Şəhid qızını öldürən: "Yolun kənarında oturub ağladım"

Şəhid qızını öldürən:
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Rəhim Rəhimovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə baş tutan prosesdə qəza zamanı dünyasını dəyişən Könül Əkbərovanın anası, hüquqi varisi kimi tanınmış Bəsti Qədimova iştirak edib.

O bildirib ki, mərhum qızı ailəli olub, sonra boşanıb. Hüquqi varisin sözlərinə görə, Könülün 4 övladı var, onlardan biri hərbi xidmətdədir.

Bəsti Qədimova qeyd edib ki, qəzanı törədən şəxsdən şikayətçi deyil: "Etiraz edərdim, amma onun 17 yaşı var. Həyatının korlanmasını istəmirəm. Qəzanı törədən şəxs yaşda nəvəm var. Ona baxanda nəvəmi xatırlayıram. Qızım artıq geri qayıtmayacaq. İstəmərəm ki, onun həyatı korlansın. İndi şikahətim yoxdur”.

Bəsti Qədimova bildirib ki, qızının 3 və 40 mərasiminin xərcini təqsirləndirilən şəxsin ailəsi çəkib.

Daha sonra məhkəmə istintaqı başlayıb və prokuror ittiham aktını elan edib. Rəhim Rəhimov elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib.

Təqsirləndirilən şəxs deyib ki, hadisə günü "Enerji” kluba ad gününə gedirmiş. Maşının saatda 50-60 kilometrl sürətlə hərəkət etdirdiyini deyən Rəhim Rəhimov hadisə yerindən qaçmadığını vurğulayıb: "Hava yağışlı idi. Aşağı sürətlə gedirdim ki, maşın sürüşməsin. Birdən maşına nəsə dəydi. Heç bilmədim, maşına dəyən insandır, yoxsa nədir... Saxlayıb düşdüm, gördüm, qadın yıxılıb. Nəbzini yoxladım, artıq dünyasını dəyişmişdi. Mən şokda idim. Yolun kənarında oturub ağlayırdım.

Təcili yardıma zəng elədim, 15-20 dəqiqəyə çatdılar. Sonra polislər də gəldi. Müəyyən səbəblərə görə polis əməkdaşları mənə dedilər ki, get, atana denən, sürücünü göndərsin. Mən polislərə dedim ki, qəzanı mən törətmişəm”.

Suallara cavab verən Rəhim Rəhimov söyləyib ki, sürücülük vəsiqəsi olmayıb, maşını atasından gizli götürüb.

Prosesdə Rəhim Rəhimovun istintaqa verdiyi ilk ifadəsi elan edilib. Həmin ifadədən məlum olur ki, Rəhim Rəhimov qəzanı sürücü Əmrulla Şahbazovun törətdiyini deyib. O bildirib ki, "Enerji” klubda olarkən sürücüyə zəng edərək gəlib onu aparmasını istəyib. Sürücü yolda ona zəng vurub qəza törətdiyini deyib.

İttihama görə, ötən il noyabrın 8-də Səbail rayonu, Salyan yolu küçəsində Bakı şəhər sakini, 42 yaşlı Könül Əkbərova yolun piyadalar üçün nəzərdə tutulmayan hissəsindən keçmək istəyərkən "Cip Qrand Çeroki” markalı avtomaşınla vurulub və aldığı xəsarətlər nəticəsində hadisə yerində ölüb.

Sürücü isə hadisə yerindən qaçıb.

İstintaq zamanı hadisə yerinə və avtomaşına, həmçinin ərazidəki təhlükəsizlik kameralarına baxış keçirilib, fotoşəkillər çəkilərək baxış protokoluna əlavə olunub, məhkəmə-tibb ekspertizası aparılıb.

Pofilaktiki tədbirlər nəticəsində yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Rəhim Rəhimov könüllü olaraq Səbail rayon Polis İdarəsinin 8-ci polis bölməsinə gələrək özünü istintaqa təqdim edib.

Qeyd edək ki, Rəhim Rəhimovun atası Akif Rəhimovun Xırdalan-Xəz Açıq Tipli Səhmdar Cəmiyyətinin direktorlar şurasının sədri olduğu bildirilir.

Könül Əkbərova şəhid Elton Əkbərovun qızıdır./teleqraf.com

7News.Az

Xəbər lenti