“Qarabağ”la bağlı qərar açıqlandı

“Qarabağ”la bağlı qərar açıqlandı

Azərbaycan Premyer Liqasının səkkizinci turu çərçivəsində keçirilən "Qarabağ” – "Səbail” matçında Ağdam klubuna heyətində protokolda adı olmayan futbolçu iştirak etdiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.

7News.Az-ın xəbərinə görə, bu barədə qərar bu gün, oktyabrın 23-də, AFFA İntizam Komitəsin iclasında açıqlanıb.

"Qarabağ” klubu həmçinin 8000 manat məbləğində cərimə olunub.

Oktyabrın 21-də "Keşlə” - "Zirə” matçında "Zirə” klubunun dörd futbolçusu və elə həmin gün keçirilən "Sumqayıt” - "Sabah” matçında "Sabah” klubunun dörd futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki komandaya 800 manat məbləğində cərimə tətbiq olunub.

"Sumqayıt” klubunun futbolçusu Vurğun Hüseynov matçın 15-ci dəqiqəsində qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün bir oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

Oktyabrın 20-də keçirilən "Qəbələ” – "Neftçi” matçının 67-ci dəqiqəsində "Qəbələ” klubunun futbolçusu Təmkin Xəlilzadə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün bir oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

Matçın 64-cü dəqiqəsində "Qəbələ” klubunun azarkeşləri tərəfindən meydana kənar əşyalar atıldığı üçün klub 1600 manat, 62-ci dəqiqədə isə "Neftçi” klubunun azarkeşləri tərəfindən meydana kənar əşyalar atıldığı üçün klub 1600 manat cərimə edilib.

Bundan əlavə, "Neftçi” klubunun azarkeşlərinin olduğu sektorda oturacaqlar sındırılıb. "Qəbələ” klubunun təqdim edəcəyi hesaba uyğun olaraq stadiona dəymiş ziyan "Neftçi” klubu tərəfindən ödəniləcək.

7News.Az

Xəbər lenti