Rövnəq Abdullayev: Sentyabrda STAR-da ilk məhsulun satışı baş tutacaq

Rövnəq Abdullayev: Sentyabrda STAR-da ilk məhsulun satışı baş tutacaq

Məhsullarını təxminən 40 ölkəyə ixrac edən "Petkim” 2008-ci ildə SOCAR-ın idarəçiliyinə keçdikdən sonra xalis mənfəətini 9,2 dəfə artırıb.

7news.Az xəbər verir ki, bunu Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev "Azərbaycan” qəzetində dərc olunan məqaləsində bildirib:

"Holdinqin səhmlərinin dəyəri 8,7 dəfə yüksəlib. "Petkim”i xammal ilə təmin edəcək STAR neft emalı zavodunun tikintisi 99% tamamlanıb. Cari ilin sentyabrında zavodda ilk məhsulun satışı, dekabrda isə şərti qəbulu həyata keçiriləcək.

Zavodun istehsal gücü 10 milyon ton həcmində nəzərdə tutulur. Zavodda istehsal olunacaq məhsulların bir qismi, o cümlədən nafta "Petkim” kompleksində xammal kimi istifadə ediləcək ki, bu da ümumi xərclərin aşağı salınmasında böyük rol oynayacaq”.

R.Abdullayev qeyd edib ki, zavodda istehsal ediləcək məhsulların əsas hissəsi Türkiyənin daxili bazarı, qalan hissəsi isə ixrac üçün nəzərdə tutulur:

"Azərbaycan dünya bazarında təkcə xam neft və qaz ixracatçısı kimi deyil, həm də neft və neft-kimya məhsullarının istehsalçısı kimi tanınır. SOCAR emal və kimya məhsullarını hazırda ABŞ, İtaliya, Misir, Çin də daxil olmaqla onlarca ölkəyə ixrac edir. Xam neftin qiyməti aşağı düşdüyü halda, neft-qaz və neft-kimya məhsullarının gəlirliliyi yüksəlib”.

Məlum olub ki, cari ildə STAR üzrə aparılacaq işlərin əsas hədəfi istehsalat proseslərinin rəqəmsallaşdırılması olacaq. 

7news.Az

Xəbər lenti