hərbi təxribatlara əl atırlar. Onlar nəinki atəşkəsi pozurlar, hətta biraz da irəli gedərək dinc sakinləri hansısa formada qorxutmağa çalışırlar. Təbii ki, onlar öz hədəflərinə heç bir halda çata bilmirlər. Dağlıq Qarabağ münaqişəsi fonunda ölkəmizdə maraqlı bir ideloji birlik var. Cənab Prezidentin ailəsi ilə birlikdə tez-tez sərhədyanı torpaqlarda yaşayan sakinlərimizi ziyarət etməsi birmənalı şəkildə bu insanlarda ciddi ruh yüksəkliyi yaradır. Onlara dəyən maddi ziyanın isə dövlət tərəfindən konpensasiyası təbii ki bu diqqətin mühüm bir parçasıdır.

-Dövlət başçısının Ağdam və Tərtərə getməsi, hərbi hissədə olması və məlum açıqlamalar verməsi Ermənistan üçün bir mesaj sayıla bilərmi?

-Cənab Prezident olduqca uğurlu daxili və xarici siyasət yürüdür. Bunu biz yox, dünyanın tanınmış beyin mərkəzləri də etiraf edirlər. Məhz bu siyasətin məntiqi nəticəsidir ki, Ermınistan tamamilə iflic vəziyyətə düşübdür. Prezident nəinki mesaj verir, hətta xəbərdarlıq edir. Bu xəbərdarlığı ciddiyə almaq isə ermənilər üçün olduqca faydalıdır. Əks halda durumları indikindən də pis hala düşəcək. Serj Sərkisyan boş-boş sərsəmləyir, ortada nəticə yoxdur. İlham Əliyev isə deyir və dediyini də edir. Nə qədər ki, ermənilərə terrorçu qruplaşması rəhbərlik edəcək, nə qədər ki torpaqlarımızı geri qaytarmayacaqlar, onların vəziyyəti ilbəil daha da gərginləşəcəkdir.

-Sizcə, qarşı tərəf hansı addımı atacaq və cəbhədə atəşkəsin pozulması hallarının artması adekvat cavab sayıla bilərmi?

-25 ildir ki, biz maraqlı bir tendensiyanı müşahidə edirik. 90-cı illərdə münaqişənin həlli istiqamətində udan tərəf ermənilər idi. Lakin son 15 ildə Azərbaycan bütün istiqamətlərdə düşməni küncə sıxıb. Artıq hər bir erməni başa düşür ki, onlar üçün yeganə yol torpaqları qaytarmaqdır. Bunu dərk edən terrorçu Serj Sərkisyan rejimi isə atəşkəsi pozmaqla, cəbhə xəttində hərbi təxribatlar törətməklə diqqəti əsas hədəfdən yayındırmağa çalışır. Hesab edirəm cəbhə xəttində təxribatlar hər an ola bilər. Lakin güclü Azərbaycan ordusu bu təxribatların qarşısını qətiyyətlə almaqdadır.

7News.Az

Xəbər lenti