Rublun dəyərsizləşməsi manata təsir edəcəkmi? - AÇIQLAMA

Rublun dəyərsizləşməsi manata təsir edəcəkmi? - AÇIQLAMA

Bu ilin əvvəlindən başlayaraq valyuta bazarında dollar satışı daha da artıb. Bu isə Dövlət Neft Fondunun valyuta hərraclarında təklifinin artmasına səbəb olub.

Fondun açıqlamasına görə, üç ay ərzində fondun cəmi xarici valyuta satışı 1,310 milyard dollar olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 65.1%, yaxud 516.8 milyon ABŞ dolları çoxdur.

İqtisadçı-ekspert Vüqar Bayramov 7news.Az-a açıqlamasında bildirdi ki, cari ilin üç ayında hər ay əvvəlki aya nisbətən dollar satışında artım qeydə alınıb: 

"Mərkəzi Bankın məlumatına görə, yanvarda 299.1 milyon dollar, fevralda 364.1 milyon dollar (əvvəlki ayla müqayisədə artım: 21.7%), martda isə 647 milyon dollar (əvvəlki ayla müqayisədə artım: 77.7%) satılıb.

2017-ci ilin yanvar-mart ayları ərzində Fond cəmi 793.4 milyon dollar həcmində xarici valyuta satmışdısa, bu ilin eyni dövründə bu rəqəm 1.3 milyard dollaradək yüksəlib. Xarici valyutaya tələbin artması valyuta dəyişmə məntəqələrində də milli valyutanın kursunun cüzi də olsa, azalmasına səbəb olub.

Əgər ilin əvvəlində banklar 1 dolları orta hesabla 1.69 manat kursu ilə alırdılarsa, indi alış məzənnəsi 1.7025-dək dəyişib. Bu arada, Rusiya və Türkiyədə milli valyutaların məzənnələri də psixoloji həddən aşağı düşüb.

Artıq Rusiyada 1 dollar almaq üçün 60 rubldan, Türkiyədə isə 4 lirədən çox pul ödəmək lazımdır. Proqnozlaşdırdığımız kimi, hər iki qonşumuz Qərb ölkələri ilə gərginliyə iqtisadi baxımdan duruş gətirməkdə çətinlik çəkirlər. Bunlarla yanaşı, rublun məzənnəsinin necə dəyişməsi iqtisadi baxımdan bizim üçün də əhəmiyyətlidir.

Belə ki, ötən il 1 milyard 538 milyon dollarlıq qeyri-neft sektoru üzrə ixracatımızın 553 milyon dolları Rusiya bazarına yönəlib. Bu isə o deməkdir ki, Azərbaycanın ümumi qeyri-neft ixracatının 36 faizə yaxını məhz şimal qonşumuzun payına düşür”.

V.Bayramovun sözlərinə görə, rublun məzənnəsi qeyri-neft ixracatımıza birbaşa təsir göstərən faktorlardandır:

"Bu baxımdan, rublun dəyərsizləşməsi manata təzyiqləri artıran faktorlardandır. Qeyri-neft sektorunda ikinci paya malik olan Türkiyədə də milli valyutanın ucuzlaşması bizim üçün arzuolunan deyil. Azərbaycanda büdcə xərcləmələri və eləcə də, idxalın artması fonunda dollara tələbin növbəti aylarda artacağı gözlənilir.

Azərbaycanda dollara tələbin artması və eləcə də, qonşu ölkələrdə milli valyutaların ucuzlaşması fonunda Mərkəzi Bankın çevik məzənnə siyasətinə keçməsinə ehtiyac var. Neft bumu dövründə inzibati metodla 0.78 məzənnəsi qorumaq nə qədər məqsədəuyğun deyildisə, indi dəyişməyən 1.70 kursunun saxlanması o qədər arzuolunan deyil.

Mərkəzi Bank interval məzənnəyə üstünlük verməli və sabit kurs deyil, optimal interval daxilində məzənnə stabilliyinə nail olmağa çalışmalı idi və çalışmalıdır. Bu halda dollara tələbin artması və xarici faktorların valyuta bazarımıza təsirlərini minimumlaşdırmaq daha asan olardı”.

7news.Az

Xəbər lenti