Təranə Qumral ilə Nazənin arasında növbəti məhkəmə

Təranə Qumral ilə Nazənin arasında növbəti məhkəmə
Təranə Qumral ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması qərarının ləğv olunması ilə bağlı Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

7news.Az-ın xəbərinə görə, bu gün hakim Vüqar Həsənovun sədrliyi ilə məhkəmə baxışı olacaq. Belə ki, Salayeva Nazənin Rəhim qızı, Həsənov Məhəbbət Rəhim qızı və Abbasov Pərviz Sakit oğlu məhkəmədə tələbkar qismində çıxış edəcəklər. Nərimanov rayon icra və probasiya şöbəsi isə İbrahimova Təranə Xeyrulla qızının ölkədən çıxmasının məhdudlaşdırılması ilə təqdimat verən orqandır. 

Xatırladaq ki, müğənni Nazəninin vəkili Heyrat Qarayev  bu qalmaqal barədə ətraflı məlumat verib:
"Bakı Apelyasiya Məhkəməsinin 2 qətnaməsi mövcuddur. Hər iki qətnamədə qeyd olunur ki, İbrahimova Təranə Xeyrulla qızı Salayeva Nazəninə 500 manat pul ödəməlidir. Bundan başqa Nazənin xanımdan üzr istəməli, barəsində dediklərinə təkzib verməlidir. Digər qətnamədə də göstərilir ki, cavabdeh şəxs, İbrahimova Təranə Nazənin xanımın həyat yoldaşı Məhəbbət bəyə 3 min manat təzminat ödəməli və onun barəsində dediyi fikirləri də təkzib etməlidir. İcra şöbəsində bu məhkəmə qətnaməsi icradadır. İcra məmuru ilə əlaqə saxladıq, həmçinin, Ədliyyə Nazirliyinin rəhbərliyinə rəsmi müraciət olundu. Məhkəmə qətnaməsindən İbrahimova Təranə yayınır. Ədliyyə Nazirliyi tərəfindən bu məsələ nəzarətə götürüldü. Qısa müddət ərzində 3500 manat pul Nazənin xanım və onun həyat yoldaşı Məhəbbət bəyə ödənilməsi təmin edildi. Əlavə olaraq, Təranə İbrahimova barəsində qanuna müvafiq ölçü götürüldü. O, açıq-aşkar icra şöbəsində izahat yazaraq məhkəmə qətnamələrini icraatından yayındığını bildirib. Yəni icra etməyəcəyini deyib. O, əvvəl icra məmurunun qanun tələbini yerinə yetirmədiyi üçün İnzibatı Xətalar Məcəlləsinin 528-ci maddəsinə əsasən 1000 manat cərimə edilib. Cərimə olunandan sonra icra məmuru tərəfindən rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, Təranə İbrahimova bu istiqamətdə heç bir addım atmayıb. Artıq bir neçə gün öncə icra şöbəsindən Təranə İbrahimovaya rəsmi qaydada müraciət olunub. Qısa müddətdə məhkəmə qətnaməsi üzrə tələbləri tam təmin etmədiyi halda o, Cinayət Məcəlləsinin 306-cı maddəsi ilə məsuliyyətə cəlb olunacaq. Bu maddədə göstərilir ki, həmin şəxs 3 il müddətində azadlıqdan məhrum edilə bilər ”.

Vəkil onu da əlavə edib ki, məhkəmə qərarına əsasən Təranə Qumral ölkədən kənara çıxa bilməz:
  "Onun ölkədən getmək hüququnun müvəqqəti olaraq məhdudlaşdırılması barədə Nərimanov Rayon Məhkəməsində qərardad qəbul edilib. Bu qərar da zəruri idi".

Qeyd edək ki, T.Qumralla Nazənin arasında qalmaqal "ANS”-in "Bazar səhəri” verilişində başlayıb. Belə ki, Nazənin canlı efirə zəng edərək, Təranə Qumrala "Səni ərimlə tutdum” deyib. T.Qumral isə öz növbəsində Nazənin barəsində bir xoş olmayan ifadələr işlədib. Buna görə də Nazənin məhkəməyə müraciət etmişdi. Nazənin məhkəmədə həyat yoldaşının müğənni Təranə Qumralla intim münasibəti olduğunu sübut edib.
 
7news.Az

Xəbər lenti