Rusiya Dövlət Duması Ermənistanla birləşmiş qoşun qruplaşmasının yaradılması haqqında sazişi ratifikasiya edib

Rusiya Dövlət Duması Ermənistanla birləşmiş qoşun qruplaşmasının yaradılması haqqında sazişi ratifikasiya edib

Bu gün Rusiya Dövlət Duması Ermənistanla ötən ilin noyabrın 30-da Moskvada imzalanmış birləşmiş qoşun qruplaşmasının yaradılması haqqında sazişi ratifikasiya edib.

 

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, saziş və sənədə əlavə Rusiya-Ermənistan birləşmiş qoşun qruplaşmasının təyinatını, formalaşdırılmasını və istifadəsini müəyyən edir.

 

Sazişdə qeyd olunur ki, Rusiya-Ermənistan birləşmiş qoşun qruplaşmasının yaradılmasının əsas məqsədi Qafqaz kollektiv təhlükəsizlik bölgəsində hərbi təhlükəsizliyin təmin edilməsidir. Müqaviləyə əsasən, birləşmiş qoşun qruplaşmasının əsas vəzifələri Rusiya və Ermənistana qarşı birbaşa hücum hazırlığını müəyyənləşdirmək və dəf etmək; hər iki ölkənin dövlət sərhədini qorumaq; hərbi-kosmik məkanda Rusiya və Ermənistanın dövlət sərhədlərinin mühafizəsini həyata keçirmək; hər iki ölkənin qoşunlarının və bölgədəki strateji obyektlərinin havadan müdafiəsində iştirak etməkdir. 
 

Saziş Rusiya-Ermənistan birləşmiş qoşun qruplaşmasının idarə olunması üçün birləşmiş komandanlığın yaradılmasını nəzərdə tutur.
 

Qoşun qruplaşmasından istifadə qərarı Rusiya və Ermənistanın ali baş komandanları tərəfindən qəbul olunur. Beşillik saziş avtomatik olaraq növbəti 5 il müddətinə uzadıla bilər.

Xəbər lenti