Qəbul imtahanları ilə bağlı YENİLİK: Bu suallara verilən səhv cavablar bala təsir etməyəcək

Qəbul imtahanları ilə bağlı YENİLİK: Bu suallara verilən səhv cavablar bala təsir etməyəcək
Dövlət İmtahan Mərkəzi və Təhsil Nazirliyi tərəfindən birgə hazırlanan və 2019-cu ildə tətbiqi nəzərdə tutulan ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsi (buraxılış) imtahanlarının və ali təhsil müəssisələrinə qəbul imtahanlarının modeli təqdim edilib. Yeni dəyişikliklərə əsasən qəbul imtahanında maksimal bal 400 olacaq. Maraqlıdır, bu yeniliklər təhsil sistemimizə nə qazandıracaq?

Təhsil eksperti Kamran Əsədovla bu haqda danışdıq. K.Əsədov qəbul imtahanlarının yeni formatda keçirilməsinin zəruriliyini qeyd etdi:

"2019-cu ildə həm ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanları, eyni zamanda IX və XI illik pillədən buraxılış imtahanları yeni formatda keçiriləcək. Xatırladım ki, 2008-ci ildən başlayaraq, respublikanın ümumtəhsil müəssisələrində yeni təhsil proqramları (kurikulumlar) tətbiq olunur və yeni məzmun standartlarına uyğun hazırlanmış dərsliklərdən istifadə edilir. Buna görə qəbul imtahanlarının yeni formatda keçirilməsi zəruri idi. Lakin 2017-ci ildə məhz ilk dəfə kurikulumla təhsil almağa başlayanların IX sinifdə buraxılış imtahanları keçirildi, ortaya heç də xoş olmayan nəticə çıxdı. Məlum oldu ki, 2019-cu ildə 5-6 fənndən qəbul imtahan verəcək şagirdlər 2017-ci ildə 2 fənndən verdikləri buraxılış imtahanları nəticəsinə görə kurikulumu demək olar ki, anlamayıblar, mənimsəməyiblər. Bununla yanaşı, 2019-cu ildə qruplara daxil olan fənlər üzrə bal paylanma əmsalının hələ də açıqlanmaması ciddi narahatlıq doğurur. Doğrudur, 2019-cu ildən etibarən buraxılış imtahanlarında toplanılan balın qəbul imtahanına birbaşa təsir etməsi buraxılış imtahanlarının əhəmiyyətini artırsa da, hələ də buraxılış imtahanı və qəbul imtahanının keçid balının müəyyən olunmaması narahatlıq yaradır”.

K.Əsədovun sözlərinə görə, 7 ay sonra qəbul imtahanı tamamilə yeni formatda keçirilməsi planlaşdırılsa da, hələ də qəbul aparılacaq fənlər üzrə proqramlar yoxdur:

"Ədəbiyyat siyahısı yoxdur. İki ildir IX siniflər üzrə keçrilən buraxılış imtahanları zamanı müəyyən sayda yoxlayıcı markerin səhvə yol verməsi səbəbindən yüzlərlə şadirdin biliyi düzgün qiymətləndirilməmişdi. Bu hal hər il təkrarlanır. Çünki buna qədər nəticələr proqram təminatı tətbiq edilməklə yoxlanılırdısa, bundan sonra azı hər fəndən 3, ümumilikdə qəbul imtahanında 9, amma buraxılış imtahanında azı 15 test tapşırığı insan faktoru tətbiq edilməklə - marker vasitəsi ilə yoxlanılacaq. Təbii ki, insan faktorunun tətbiq olunacağı yoxlama prosesində müəyyən nöqsanlar, səhvlər olacaq. Danılmaz faktdır ki, respublikada qiymətləndirmə sahəsində yeni yanaşmaya ehtiyac yaranmışdır”.

Ekspert bildirir ki, bunun üçün dünya təcrübəsindən, konkret olaraq İELTS və SAT imtahanlarının nümunəsindən istifadə etmək lazımdır:

"Bu həm şagird biliyinin müasir standartlara uyğun qiymətləndirilməsinə imkan yaradacaq, həm də valideyinlərin əlavə xərc çəkərək repetitorlara müraciət etməməsi ilə nəticələnəcək. DİM yeni qaydaları müəyyən etsə də, hələ də bütün qəbul qrupları üzrə imtahan iştirakçısına təqdim ediləcək situasiya tipli test tapşırıqlarını müəyyən etməyib. Bundan başqa, Azərbaycan dili və ingilis dili fənni üzrə qəbul imtahanlarında 5-ci qrupun mətn üzrə standartları müəyyənləşməyib. Bundan başqa XI siniflər üzrə kurukulum standartları əsasında tərtib edilmiş sinif testləri, test bankları çap olunmayıb. Digər bir çatışmazlıq ondan ibarətdir ki, təhsil islahatlarına görə bizim yaddaş məktəbindən təfəkkür məktəbinə keçməyimiz tələb olunsa da, təqdim edilmiş imtahan modeli hələ də yaddaş məktəbi üzərində qurulub və kimin yaddaşı güclüdürsə, onun yaxşı nəticə əldə etməsi ilə nəticələnəcək”.

Ekspert yeniliklərin yaradacağı mənzərədən danışıb:

"Əvvəlllər qəbul imtahanında maksimum bal 700 bal idi. Buraxılış imtahanlarında toplanan bal qəbul imtahanına təsir etmirdi. 2019—cu ildə isə bu 700 bal iki hissəyə bölünəcək. Belə ki, XI siniflər verəcəkləri buraxılış imtahanında 0-300 arası bal toplamalıdır (əvvəlki ilin məzunları eyni modeldə V qrupda imtahan verəcək) ondan sonra seçdikləri ixtisas qrupu üzrə 0-400 bal arası toplamaq üçün imtahan verəcəklər. Yekunda hər iki mərhələdə əldə edilmiş ballar toplanacaq və yekun bal olaraq ali və orta ixtisas təhsili müəssisələrinə ixtisas seçimi etmək üçün yekun bal olacaq. Bu əlbətdə ki, buraxılış imtahanlarına münasibəti dəyişəcək. Şagirdlər buraxılış imtahanına daha ciddi hazırlaşacaq ki, bu mərhələdə əldə edəcəkləri nəticə onlara qəbul imtahanında ciddi şəkildə kömək etsin. Hesab edirəm ki, 2019-cu ildən tətbiq olunacaq yenilik repetitorluğa ciddi şəkildə zərbə vuracaq və orta məktəblərin nüfuzunu qaldıracaq. Çünki məktəb buraxılış imtahanının nəticəsinin yaxşılşdırılmasında maraqlı olacaq.

Apardığım araşdırmalar göstərirdi ki, on illərdə keçirilən buraxılış imtahanları və qəbul imtahanlarının nəticələrinin statistik təhlili zamanı ortaya çox fərqli bir mənzərə çıxırdı. Buraxılış imtahanlarının nəticələri ilə qəbul imtahanları arasında həmişə ciddi fərqlər olur. Dövlət İmtahan Mərkəzi tərəfindən ali məktəblərə qəbul imtahanları zamanı biliyin qiymətləndirilməsinin ayrı-ayrı fənlər üzrə aparılması repetitorluğu daha da gücləndirən amillərdəndir. İndi isə mənzərə dəyişəcək. Vacib bir şeyi də qeyd edim ki, DİM onu yazmayıb, deməli, qapalı tapşırıqlarda səhv düzü aparacaq. Amma açıq sualda səhv olsa o düz cavablara təsir etməyəcək və bal aparmayacaq. Qəbul imtahanları 2 dəfə olacaq. Amma buraxılış imtahanı və 5 - ci qrup 1 dəfə keçiriləcək. 2019-cu ildə keçiriləcək IX və XI siniflər üzrə ən ciddi problem xarici dil fənnindən olacaq. Çünki indiyə qədər orta məktəblərdə Dinləmə mətni tətbiq edilməyib. Amma DİM dinləmə mətninə dair (publisistik və ya dialoq), 6 tapşırıq (3 qapalı+3 yazı tələb olunan açıq) imtahan iştirakçılarına təqdim edəcək. Bu ciddi problem yaradacaq. Orta məktəblərdə bu qurğu yoxdur, şagirdlərdə bu bilik və bacarıqlar yoxdur və öyrədilməyib. Amma indi bundan bacarıqlar yoxlanılacaq. Artıq 18 ildir ki, alternativ variantlarla sualları cavablandırmağa öyrəşən abituriyentlərə neçə ildir ki, açıq testlər də verilir. 7 ildir ki, qəbul imtahanlarında müəyyən fənlər üzrə açıq tipli test tapşırığı təqdim olunur. Qapalı test tapşırığı o test tapşırığıdır ki, imtahan iştirakçılarına sualın cavabı variantlarla təqdim olunur və o doğru bildiyi cavabı seçir. Açıq test tapşırığında isə iştirakçı cavabı özü yazır. Bunun kifayət qədər müsbət tərəfi var. Nəzərə alaq ki, qapalı test suallarının cavablandırılmasında təsadüfi amillər, yəni müəyyən qədər bəxt də rol oynayır. Çünki qarşısındakı hər bir sualın 5 mümkün cavabına baxan abituriyent onlardan birinin düz olması haqqında təsadüfi fikrə gəlir və həmin cavabı da qeyd edir. Bununla da o, imtahanda uğur qazanmaq şansını artırır”.

Ekspert bildirib ki, açıq sualların tətbiqində isə bu təsadüfilik amili aradan qaldırılır:

"Maraqlı hal odur ki, açıq sualı cavablandıra bilməyən abituriyent digər bir abituriyentin bu suala verdiyi istər düz, istərsə də səhv cavabı köçürə bilməyəcək. Həmin suallara verilmiş səhv cavablar da abituriyent üçün cərimə kimi hesablamayacaq: 1)Vurğu, heca builki qəbul proqramında olmayacaq.(İndiki 11-cilərin 5-ci sinif dərsliyində olmayıb.) 2)Təsirli, təsirsiz feil anlayışı çıxarılıb. 3)Əməli yazı növləri çıxarılıb. 4)Tabeli və tabesiz mürəkkəb cümlənin növləri çıxarılıb. 5)Neologizmlər və dialekt sözlər olmayacaq. 6)Obrazlılığın səviyyə göstəriciləri çıxarılıb. 7) Xülasə və tezisin yazılması salınıb. 8)Azərbaycan dilindən bir neçə ildən sonra xarici dildəki kimi dinləyib anlama standartına uyğun mətnlərin də qəbula salınması nəzərdə tutulub. 9)11-ci sinfin buraxılış imtahanları aprel ayında olacaq. (Bu, standartlara və metodikaya ziddir-) 10)Qəbul imtahanları 2 dəfə olacaq- ənənəvidəki kimi (Bloklar üzrə imtahandan söhbət gedir.). 11)Ədəbiyyatdan nəzəriyyə materialları əvvəllər olduğu kimi qalır. 12)5-11ci siniflərin dərsliklərindəki son səhifədə ədəbiyyatşünaslıq terminlərindən test düşə bilər. 13)Ədəbiyyat üzrə əsas qəbul proqramı 10-11-ci sinif dərslikləri üzrədir. 14)Ədəbiyyatdan aşağı siniflərdən (5-9-cu sinif) də 100-ə qədər əsər seçilib salınacaq.(100-ə qədər əsər əsas sayılmır, 2 sinif kitabı əsas sayılır!?-) 15)İxtisarla, yarımçıq verilən əsərləri tam oxumağa ehtiyac yoxdur. Dərslikdə nə qədərdirsə, ordan sual düşəcək. Amma növbəti illərdə belə olmayacaq. Xarici ədəbiyyatdan da suallar olacaq.(Yəni əzbərlə, hələ təfəkkür məktəbindən xəbər yoxdur!) 16)Ədəbiyyatda icmal mövzuları da düşəcək. 17)5-ci qrupun mətn üzrə standartları müəyyənləşməyib.(İmtahanın qurtarmağını gözləyirlər, sonra müəyyənləşəcək) 18)Digər ixtisas qrupların 10 qapalı sualının məzmunu da 5-11-ci siniflərin bütün qrammatika mövzularını əhatə edəcək. 19)Qapalı tapşırıqlarda səhv düzü aparacaq”.

7News.Az

Xəbər lenti