Sara Bağırovanın ədəbi yaradıcılığı: İddiasızlığın bədii cazibəsi

Sara Bağırovanın  ədəbi  yaradıcılığı:  İddiasızlığın bədii cazibəsi

 


 

Bu yaxınlarda təsadüfən əsərləri ilə  tanış olduğum yazıçı Sara Bağırovanın ədəbi yaradıcılığı öz iddiasızlığı və böyük həqiqətlərin sadə şəkildə ifadəsi ilə diqqətimi çəkdi.

Xanım yazarın yaradıcılığı ilə bağlı fikirlərə adlamamış öncə onu demək istərdim ki, Sara Bağırovanın yazıçılığa, böyük şöhrətə iddiasızlığı ilk növbədə onun indiyədək işıq üzü görmüş "Yaşanılmayan illər”, "İstəyərək ayrılmışdıq”, "Bir damla ümid”, "Əjdaha mağarası” kimi romanlarının ön sözündə hansısa tanınmış ədəbiyyatçının  təqdimatını deyil,  öz səmimi ürək pıçıltılarını oxucuları ilə bölüşməsində özünü göstərir.

Bu, bəlkə də ən düzgün variantdır. Çünki yəqin ki, insanın özünü özü  kimi tanıyan  yoxdur. Sara Bağırovanın özü haqqında təqdimatında da özünü hamıdan yaxşı tanıyan və   şəxsiyyətinə güvənən insanın fikirləri ilə tanış oluruq.  İnsan özündən əmin olanda, özünü tanıyanda iddiasız olur, faniliyi dərk edir və sadəcə könül rahatlığını bütün maddiyyatın, şöhrətin fövqünə qaldıra bilir.

Özünü  "inadkar, nikbin, sevincini dostlarla, doğmalarla paylaşıb, ağrısını heç kimə yük etmək istəməyən, təbiəti,  fəsillərin rəngarəngliyini sevən” bir insan kimi təqdim edən Sara Bağırovanın hobbisi haqqında  söylədikləri isə onun xarakterinin bəzi cizgilərini açır: "Bir vaxtlar çeşidli yazılar toplayırdım. Əl yazmalarını.Yazıları ilə insanların xasiyyətini bilmək istəyirdim. Əlifba dəyişəndən sonra insanların yazıları qarmaqarışıq olub. Yazıları ilə insanları oxumaq olmur. Bəlkə də mən insanları öyrənmək istəmirəm...” 

Yazar haqlıdır, əslində bəzən insanları öyrənmək daha böyük xəyal qırıqlığı ilə nəticələndiyi üçün bəlkə də onları öyrənməmək, uzaqdan sevmək ən yaxşısıdır...

Sara Bağırovanın şöhrətə iddiasızlığı öz yaradıcılığı ilə bağlı fikirlərində  aydın əks olunub: "Mən heç vaxt yazıçı olmaq istəməmişəm. Özümlə danışmamaq üçün yazıram. İçimdə yığılanları yazmasam, öz-özümlə danışan dəli olaram. Sözümü vərəqlərlə paylaşmışam. Başqaları necə yazır, bilmirəm. Mənim yazılarım bəzən bir cümlədən başlayır. Yazılarımın heç birində mən yoxam...Mən özümü əsərlərimdə yaza bilmirəm. Nə yaşadıqlarımı, nə yaşamaq istədiklərimi, nə arzularımı...”

Avtobioqrafik olaraq bəlkə yazıçı özünü yazmaya bilər, amma səmimi, ürəkdən yazılmış hər bir yazıda müəllifin ruhundan səslər var. Bu səslər isə oxucuların ruhunun sədaları ilə üst -üstə düşdüyündə mənəvi bağ yaranır.  Sara Bağırova məhz mənəvi bağ yarada bilən iddiasız yazarlardandır.

Sara Bağırovanın yaradıcılığında həyatın qanunlarının simvolika bolluğu ilə dolğun  şəkildə əsaslandırılması və "keçmişin günahları” anlayışının təsvirdən daha çox ibrətlik  təqdimatı baxımından xüsusilə diqqət çəkən  əsəri  "Əjdaha mağarası”  romanıdır.

"Əjdaha mağarası”nı oxuduqca maraqlı bir şəkildə zamansızlıq aurası hiss olunur. Əsərdə günahların kölgəsi qorxunc kabus şəklində bu zamansızlıqda dolaşaraq insanların həyatını  zəhərləyir. Əslində "keçmiş”, "bu gün”  və  "gələcək” zaman anlayışı olaraq xatirələrin və yaşantıların sonrakı taleyimizə təsir etməsinə imkan verdiyimizdə ömürdən daha çox bir iztirab yoluna çevrilir. Eynilə, "Əjdaha mağarası”nın qəhrəmanları ilə baş verdiyi  kimi. Bununla bağlı yazıçının öz fikri isə belədir: "Günahını keçmişində saxlaya bilmirsənsə,  gələcəyinə daşıyırsan deməkdir. Yeddi nəsil sonra olsa belə bu hadisənin təkrarlanmayacağı mümkünsüzdür...”

Romanın qəhrəmanları isə işlədikləri günahları, elədikləri xətaları keçmişdə saxlaya bilmədikləri üçün "bu günlər”ini də yaşamaqdan məhrum olurlar, beləcə gələcəklərini də zədələyirlər. Romanda Humayın taleyi ilə başlanan, eləcə də ondan sonrakı yeddi nəsil qadınların keçmişdə özlərindən asılı olmayan günahların qatı kölgəsindən qurtula bilmədiyinin şahidi oluruq.

"Əjdaha mağarası”  sadəcə təsvirlə ibrət dərsi verir. Belə ki, biz əsərdə insanların keçmişdəki günah duyğusunun təsiri altında bilərəkdən öz həyatlarını gözgörəsi cəhənnəmə çevirdiklərini, bəzi hallarda hətta məhv etməsini təəssüflə izləyirik. Və sonra da dönüb öz ömür yolumuza baxırıq. "Həyat” adlı bu  qaçaqovda özümüzün də keçmiş xətalarımızın qaranlığına gələcək günlərimizi necə qurban verdiyimizi acı-acı xatırlayırıq. Halbuki bu günü keçmişin agrısından sıyrılıb yaşamaq sabah yeni bir keçmişi yaradacaqdı... Beləcə keçmişi keçmişdə buraxaraq bu günü yaşamaq silsilə şəklində daha işıqlı, agrıtmayan bir keşmişin qurulması ola bilərdi. Amma biz bu günü yaşamaqdansa, bu yolda bəzən qürurumuzu, bəzən özümüzə verdiyimiz cəzaları daha üstün tutmağa davam edərək yaşamışıq... Hamımıza yaxşı tanış olan bu "təcrübəni” "Əjdaha mağarası”nın qəhrəmanlarının taleyində də müşahidə edirik. "Əjdaha mağarası” simvolikaların maraqlı şəkildə bir-biriylə çulğaşdığı bir əsərdir. "Əjdaha mağarası " eyni zamanda için və çölün, daxilin və batinin  hekayətidir.

Əsərdəki Əjdaha mağarası  ilk növbədə rəmzi şəkildə yaşadığımız dünyadır. İnsanların bir-birinə davranışı, münasibəti , ədaləti və haqsızlıqları ilə birgə var olduğumuz məkandır. Bu məkanda sevgilər  qan qoxusuna, nifrətlər şəfqətə qarışıb. Bütün bu qarışımlar isə insan həyatının tablosuna müxtəlif rənglər vurmaqda, bəzən isə o tablonu qaraltmaqdadır. İnsanlar  burada yaşayır, sevir, əzab çəkir  və ölürlər.

Romandakı Əjdaha mağarası simvolik şəkildə həm də   şüuraltını xatırladır. Mütləq şəkildə hamımızın heç kimlə bölüşə bilməyəcəyimiz sirlərimizi və günahlarımızı, acı yaşantılarımızı, mübhəm duyğularımızı, dözülməz ağrılarımızı,  basdırmağa çalışdığımız utanclarımızı və qorxularımızı gizləyib saxladığımız ruhumuzun qaranlıq bir köşəsi, soyuq bir küncü – Əjdaha mağarası var. O mağara zaman-zaman insanlardan , cəmiyyətdən sıxıldıqca, yorulduqca  bizim qaçıb üz tutduğumuz doğma bir guşəyə çevrilir. Biz keçmişin günahlarından qurtulub orada rahatlıq tapmaq istərkən sözün tam mənasında şüuraltımızın Əjdaha mağarasında əslində tam bir günah, suç, qorxu,  ağrı və utanc deposunun içinə özümüzü məhkum elədiyimizin fərqində belə olmuruq bəzən. Rahatlıq üçün üz tutduğumuz ruhumuzun o  qaranlıq mağarası bizi  əslində içdən içə yeyib bitirən bir yerdir. Bu mağaranın "cazibəsi” isə ondadır ki, insan oraya çəkildikdə yalnız öz günahları və iztirabları ilə baş -başa qalmasının, həqiqi "mən”ini hamıdan gizlətməsinin rahatlığını və həzzini yaşayır. İnsan rahatlığa düşkün varlıqdır. Amma ruhumuzdakı Əjdaha mağarasının o rahatlığı əslində aldadıcıdır. Çünki orada gizlədiyimiz və vaxtaşırı tozunu alıb dərindən- dərinə xatırladığımız  keçmişin günahları bizi bu gündən ayırır, gələcəyimizə doğru əmin şəkildə addımlamağa mane olur. Sara Bağırovanın "Əjdaha mağarası”nda oxucusuna çatdırmaq istədiyi fikir də bundan ibarətdir. Əsərdən çıxan nəticə  budur ki, insanlar rahat yaşamaq istəyirlərsə, keçmişlərinin qaranlıq künclərindəki aldadıcı , eyni zamanda əzabverici Əjdaha mağaralarından çıxmağı bacarmalıdırlar. Ən yaxşısı isə o Əjdaha mağarasını  məcazi şəkildə yerlə- yeksan edilib yerində günəşin şüaları ilə oynayan açıq evlərin tikilməsidir...  Yəni, keçmişin soyuq qaranlıq künclərində ilişib qalmaq yox, bu günü yaşamaq lazımdır. Burada ən başlıca amil isə insanın nə yaşadığından, yaxud da nə yaşamağa məcbur qaldığından asılı olmayaraq ilk növbədə özünün, daha sonra isə başqaların keçmiş günahlarını bağışlamağa hazır olmasıdır. Başqalarının bizə qarşı etdikləri günahları və xətaları bağışlamaq unutmaq deyil, ancaq bu, kin saxlamamaq, o keçmişin gələcəyi qaraltmasına icazə verməməkdir. Bu, həm özünə, həm də başqalarına qəlb rahatlığı bəxş etməkdir. Özünü bağışlamaq isə xətalarından dərs çıxardığın zamanı yenidən doğuluş günü kimi qəbul edib,  keçmişini gələcəyinə daşımadan yaşamağa başlamaqdır. Günahlarımızdan və  utanclarımızdan dərs alaraq  ruhumuzun Əjdaha mağarasından qurtulub gün üzünə çıxmaq, yenidən başlamaq isə heç vaxt gec deyil...

Sara Bağırovanın əsərlərinin bədii cazibəsi bütün bu dərin həyat həqiqətlərini sadə, axıcı və ən əsası müdərrisliyə iddia eləmədən oxucuya çatdırmaq  missiyasındadır.

 

Sevinc Abdullayeva

 




Xəbər lenti