"Qoca” ilə birgə qaçan məhbus apellyasiya şikayəti verdi

Bakıda qatardan qaçan məhbus Əli Ağami əvvəlki cinayət işi üzrə məhkəmə hökmündən apellyasiya şikayəti verib.

7news.Az Report-a istinadən xəbər verir ki, apellyasiya şikayəti Lənkəran Ağır Cinayətlər Məhkəməsinə təqdim edilib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsi yaxın günlərdə şikayəti Şirvan Apellyasiya Məhkəməsinə göndərəcək.

O, cəzasının yüngülləşdirilməsini istəyir.

Qeyd edək ki, qəsdən adam öldürmədə təqsirləndirilən Ə.Ağaminin cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılırdı. Dövlət ittihamçısı onun 19 il müddətə azadlıqdan məhrum edilməsini istəyib.

Ə.Ağami və digər məhbus, "Qoca" ləqəbli Etibar Məmmədov oktyabrın 22-də gecə Lənkərandan Bakıya qatarla gətirilib. Oktyabrın 23-də səhər saatlarında Biləcəri stansiyasında E.Məmmədovla Ə.Ağami qatardan düşürülən zaman qaçıblar. Bir müddət sonra Ə.Ağami Şirvanda həbs edilib. E.Məmmədov isə əməliyyat zamanı öldürülüb.

Xatırladaq ki, 28 yaşlı Ə.Ağami 2015-ci ilin noyabrında Şirvan şəhərində 2 nəfərin xuliqanlıq zəminində qətlə yetirilməsi cinayətindən sonra həbs edilib. Belə ki, Şirvan şəhər sakinləri Elvin Nəciyev və Zaur Sarıbalayevin qətlə yetirilmələri ilə əlaqədar tutulan 5 nəfərdən biri də Ə.Ağamidir. Qətlə yetirilən E.Nəciyev kriminal aləmdə "Krıtıy Elvin” adı ilə tanınıb.

Hazırda Ə.Ağaminin qaçmasına görə açılmış cinayət işi üzrə istintaq davam etdirilir.

Sabunçu Rayon Məhkəməsinin inzibati binasında, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimlər kollegiyası Ə.Ağami və digərlərinə hökm oxuyub.

Məhkəmənin hökmü ilə Ə.Ağami 19 il, Məhəmməd Heydərov ("Maqa Hacıqabullu"), Tahir Məlikov ("Marojna") və Əfsər İbrahomovun hər biri isə 18 il müddətinə azadlıqdan məhrum edilib.

 

7news.Az

Xəbər lenti