Səlim Müslümov pensiyaların artımından danışdı

Səlim Müslümov pensiyaların artımından danışdı

Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyasının statistikasına əsasən, orta aylıq pensiyanın orta aylıq əməkhaqqına nisbətinə görə Azərbaycan postsovet ölkələri arasında ilk ikilikdə, yaşa görə pensiya üzrə əvəzetmə əmsalına görə isə birinci yerdə qərarlaşıb. 

7news.Az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov Yeni Azərbaycan Partiyasının rəsmi internet səhifəsinə müsahibəsində deyib.

O qeyd edib ki, Azərbaycanda yaşlı əhali kateqoriyalarının əhalinin ümumi sayında xüsusi çəkisinin hər bir faizinə düşən pensiya xərclərinin ÜDM-ə nisbəti 0,5 faiz təşkil edir və əgər İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının məlumatlarına nəzər salsaq, görərik ki, inkişaf etmiş ölkələr də təqribən eyni səviyyədə göstəriciyə malikdirlər.

Azərbaycan prezidentinin imzaladığı "Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında” 9 fevral 2018-ci il tarixli Sərəncamı da pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində növbəti addım olmaqla, əmək pensiyalarını əvvəlki ilin orta aylıq əməkhaqqı artımına uyğun şəkildə cari ilin əvvəlindən daha 5,7 faiz artırmağa imkan verib.

Ölkənin davamlı iqtisadi inkişafı şəraitində çoxsaylı yeni iş yerlərinin açılması, habelə iqtisadi fəaliyyəti stimullaşdıran pensiya islahatları sosial sığorta daxilolmalarının əhəmiyyətli artımını şərtləndirib. 

Bunun əyani ifadəsi kimi, 2017-ci il ərzində sosial sığorta haqları üzrə gəlirlər 2003-cü illə müqayisədə 9,4 dəfə artaraq 2,1 mlrd. manat təşkil edib. O cümlədən qeyri-büdcə sektoru üzrə 2003-cü ilə nisbətən 1,2 mlrd. manat və ya 8,8 dəfə çox sosial sığorta haqqı daxil olub. 

Görülmüş tədbirlər nəticəsində əmək pensiyasının orta aylıq məbləği 2003-cü ilə nisbətən 11,3 dəfə artaraq 2018-ci il 1 yanvar tarixinə 208,4 manat olub, yaşa görə əmək pensiyasının orta aylıq məbləğinin ölkə üzrə orta aylıq əməkhaqqı məbləğinə nisbəti, yəni əvəzetmə əmsalı 28 faizdən 44,2 faizə yüksəlib. 

2017-ci il ərzində əmək pensiyalarının maliyyələşməsinə yönəldilən illik vəsaitin həcmi 3.289,6 milyon manata çatıb ki, bu da 2003-cü ilə nisbətən 17 dəfə çoxdur.

7news.Az

Xəbər lenti