Səlim Müslümovun intihar etdirdiyi o qadın yox, Azərbaycan idi...

Səlim Müslümovun intihar etdirdiyi o qadın yox, Azərbaycan idi...
Yanvarın 24-də Ağsunun İlxıçı kəndində özünü kəndirlə asaraq intihar edən 36 yaşlı Kərimova Səbirə Tehran qızı əslində, o kəndirdən Azərbaycanın ölmüş, cansız 25 ilini asmış oldu. O kəndirdə sallanan bədənin əzabları bitdi, Azərbaycanın isə hələ davam edir...
36 yaşlı gənc qadını ipə götürən ikicə səbəb var idi: borca görə kəsilən işığı və kəsilən sosial müavinət...
Və Səbirə də öz taleyinin ipini kəsərək, ayaqlarının altındakı tableti itələməklə bu ölkənin ona yaşatdığı məşəqqətdən canını qurtararaq torpağa tapşırır. 
Eynilə Tunisdəki göyərtisatan nümunəsi, eynilə qul üsyanı...

Anaxeber.Az qeyd edir ki, onun oğlu Naxçıvanskidə hərbi təhsil alırdı ki, Azərbaycana layiqli hərbçi olsun. Əri isə həmin gün mal-heyvan dalınca getmişdi. 
Evin kiçiyi isə zilqaranlıq, zülmət, borca görə kəsilən işıqsız evin otağında anasını gözləyəndə bilmirdi ki, həyətdəki tövlədə anasının əzabları çoxdan bitib.
Cəmi 280 manata görə Azərbaycanda çıl-çiraq içində yaşayanlar, öz ailəsinə qarşı adekvat hərəkət olarsa, bəlkə də qatilə dönəcək adamlar heç bir rəva, mərhəmət hissi bilmədən, vücudlarındakı sonuncu vicdan hissini də itirərək səfalət içində sürünən Kərimovların işığını kəsib gedirlər. Və təkcə budurmu? - Yox!!!
Səbirəni intihara aparan zülmət, soyuq otaqda ümidsiz günlərinin başlaması deyildi, həm də balasının qarnını bu qışın sazağında, özü də qarlı-boranlı Ağsuda doyurmaq idi. 
Amma danışanda ağzına "çullu dovşağn sığmayan" əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun "gözəlim" idarəçiliyi nəticəsində Kərimovların sosial yardımı da kəsilmişdi. 
Vəhşilikdir! Nanəciblikdir! Dövlət məmurlarının bir yoxsul ailəyə iqtisadi terrorudur! Neft ölkəsinin vətəndaşını bədbəxt etməkdir! 
Bu özbaşınalığı yuxarı və ya aşağı ranqda kimlər edibsə, "Axırıncı aşırım"da Abbasqulu bəyin dediyi kimi - "binamusluqdur, biqeyrətlikdir!"
S.Müslümovun doğma rayonundakı kadrları onun sosial yardımını kəsəndə o zülmət, buza dönmüş daxmasında hansı qiymətli əşyanı görüb belə qərar veriblər? 
Yaxud nazirin rayona icra başçılığı edən dayısı Ənvər Seyidəliyev isti kabinetindən çıxıb bu ailənin bircə dəfə soyuducusunu açıbmı? - inanın ki, heç dəfnə də getməyib...
İcra başçısının İlxıçı kəndinə təhkim elədiyi nümayəndəsi Azad İsgəndərovun verdiyi sərsəm açıqlamaya bir baxın, sanki bu məmurun heç bir məsuliyyəti yoxdur: 
"Səbirə Kərimova ehtiyac səbəbindən özünü asıb. Kasıb bir ailədirlər, həyat yoldaşı Əfqan həmin vaxtı mal-heyvan otarmaqda olub. Bu ildən ailənin aldığı sosial yardım da kəsilib. 
Qadın intihar etməmişdən bir az öncə anası ilə danışıb, həyatından bezdiyini deyib. Belə ki, bir neçə gün öncə işıq idarəsinin əməkdaşları 280 manat borca görə ailənin işığını kəsiblər. 

Neçə gün idi ki, ailə işıqsız qalmışdı. Ailənin böyük uşağı Bakıda C.Naxçıvanski adına hərbi liseydə təhsil alır. Çox normal ailə kimi xarakterizə olunurlar”.
Nə gözəl, nə pakizə, nə müjdə... 
Adama deməzlərmi, icra nümayəndəsi olduğun yerdə ölmüşdünmü yoxsa öz güzəranını yaxşılaşdırmağa başın qarışmışdı deyə vaxtın olmayıb?! 
İcra nümayəndəsi kəndə təyin olunur ki, icra hakimiyyətinə vətəndaşların problemlərni məruzə eləsin. 
Amma A.İsgəndərov Kərimovların sosial yardım və işıq problemini bilə-bilə əlləri cibində kəndin o başına, bu başına gedib-gəlir, gün keçirirmiş...
Bu, qətldir. Bir ailənin məhvə sürüklənməsi, bir gənc qadının intihara təhrik olunması hadisəsidir. Kərimova özünü asmayıb, onun dərdlərinə laqeyd qalan məmurların özbaşınalığından "asılıb". 
Bu hadisəyə sosial şəbəkələrdə çox kəskin etiraz və qəzəb oldu. Amma status yazanlardan birinin cümləsi hədəfi düzgün nişan almışdı: "Başına daş düşüb Azərbaycanın..."

Anaxeber.Az qeyd edir ki, hər şey bitib. Nə Ə.Seyidəliyev, nə S.Müslümov, nə də B.Rzayev tükü tərpənəcək. Onların yaratdığı sistem, idarəçilik prinsipləri insanların faciələrinə yol açır. 
Məhz S.Müslümov onun sosial yardımını kəsməsəydi, qadın işıq pulunu ödəyərdi, balalarını yetim qoyub boğazına kəndir keçirməzdi...
O kəndir keçəcəksə, bir gün birilərinin boğazına keçməlidir. Çünki bu dərəcədə biganəlik, özbaşınalıq, qəddarlıq olmaz. 
Prezident həmişə bildirib ki, aztəminatlı, yoxsul ailələrə güzəşt olunmalıdır, onların kommunal borcları ödənməsində möhlət verilsin. 
Ancaq harınlamış məmurlar həm ailənin işığını kəsir, həm də müavinətini. S.Müslümov isə bar-bar bağırır ki, biz şəffaf fəaliyyət göstəririk. Budur sizin şəffaflığınız? 
Necə ki, Füzuli Ələkbərovun oğlu yanvarda İsmayıllını qatıb-qarışdırmışdı, indi xələfi Səlim Müslümovun yerlərdəki adamları İsmayıllıya uzaq olmayan Ağsuda Tunis nümunələrinİn toxumlarını səpirlər - seçki ilində.
Bütün bunlardan sonra S.Müslümov heç bir şəffaf sistemdən, rüşvətsiz sosial müavionət verilməsindən danışa bilməz. 
Bu yerdə Baş nazirin nəvəsi adam öldürən müavini Əli Həsənovun dediyi cümləsi yada düşür və əsl tragikomediyadır: 2020-ci ildə Azərbaycanda bir yoxsul belə qalmayacaq”. 
Elədir, çünki bir-bir ölürlər...
Anaxeber.Az üçün Aslan Nəsirov
 
 
7News.Az

Xəbər lenti