Şura yeni qrant qrant müsabiqəsi elan edir

Şura yeni qrant qrant müsabiqəsi elan edir

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası"Hasilat Sənayesində Şəffaflıq” prosesində QHT-lərin iştirakı mövzusunda qrant müsabiqəsini elan edib

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının növbəti iclası keçirilib. Şura sədrinin müavini Vüsal Quliyev iclası açaraq gündəliyə təklif olunan "Hasilat Sənayesində Şəffaflıq” prosesində QHT-lərin iştirakı mövzusunda qrant müsabiqəsi haqqında məsələni diqqətə çatdırıb. Gündəlik yekdilliklə təsdiq olunub.
Vüsal Quliyev ölkəmizdə şəffaflığın və hesabatlılığın gücləndirilməsi, ümumilikdə korrupsiyaya qarşı mübarizə sahəsində davamlı olaraq uğurla həyata keçirilən dövlət strategiyasının mövcud olduğunu deyib. Şura sədrinin müavini bildirib ki, cənab prezident İlham Əliyevin sərəncamı ilə 5 aprel 2017-ci ildə Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyanın yaradılması bir daha Azərbaycanın hasilat sənayesində şəffaflıq və hesabatlılıq üzrə beynəlxalq səyləri dəstəklədiyini və müvafiq standartların tətbiqini uğurla davam etdirmək əzmində olduğunu göstərir. Bu baxımdan Hasilat Sənayesində Şəffaflıq” (HSŞ) proseslərində vətəndaş cəmiyyəti institutlarının da yaxından iştirakı vacibdir.
Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov Şuranın Əsasnaməsinə uyğun olaraq "Hasilat Sənayesində Şəffaflıq” prosesində QHT-lərin iştirakı mövzusunda qrant müsabiqəsinin şərt və qaydaları barədə ətraflı məlumat verib.
Şura üzvləri Sahib Məmmədov, Rufiz Qonaqov, Anar Xəlilov və Nərgiz Xələf çıxış edərək qrant müsabiqəsinin mövzuları, qayda və şərtləri ilə bağlı təkliflərini səsləndiriblər.
Müzakirələrdən sonra Şuranın 2018-ci il birinci qrant müsabiqəsinin elan edilməsi ilə bağlı qərar qəbul edilib. QHT-lər müsabiqənin mövzuları, həmçinin şərt və qaydaları haqqında məlumatlarla Şuranınwww.qhtxeber.az, www.e-qht vəwww.cssn.gov.azsaytları vasitəsi ilə tanış ola bilərlər.


 

Xəbər lenti