Şəmkir rayonunda yaşayan şəhid ailələrinin üzvləri üçün təşkil olunacaq kurslara start verildi.

Şəmkir rayonunda yaşayan şəhid ailələrinin üzvləri üçün təşkil olunacaq kurslara start verildi.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi, "Böyük Yol" Gənclər İctimai Birliyinin təşkilatçılığı, Şəmkir Rayon Gənclər və İdman İdarəsinin və Zəka Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq Mərkəzinin təşkilatı dəstəyi ilə həyata keçirilən "Şəmkirdə yaşayan şəhid ailələrinin gənclərinin əmək qabiliyyətlərinin, onların cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəallığının artırılması məqsədi ilə kursların təşkili" layihəsinin açılış mərasimi keçirilmişdir.
       Açılış mərasimində Şəmkir rayon İcra Hakimiyəti başçısının müavini, İctimai-siyasi və Humanitar məsələlər şöbəsinin müdiri Aynur Abdullayeva və Aparatın əməkdaşları, Şəmkir rayon Təhsil Şöbəsinin müdir müavini Hafiz Pənahov, "Böyük Yol" Gənclər İctimai Birliyinin sədri Güllü Atakişiyeva və birliyin idarə heyəti, Şəmkir Rayon Gənclər və İdman İdarəsinin əməkdaşları, "Gənc Tərbiyəçilər Birliyi", "Gənc Müəllimlər Birliyi" və ictimaiyyət nümayəndələri iştirak edib.
      Açılış nitqi ilə çıxış edən birliyin sədri Güllü Atakişiyeva layihənin məqsədi haqqında məlumat verərək gəncləri təşkil olunan kurslardan yaralanmağa dəvət edib: "Layihə Şəmkirdə yaşayan şəhid ailələrindən olan gənclərin qabiliyyətlərinin artırılmasına, cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştirakının artırılmasına, rəqabətə davamlı Azərbaycan gənci kimi formalaşmasına xidmət edəcək".
      İcra başçısının müavini Aynur Abdullayeva çıxış edərək Cənab Prezident İlham Əliyev və onun xanımı I vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə xüsusi diqqət göstərdiyini qeyd edib: "Bu ucalığa yüksələnlərin, bu şərəfi daşıyanların xatirəsi daim anılır, ehtiramla yad edilir. Hər zaman şəhid ailələrinə dövlətin qayğısı və diqqəti ön planda olub. Azərbaycan Respublikası "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında" qanununun 3-cü maddəsində sadalanan imtiyazlar bunun bariz nümunəsidir. Bu imtiyazlar sırasında onların məşğulluğunun təmin edilməsi, eləcədə əmək hüquqları haqda bəndlər öz əksini tapmışdır. Şəhid ailələrinin peşə hazırlığı, ixtisasının artırılması, yenidən hazırlığı fəal məşğulluq tədbirlərinin ən önəmlisidir. Onların əmək bazarında rəqabətə davamlı peşə və ixtisaslara yiyələnməsi sosial adaptasiyasında mühüm əhəmiyyət kəsb edir. Əmək bazarında onların münasib işlə təmin edilməsi daha çox müasir tələblərə cavab verən peşələr və ixtisaslar üzrə hazırlıq işinin təşkilindən asılıdır."
      Sonda çıxış edən tədbir iştirakçıları layihənin işinə uğurlar arzuladılar və gənclərin bu kimi layihələrdən maksimum yararlanmağa çağırdılar.
      Qeyd edək ki, layihə çərçivəsində həyata keçiriləcək olan kursların (kompyuterlərin təmiri və xidməti üzrə texnik, mühasib, dizayn və s.) sonunda dövlət və özəl müəsissələrdə təcrübə keçmə imkanları yaradılacaqdır ki, bununlada fəaliyyətlərinin sonrakı mərhələsində əldə etdikləri bilik və bacarıqları tətbiq etmə şansları olacaqdır. Bunula yanaşı kurslar müddətində həftənin şənbə günləri hər kursa uyğun müxtəlif saatlarda master klasslar təşkil olunacaqdır.
 
7News.Az

Xəbər lenti