Rövşənə de, məni rahat buraxsın: Arvadını öldürən ər məhkəmə qarşısında

Rövşənə de, məni rahat buraxsın: Arvadını öldürən ər məhkəmə qarşısında

Nəsimi rayon Məhkəməsində arvadını uşaqlarının gözləri qarşısında öldürməkdə təqsirli bilinən Rövşən Dadaşovun barəsində həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanı tərəfindən verilən təqdimata baxılıb. 

7News.Az xəbər verir ki, məhkəmə verilən təqdimatı təmin edib və R.Dadaşov barəsində dörd ay müddətinə həbs-qətimkan tədbiri seçilib. 

İttihama görə, bu il yanvarın 10-da, saat 23:55-də Nəsimi rayonu, Cavadxan küçəsindəki evdə yerləşən kirayə mənzillərin birində 31 yaşlı Aidə Dadaşova başına küt alətlə vurulan zərbə nəticəsində ölüb. 

Məlum olub ki, cinayəti Aidə Dadaşovanı əri, 38 yaşlı Rövşən Dadaşov törədib. O həbs edilib. 
Rövşən Dadaşovun arvadını qətlə yetirməsinə qısqanclıq səbəb olub. 

Dindirilmə zamanı Rövşən Dadaşov deyib ki, o, beş gün sərasər arvadının hərəkətlərini izləyib.
Ailə dağılmaq ərəfəsində olub. Hadisədən bir müddət əvvəl Aidə Dadaşova "WhatsApp” mobil tətbiqi vasitəsilə baldızına yazıb:

"Rövşənə de, məni rahat buraxsın, biz boşanırıq”.

Cütlüklər arasında qalmaqallar adi hal olub. Kişi həmişə arvadını döyürmüş. Bu səbəbdən də qadın ərinin yanından gedib. Bir müddət o, məişət zorakılığına məruz qalanlar üçün sığınacaqda yaşayıb. Amma Rövşən Dadaşov uzun danışıqlardan və bir daha arvadını döyməyəcəyinə söz verəndən sonra qadını evinə qaytara bilib.

İki uşağı olan cütlük Cavadxan küçəsində mənzil kirayələyib və qadın ərinə boşanmaq qərarına gəldiyini deyənə qədər bir müddət bir yerdə yaşayıblar.

Hadisədən beş gün qabaq Rövşən Dadaşov evdən gedib. Lakin yanvarın 10-da gecə kirayə qaldıqları mənzilə qayıdıb və qadından onu evə buraxmağı xahiş edib. O, evə öz əşyalarını götürmək üçün qayıtdığını deyib. Qadın onu evə buraxıb. 

Cütlük arasında növbəti qalmaqal başlayıb. Onlar bir-birini qarşılıqlı ittiham edib və bu ittihamlar onları özlərindən çıxarıb. Analarına görə qorxduqları üçün uşaqlar evdəki bütün bıçaqları götürərək blokda gizlədiblər. 

Amma həmin vaxt kişi hazırlıqlı gəlibmiş. O, özü ilə dəmir parçası gətirib və onunla qadını uşaqlarının gözü qabağında öldürüb.

Aidə Dadaşovanın rəfiqəsi istintaqa verdiyi ifadədə bildirib ki, kişi heç yerdə işləməyib və həmişə qadına güc tətbiq edib. O, daim qadını evdən qovurmuş ki, gedib pul qazansın. Özü də hər gün evdə nahara ət yeməyi tələb edirmiş.

İstintaq orqanı tərəfindən Rövşən Dadaşovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib. 

7News.Az

Xəbər lenti