“Qürbət zöhrəsi” kitabının təqdimat mərasimi keçirilib.

“Qürbət zöhrəsi” kitabının təqdimat mərasimi keçirilib.

 

       "Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzində Ulduz Qasımın "Qürbət zöhrəsi” kitabının təqdimat mərasimi keçirilib.

       Novruz bayramı ərəfəsində təşkil edilən təqdimat mərasimini "Dilbərim” rəqs qrupunun balaca fidanları "Dəsmal” rəqsi ilə açıq elan ediblər.

     Milli nəsrimizdə səmimiyyət və etiraf dərinliyinə görə seçilən "Qürbət zöhrəsi” romanında tələbəlik illərində ilk məhəbbəti daşa dəyən, taleyin faciəli düşüncə daşıyıcısı olan bir ailə içərisində yaşamağa ürcah etdiyi Zöhrənin çəkdiyi iztirab və yaşantılardan bəhs edir. Yazıçı oxucuları inandırmağa çalışır ki, cəmiyyətin zülmətə bürünməsi yalnız qəlbi və fikri qara olanlarda deyil, içi işıqla dolu insanların mütiliyində, azadlığa doğru bir addım da atmamasındadır. Əsərin baş qəhrəmanı Zöhrə abrına qısılıb yalnız qadın və ana borcunu yerinə yetirir, düşdüyü mühitə qarşı bir zərrə qədər də müqavimət göstərmir.

      Bu barədə yazıçı Ulduz Qasımın "Qürbət zöhrəsi” kitabının "Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzində keçirilən təqdimat mərasimində danışılıb.

       Tədbirdə "Loqos” jurnalının baş redaktoru Rəhilə Gülgün, Əməkdar Jurnalist Tahir Aydınoğlu, Əməkdar Mədəniyyət İşçisi Vaqif Bəhmənli, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidmətinin rəhbəri Yadigar Məmmədli, Yazıçılar Birliyi Gənclər Şurasının sədri, şair Elşad Ərşadoğlu, "Kredo” qəzetinin baş redaktoru Əlirza Xələfli, Psixoloji Xidmət və Tədqiqatlar İctimai Birliyinin icraçı direktoru Leyla Kərimova, Əməkdar Müəllim Almaz Həsrət və başqaları çıxış edərək mühacir həyatı yaşayan Azərbaycan qadını haqqında avtobioqrafik roman təsiri bağışlayan əsər barədə öz fikirlərini bölüşüblər. Qeyd olunub ki, müəllifin "Mən aşiqəm Qarabağda” və "Tələbə gündəliyi” kitablarından sonra çıxan bu nəsr əsərində daha ciddi və daha aktual, minlərlə qadının həyatından keçən mütilik və davranış normalarının onlara gətirdiyi ağrı və sızıltılardan bəhs olunur.

     Romanın müəllifi Ulduz Qasım əsərə verdikləri yüksək dəyərə görə tədbirin iştirakçılarına minnətdarlığını ifadə edib.

      Bayram əhval –ruhiyyəli təqdimatın yekununda kitabın imzalanma mərasimi baş tutub.

 

 

7News.Az

Xəbər lenti