"Rusiya pulunun dəyərsizləşməsi Azərbaycanın valyuta bazarına mənfi təsir göstərə bilər" - Vüqar Bayramov

ABŞ milli kəşfiyyatın rəhbəri Deniel Kouts həftə ərzində Rusiyaya qarşı yeni sanksiyaların tətbiq edilə biləcəyini söyləyib. Məhz ABŞ-ın Rusiyaya tətbiq etdiyi yeni sanksiyalar şimal qonşumuzun iqtisadiyyatı üçün yaxşı heç nə vəd etməməklə yanaşı, Moskvanı yenidən pisləşmiş makroiqtisadi göstəricilər sindiromu ilə üz-üzə qoya bilər. Ümumiyyətlə, Rusiyaya tətbiq olunan sanksiyalar Azərbaycan iqtisadiyyatına təsir edə bilərmi?

Məsələ ilə bağlı BNEWS.az-a açıqlama verən iqtisadçı-ekspert Vüqar Bayramov bildirib ki, Rusiya Azərbaycanın qeyri-neft sektorunda əsas ticarət tərəfdaşlarından biridir: "Hazırda Azərbaycanın qeyri-neft sektorunda istehsal olunan məhsulların əhəmiyyətli hissəsi Rusiya bazarına ixrac olunur. Eyni zamanda, ixrac olunan kənd təsərrüfatı məhsullarının da 90%-i Rusiya bazarına göndərilir”.

Vüqar Bayramovun sözlərinə görə, ABŞ-ın Rusiyaya tətbiq etdiyi sanksiyalar Azərbaycan iqtisadiyyatına birbaşa təsir göstərməyəcək: "Əgər Rusiya iqtisadiyyatı zəifləyərsə, əhalinin alıcılıq qabliyyəti aşağı düşərsə, o zaman Azərbaycan iqtisadiyyatına bu dolayı yolla təsir göstərə bilər. Qeyri-neft sektorunda Rusiyanın payı həlledici olsa belə, Azərbaycanın ümumi ixracatında Rusiyanın payı böyük deyil. Bu baxımdan da ABŞ-ın Rusiyaya tətbiq etdiyi sanksiyaların Azərbaycan iqtisadiyyatına birbaşa təsir gözlənilmir”.

Ekspert vurğulayıb ki, Rusiya pulunun dəyərsizləşməsi iqtisadi baxımdan bizim üçün arzuolunan hal deyil: "Çünki Rusiyaya ixrac imkanlarımız azala bilər. Eləcə də Rusiya pulunun dəyərsizləşməsi psixoloji olaraq Azərbaycanın valyuta bazarına mənfi təsir göstərə bilər. Bu baxımda ABŞ Rusiyaya tətbiq etdiyi yeni sanksiyaların təsiri Rusiya iqtisadiyyatının buna necə cavab verməsindən asılı olacaq. Rusiya pulu dəyərsizləşəcəksə, iqtisadi inkişaf prosesində azalma maşahidə olunarsa, o zaman Azərbaycan iqtisadiyyatına dolayı təsir olacaq”.

BNEWS.az

Xəbər lenti