Rusiya – Azərbaycan Gənclər Forumu başladı - FOTO

Rusiya – Azərbaycan Gənclər Forumu başladı - FOTO

Bu gün Rusiyanın paytaxtı Moskvada Qubkin adına "Neft və Qaz” İnstitutunda sayca VI Rusiya – Azərbaycan Gənclər Forumu öz işinə

başlayıb.

7News.Az xəbər verir ki, Azərbaycan bu foruma Gənclər və İdman naziri Azad Rəhimovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə qatılıb.

Ümumilikdə iyirmi nəfərin iştirak etdiyi heyətin tərkibində gənclər təşkilatlarının nümayəndələri, gənc sahibkarlar, gənclərlə iş sahəsində çalışan müəssisə və təşkilatların üzvləri var.

Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu, Rusiya Federasiyası Gənclərlə İş üzrə Federal Agentliyin Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri Dmitri İvanov, Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin üzvü Olqa Timofeyeva, Qubkin adına Neft və Qaz Universitetinin prorektorları – Marina Filatova və Aleksandr Muradov da forumda iştirak edib.

Rəsmilər Azərbaycan və Rusiya arasında əlaqələrin möhkəmlənməsində, gələcək inkişafında digər sahələrin olduğu kimi, gənclər sahəsinin də çox böyük əhəmiyyət daşıdığını bildirib. Hər iki ölkə gənclərinin diplomatik, humanitar, sahibkarlıq və digər sahələrdə ünsiyyəti, fikir mübadiləsi aparmaları inkişafın əsasını təşkil edir.

Rusiyanın müxtəlif universitetlərində təhsil alan çox sayda azərbaycanlı gəncin olduğu və Rusiya hökumətinin müxtəlif sahələrdə azərbaycanlı tələbələr üçün qrant ayırdığı, onları diqqətdə saxladığı da rəsmilər tərəfindən forum iştirakçılarına bildirilib.

Forumda çıxış edən Azad Rəhimov artıq ənənə halını alan bu tədbirin hər iki ölkənin gəncləri arasında sıx əlaqələrin qurulmasında, qarşılıqlı fikir, informasiya mübadiləsinin aparılmasında əvəzsiz rol oynadığını bildirib. A.Rəhimov ölkə başçısı cənab İlham Əliyevin "Bütün sahələrdə effektiv dinamika Azərbaycan – Rusiya münasibətlərinin ruhunu, xasiyyətini göstərmiş olur” fikrini də toplantı iştirakçılarının diqqətinə çatdırıb: 

"İlk dəfə 2013-cü ildə Bakıda "Yeni nəsil: sərhədsiz məsuliyyət” başlığı altında keçirilən forumda qəbul olunan qətnamə qarşılıqlı dialoq və əməkdaşlığın möhkəm bünövrəsini qoyub, gələcək əməkdaşlığa təkan verdi.

2009-cu ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə yaradılan AMOR Təşkilatı da hər iki ölkə gənclərinin müxtəlif toplantılarda bir araya gələrək, müxtəlif mövzular ətrafında dialoq qurub, fikir mübadiləsi aparmalarında böyük rol oynayır”.

Azərbaycanın müxtəlif beynəlxalq təşkilatlara üzv olduğunu diqqətə çatdıran nazir Azad Rəhimov bu günün həqiqətlərindən irəli gələrək, Azərbaycanın müxtəlif ölkələrlə qarşılıqlı əməkdaşlığına, inkişafa xüsusi əhəmiyyət verdiyini bildirib. Çıxışının sonunda nazir A.Rəhimov forum çərçivəsində müzakirə olunacaq aktual mövzularda gəncləri aktiv olmağa və qarşılıqlı fikir mübadiləsi aparmağa çağırıb.

Məlumat üçün bildirək ki, forumun proqramına əsasən gənclər "Könüllülük”, "Gənclər təşkilatları” və "Sahibkarlıq” mövzusunda keçirilən panel iclaslarda müzakirələrə qoşulublar. Proqramın davamı olaraq Azərbaycan nümayəndə heyəti sabah Dağıstanın paytaxtı Mahaçqalaya yola düşəcək. Səfər çərçivəsində müxtəlif təqdimatların keçirilməsi, qarşılıqlı təcrübə mübadiləsinin aparılması nəzərdə tutulub.

 

7News.Az


Xəbər lenti