Rusiyalı hakim “Neftçi”nin ermənilərlə danışılmış oyunlarını açıqladı

Rusiyalı hakim “Neftçi”nin ermənilərlə danışılmış oyunlarını açıqladı

Sabiq rusiyalı hakim İqor Rutskoy danışılmış matçlar barədə açıqlama verərkən Bakının "Neftçi” komandasının adını hallandırıb.

7News.Az xəbər verir ki, 1991-ci ildə Rusiyanın 15 ən yaxşı hakimi siyahısına düşmüş Rutskoy müsahibəsində maraqlı fakta toxunub:

"Rusiya Futbol İttifaqında danışılmış matçlar üzrə komissiya var idi. Ancaq heç bir qərar qəbul edilmirdi. Biri kimisə danışılmış oyunda günahlandırır, digəri onu inkar edir və deyirdi ki, o ən düzgün insandır. Nəyisə sübut etmək çətin idi.

1989 və ya 1990-cı ildə Qarabağda müharibə gedərkən məni "Kotayk” (Abovyan) – "Neftçi” matçına köməkçi hakim təyin etdilər. Zəng aldım: "Azərbaycanlılar müharibə üzündən Ermənistana uça bilmədiklərindən, matç Zaporojyedə neytral meydançada keçiriləcək”. 

Bu matç danışılmış deyildi. Ancaq yuxarıdan tapşırığa əsasən matç heç-heçə bitməli idi. Stadionda bir dənə də azarkeş yox idi. Hər yerdə atlı polislər vardı. Hər yeri mühasirəyə alaraq daxili qoşunlar dayanmışdı. Yekunda dörd fit səsləndi: matçın əvvəlində, ilk hissənin sonunda, ikinci hissənin əvvəlində və görüşün sonunda.

İkinci dövrədə isə bu komandalar Novorossiyskdə oynadılar. Qarşılaşma 1:1 hesabı ilə başa çatdı. Xalqı güldürməmək, FIFA və UEFA-nı təxribata çəkməmək üçün hərəyə bir qol vuruldu. Uzun illər sonra bildim ki, bu matçın hakimliyinə namizədlər Kommunist Partiyasının Mərkəzi Komitəsində müzakirə olunub və qəsdən bu matça rusiyalı hakimlər briqadası təyin olunub”.

Qeyd edək ki, 1977-ci ildə Özbəkistandan Rusiyanın Belqorod şəhərinə köçmüş 61 yaşlı İqor Rutskoy hakimlik etdiyi müddətdə SSRİ-nin yüksək, I və II dəstələrində 315 oyun idarə edib.

7News.Az

Xəbər lenti