"Qarabağ" "Beşiktaş"la görüşəcək

"Qarabağ" və Türkiyənin "Beşiktaş" futbol komandaları arasında yoldaşlıq görüşü keçiriləcək. 

7news.Az Report-a istinadən xəbər verir ki, bu barədə "qara qartallar"ın baş məşqçisi Şenol Günəşin Bakıya səfəri zamanı razılıq əldə olunub.

Hər hansı problem ortaya çıxmasa, oyun qışda təşkil ediləcək.

Bununla yanaşı, "Qarabağ" rəsmiləri yaxın vaxtlarda İstanbula yollanaraq, "Beşiktaş"ın klub və komanda sistemi barədə məlumat alacaq. 

Ağdam komandasının baş məşqçisi Qurban Qurbanov həmkarı ilə görüşündə deyib: "Bir müsəlman və qardaş komandanın Çempionlar Liqasında xarüqələr yaratması bütün Azərərbaycan xalqını çox xoşbəxt etdi. Hər kəs sizdən danışır. Həm klub, həm də baş məşqçi olaraq, sizdən nümunə götürürük və götürəcəyik. Bir türkiyəli baş məşqçinin uğuru bizi qürurlandırdı. Sizə təşəkkür edirik. "Beşiktaş"ı qardaş klub seçərək, onun izi ilə gedəcəyik. İnanıram ki, gələcəkdə biz də sizin kimi uğurlar qazanacağıq".

Öz növbəsində Ş.Günəş "Qarabağ"ın doğru yolda olduğunu vurğulayıb: "İnkişaf etməkdə olan bir futbol ölkəsi üçün heç də az olmayan uğur qazandınız. Çempionlar Liqası səbir tələb edir. Biz də bu günlərə belə gəldik. Ötən il 1/8 final mərhələsinin bir addımlığından geri qayıtdıq. Bir türk olaraq, qardaş Azərbaycandan belə bir komandanın ortaya çıxdığı üçün biz də qürur duyuruq. Əlimizdən gələn hər cür yardıma hazırıq. Planlı-proqramlı çalışaraq, sizin də yaxşı səviyyəyə çatacağınıza əminəm".

Qeyd edək ki, görüş zamanı Şenol Günəş Qurban Qurbanova bütün komandanın imzaladığı Pepenin formasını hədiyyə edib. Qurbanov isə həmkarına arxasında türkiyəli mütəxəssisin adının yazıldığı "Qarabağ" forması verib. 

Ş.Günəş və "Beşiktaş"ın idarəetmə üzrə direktoru Əli Naibi "Qarabağ"ın İngiltərənin "Çelsi" klubu ilə keçirdiyi Çempionlar Liqasının qrup mərhələsinin V tur matçını da izləyib. 

 

7news.Az

Xəbər lenti