Qənirə Paşayeva: “Şəhidlər Xiyabanında xarici dillərdə heç bir məlumat lövhəsi yoxdur”

Qənirə Paşayeva: “Şəhidlər Xiyabanında xarici dillərdə heç bir məlumat lövhəsi yoxdur”

Millət vəkili Q.Paşayeva MM-də işğal altında olan ərazilərlə bağlı qanunun qəbul edilməsi, 31 Mart soyqırımı və Şəhidlər Xiyabanı ilə bağlı təkliflərlə çıxış edib. 

Millət vəkili Q.Paşayeva MM-in yaz sessiyasının açılışında, Milli Məclisin 2018-ci il yaz sessiyasının qanunvericilik işləri planı haqqında Azərbaycan Respublika Milli Məclisinin qərarının layihəsi barədə müzakirələrdə gündəliyə işğal altında olan ərazilərlə bağlı qanun layihəsinin də salınmasını təklif edib və qəbul edilməsinin vacibliyini vurğulayıb:”Çünki Azərbaycanın işğal olunmuş ərazilərinə etirazlarımıza baxmayaraq, hələ də qanunsuz səfərlər edilir, Azərbaycandan icazə alınmır. Bu səfərləri edənlərin çoxu da Qarabağ münaqişəsinin həlini öz üzərinə götürən ATƏT-in Minsk qrupuna daxil olan ölkələrin təmsilçiləridir. Ona görə də belə qanunsuz səfərlərin qarşısını almaq məqsədi ilə "İşğal olunmuş ərazilər haqqında” qanun layihəsinin hazırlanması və qəbuluna ciddi ehtiyac var. Biz nəhayət, belə bir qanunu qəbul etməliyik. Mən Xarici İşlər Nazirliyimiz tərəfindən arzuolunmaz şəxslər elan edilmiş, yəni Azərbaycan dövlətinin icazəsi olmadan onun Ermənistan tərəfindən işğal olunmuş torpaqlarına qeyri-qanunu səfərlər edən insanların siyahısına baxdım. Siyahıdaki insanların çoxu Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində yaradılmış ATƏT-in Minsk Qrupunun həmsədrləri və üzvü olan ölkələrin vətəndaşlarıdır. Bu ölkələr münaqişənin tənzimlənməsində obyektiv, ədalətli mövqe tutmalıdırlar, amma vətəndaşları qanunsuz olaraq Azərbaycanın işğal altında olan torpaqlarına qanunsuz səfərlər edən ölkələr arasında liderlik edirlər.

Arzuolunmaz şəxslər siyahısına baxdıqda görürük ki, son 5 ildə onların sayı artır. Azərbaycan dövlətinin icazəsi olmadan onun işğal altında olan ərazilərinə səfər edən siyasətçilər, QHT, sənət insanları ilə yanaşı turistlərin, orada bizneslə məşğul olan və ya o bölgələrlə biznes əlaqələri olan xarici vətəndaşların, şirkətlərin də sayı artır, çünki işğalçı Ermənistan bununla bağlı qeyri-qanunu əməllərini davam etdirir və bu məsələ ilə bağlı xüsusi siyasət həyata keçirir. Onların işğal altında olan Azərbaycan torpaqlarına xaricilərin səfərlərinin, turistlərin ziyarətinin artması üçün, xarici şirkətlərin artması üçün həyata keçirdikləri siyasət və onların məqsədlərini hamımız bilirik və bunun qarşısını almaq üçün addımlarımızı daha da sərtləşdirməliyik. Bu hallar bizi ciddi narahat etməlidir və bunun qarşısını almaq üçün daha sərt tədbirlərə əl atılmalıdır. Hesab edirəm ki, belə bir qanunun qəbulu vacibdir və yaz sessiyamızın gündəliyinə daxil edilməsini və sessiya dövründə müzakirə edilərək qəbul edilməsini təklif edirəm. Bu qanun işğal edilmiş ərazilərimizlə bağlı məsələlərin vurğuladığım məsələlərdən daha da geniş məsələləri əhatə edə bilər və etməlidir”. Millət vəkili Q.Paşayeva Milli Məclisdə həmçinin 1918-ci ildə azərbaycanlılara qarşı erməni daşnakları,erməni silahlı və terror qrupları tərəfindən həyata keçirilən soyqırımın 100-cu ildönümünün yaxınlaşdığını deyib.O,bildirib bu il martln 31-də bu acı faciənin 100-cü ildönümü tamam olur və biz dünya ictimaiyyətinə bu məsələni daha da geniş duyurmaq üçün xaricdən çox sayda tarixçiləri, ictimai-siyasi xadimləri, QHT və KİV təmsiçlilərini də dəvət edərək böyük tədbirlər həyata keçirməliyik. Ən vacib məsələ isə 1918-ci il soyqırımı ilə bağlı Bakıda abidənin yaradılması və orada bu faciə barədə məlumatların əks olunması çox vacibdir. Ölkəmizin ziyarət edən insanlara bununla bağlı həqiqətlərin daha geniş təbliğ olunması və tariximiz üçün bu çox vacibdir deyən millət vəkili Q.Paşayeva 31 Mart soyqırımının 100-cü ildönümündə Milli Məclis tərəfindən dünya ictimaiyyətinə müraciətin qəbul olunmasının vacibliyindən də danışıb, bununla bağlı təkliflər çıxış edib.

Millət vəkili Q.Paşayeva Milli Məclisdə həmçinin ildönümü yaxınlaşan Xocalı soyqırımı barədə də danışıb, Şəhidlər Xiyabanında Xocalıya aid monument, abidə və məlumat lövhəsinin qoyulmasını təklif edib və Bakı Şəhər İcra Hakimiyyətinə çağırış edib. O, bildirib ki, belə abidə və məlumat lövhəsinin Şəhidlər Xiyabanına qoyulması çox vacib məsələdir: "Belə ki, ölkəmizə gələn bütün xarici qonaqlar protokola uyğun olaraq mütləq Şəhidlər Xiyabanını ziyarət edir. Eyni zamanda turistlər arasında da Şəhidlər Xiyabanını ziyarət edənlər az deyil.

Beləliklə, Şəhidlər Xiyabanında Xocalı soyqırımı qurbanlarının xatirəsinə abidə qoyularsa, lövhədə xarici dillərdə məlumat yerləşdirilərsə, ölkəmizə gələn bütün qonaqlar protokol qaydasında və ya turist kimi Şəhidlər Xiyabanını ziyarət edən zaman Xocalı soyqırımı qurbanlarının xatirə abidəsini də ziyarət etmiş və bu barədə daha da geniş məlumatlar almış olacaqlar”. Millət vəkili Q.Paşayeva Şəhidlər Xiyabanı ilə bağlı təkliflərlə də çıxış edib: "20 Yanvar hadisələrinin ildönümündən 1-2 günə əvvəl Şəhidlər Xiyabanını ziyarət edən zaman orada xeyli turist gördüm. Baxmağa gəlmişdilər. Amma təəssüf ki Şəhidlər Xiyabanında bu xiyabanla bağlı məlumatları əks etdirən xarici dillərdə heç bir məlumat lövhəsi yoxdur.

Bu lövhələrin yerləşdirilməsi, ən çox yayılmış xarici dillərdə məlumat verən bir neçə bələdçinin orada fəaliyyətini təmin etmək, müxtəlif xarici dillərdə hazırlanan kiçik məlumat broşurlarının bələdçilər tərəfindən ziyarət edən qonaqlara verilməsinin təmin edilməsi, onlara pulsuz məlumatların verilməsini işinin təşkili Bakı Şəhər İcra hakimiyyəti və ya müvafiq qurumlar tərəfindən həyata keçirilə bilər, bu çətin məsələ deyil, böyük maliyyə vəsaiti də tələb etmir amma əvəzində biz Şəhidlər Xiyabanını ziyarət edən hər turistin daha dərin bilgilərlə dönməsini təmin edə bilərik ki bu da bizim üçün, həqiqətlərimizin yayılması üçün çox vacib məsələdir və müvafiq qurumları bu məsələni qısa zamanda həyata keçirməyə çağırırıq”.


Xəbər lenti