Soğan olsun, nağd olmasın

Soğan olsun, nağd olmasın

İsveç və norveçlilər aldıqları mal və xidmətin dəyərinin yalnız 6 faizini, azərbaycanlılar isə 96 faizini nağd ödəyirlər. 

7News.Az xəbər verir ki, Mərkəzi Bankın açıqladığı göstəricilərə görə, 2018-ci il avqustun əvvəlinə olan rəqəmlərə əsasən, ölkənin pərakəndə ticarət dövriyyəsi 3 mlrd. manat təşkil edib.

Bunun yalnız 4 faizi nağdsız ödənişlərin payına düşüb.

Dərhal nağdlaşdırırlar

Bundan başqa, təkcə iyul ayında bankomat və POS-terminallar vasitəsilə 1,3 milyard manat nağdlaşdırılıb ki, bu da bank kartlarına bütün daxilolmalarının 91,3 faizinə bərabərdir. Yəni, kart sahibləri belə pullarını bank sistemində saxlamır və dərhal nağdlaşdırır və beləliklə, nağdsız hesablaşmalara getmirlər. 

Əhalinin vəsaitləri sürətlə nağdlaşdırmaq istəyi, əsasən, banklara, xüsusilə son bir neçə il ərzində bir sıra bankların bağlanması fonunda artan inamsızlıqla bağlıdır. Bundan başqa, POS-terminalların getdikcə azalması və istifadə sayının qənaətbəxş olmaması da bir problemdir.

Mərkəzi Bankın ödəniş sistemlərinin inkişafı və nəzarəti şöbəsinin müdiri Ramil Mahmudov hesab edir ki, ölkədə bir neçə bankın bağlanması mövcud POS-terminalların sayının azalmasının əsas səbəbidir.

Avqustun əvvəlində ölkədə 65,7 min POS-terminal olub ki, bu, ilin əvvəlində olandan 5,5 min ədəd və ya 8,3% azdır. Bununla belə, Mərkəzi Bankdan etiraf edirlər ki, POS-terminalların olması heç də onlardan istifadə edilməsi demək deyil - çox vaxt ticarət obyektlərinin sahibləri kartları qəbul etməkdən imtina edirlər - cihazın xarab olduğunu deyirlər və ya digər səbəblər göstərirlər.

Belə problemlərin kökündə isə sahibkarlıq subyektlərinin mühasibat uçotunun tam leqallaşdırılmasından yayınmaq və biznesin iki müxtəlif profilli subyekti arasında maliyyə əməliyyatlarının uçotu üzrə boşluqların olmasıdır.

"Lakin biz ticarət obyektlərinin nağdsız ödənişlərdən istifadəyə marağının artması meylini müşahidə edirik ki, bu da bazarda artan rəqabətlə bağlıdır”, - deyə R.Mahmudov vurğulayıb.

Gəlirlərin 72 faizi nağd şəkildə formalaşır 

Azərbaycanda nağd dövriyyə ilə bağlı "MasterCard” ödəniş şirkətinin hesablamaları da çox maraqlıdır. Belə ki, araşdırmaya görə, ən yüksək nağd dövriyyə biznes subyektlərinin öz aralarında baş verir. 180 milyard manat həcmində olan ümumi bazar dövriyyəsinin 152 milyard manatını biznesin ümumi gəlirləri təşkil edir.

Sahə üzrə araşdırmaların nəticələri bu gəlirlərin 109 milyard manatının (72%) nağd gəlirlərdən ibarət olduğunu göstərir. İnformasiya texnologiyaları və peşəkar xidmət sahələri istisna olmaqla, digər sektorlarda nağdlaşma səviyyəsi yüksəkdir. Ümumi dövriyyənin 111 milyard manatı biznes, 52 milyard manatı istehlakçı, 18 milyard manatı isə hökumət sferasında qeydə alınıb.

Qiymətləndirmələrə görə, 52 milyard manatlıq ümumi dövriyyənin 49 milyard manatı istehlakçı ilə biznes arasında dövriyyənin payına düşür. Sahə üzrə araşdırmaların nəticələri bu dövriyyənin 46 milyard manatının nağd formada həyata keçirildiyini göstərir.

Nağdsız ödənişlərin 1 faiz artması ÜDM-nin 10 faiz artması deməkdir

Beynəlxalq ekspertlərin hesablamalarına görə, təkcə Bakıda nağdsız ödənişlərin tam tətbiqi gəlirlərin 1,9 milyard dollar artmasına səbəb olacaq. Həmçinin biznesin gəliri 1,4 milyard dollar,  hökumətin gəlirləri 400 milyon dollar, istehlakçıların gəlirləri isə 100 milyon dollar artacaq. Bu proses 15 il müddətinə məşğulluğun 3,5% artmasına imkan verəcək. Ən əsası, nağdsız ödənişlərin 1% artması ÜDM-nin 10% artımı deməkdir.

Nə gözləyirik? 

Hökumətin proqnozlarına görə, Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi nağdsız ödənişlərin illik həcminin təxminən 17 milyard manat artmasına imkan verəcək. Bu isə nağdsız ödənişlərin payının hər il 7% artmasını təmin edəcək. Proqnozlara görə, iqtisadi tranzaksiyada nağd ödənişlərin payı 74%-dən 40%-ə qədər azalacaq.

7News.Az

Xəbər lenti