“Şirvanşahlar irsi dünya muzeylərində” sərgisi açılıb - FOTO

“Şirvanşahlar irsi dünya muzeylərində” sərgisi açılıb - FOTO

Oktyabrın 24-də "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən Şirvanşahlar Saray Kompleksində "Şirvanşahlar irsi dünya muzeylərində” sərgisi açılıb.

7News.Az-ın məlumatına görə, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sərginin açılışında iştirak edib.

Sərgi Bakıda keçirilən "Müasir Azərbaycandan tarixi Şirvanşahlar dövlətinə səyahət” mövzusunda beynəlxalq elmi konfrans çərçivəsində təşkil edilib.

"İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruq İdarəsinin rəisi Əsgər Ələkbərov sərginin açılış mərasimində çıxış edərək Şirvan şahlarının iqamətgahının, minillik Şirvan tarixinin ən gözoxşayan tikililərinin İçərişəhər ərazisində yerləşməsinin bu konfransın və sərginin keçirilməsi ilə bağlı ideyanın yaranmasında başlıca səbəblərdən biri olduğunu qeyd edərək deyib:

"Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə Şirvanşahlar tarixinə həsr olunmuş konfransın keçirilməsi təşəbbüsü ilə çıxış etdik.

Prezident İlham Əliyevə və birinci vitse-prezident Mehriban Əliyevaya bu təşəbbüsü dəstəklədikləri üçün minnətdarlığımı bildirirəm. Bu, dövlətimizin başçısının xalqımızın tarixi irsinə verdiyi yüksək dəyəri göstərir, gənc nəsillərə vətənpərvərlik hissi aşılayır”.

Qeyd edilib ki, sərgidə dünyanın ən böyük muzeylərindən Azərbaycana gətirilən nadir eksponatlar nümayiş olunur.

"Sərginin əsas eksponatlarını İstanbul Əskəri Muzeyi tərəfindən təqdim olunan maddi-mədəniyyət nümunələri təşkil edir. XVI əsrin əvvəllərində qanlı döyüşlərdən sonra Şirvanşahlar sarayından qənimət kimi aparılan sonuncu Şirvan hökmdarı Fərrux Yasara aid 4 dəbilqə, Şirvanşah Keyqubad və Şirvanşah I Xəlilullaha aid zirehli köynəklər 500 ildən sonra müvəqqəti də olsa öz doğma məkanında sərgilənir. Həmçinin Gürcüstan Milli Muzeyindən gətirilən Pir Hüseyn xanəgahına məxsus kaşı nümunələri də nümayiş olunur”, - deyə Əsgər Ələkbərov qeyd edib.

Tədbirdə İstanbul Əskəri Muzeyinin əməkdaşı Ömər Faruq Aslan çıxış edərək minillik zəngin tarixə malik Şirvanşahlar dövlətinə həsr olunan sərginin əhəmiyyətindən danışıb, təşkilatçılara təşəkkürünü bildirib.

Sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar.

Tədbirdə Azərbaycan Milli Konservatoriyasının Xalq artisti Fəxrəddin Dadaşovun rəhbərliyi ilə "Əsrlərin sədası" qədim musiqi alətləri ansamblı çıxış edib.

Sərgi 2019-cu il yanvarın 23-dək hər gün saat 9:00-dan 20:00-dək ziyarətçilər üçün açıq olacaq.

 

7News.Az

Xəbər lenti