Vətəni qarşılıqsız sevmək - Rövşən Nəcəfov yazır

Vətəni qarşılıqsız sevmək - Rövşən Nəcəfov yazır
Rövşən Nəcəfov
Vətəni qarşılıqsız sevmək!
– Hər şey bu cümlənin anlamı ilə başlayır. 

Vətən anlayışı daşıdığımız dəyərlərin və şüurumuzun yaratdığı sərhədlərdir. Bu ideoloji proses dövlətin qurulması, həmin sərhədlərin müəyyənləşməsi ilə nəticələnir. Dövlət olmaya bilər, vətən var. İnsanları bağlayan bir ideologiya var. Dünyanın istənilən məkanında olmağımızdan asılı olmayaraq, bizi bağlayan mədəni, ictimai və ideoloji məfhum var. Bu məfhum beynimizlə və ruhumuzla müəyyənləşən ərazidir. Həmin ərazi vətəndir.

Bu sevgi hissini ifadə etmək çətindir. Qarşı tərəf qadın olmadığı üçün, biz ona gül bağışlaya bilmirik. Biz onunla danışa bilmirik. Biz onun göz yaşlarını görmürük. O, bizi dinləyir, sevdiklərimizdən fərqli olaraq. Bəzən insan, vətənindən şikayət edir özünə. Çünki, bu sevginin məsuliyyətini daşımaq çətindir. Vətənə sevgi ailəyə, dostlara və sevdiyimizə olan sevgidən daha böyükdür. Ailəni, dostları və sevdiyimizi bir gün itirəcəyimizi bilirik və buna hazırıq. Vətəni itirmək anlayışı isə bizə yaddır. Bu haqda təsəvvür belə yarada bilmirik. Qarşılığı olmayan sevgidir. Hər sevginin qarşılığı var, vətənə sevginin isə yoxdur. 

Vətənə sevgi özünlə tamamlanır. Özünə qoyduğun dəyərdir. İctimai məsuliyyətdir. Mədəni şüurdur.

İnsanların taleyini onların daşıdığı dəyərlər yazır. Yəni, insanın taleyi onun dəyərinə bağlıdır. Bir ömür dəyər bildiyimizi qoruyuruq ki, özümüzü dəyərləndirək. Tarix bizim üçün ən böyük dərslikdir. Biz bu dərsimizi alırıq, nəticəni isə yenə tarix özü yazır. 
Biz vətənimizlə kitablardan və tarixi şəxsiyyətlərin dilindən danışırıq. 

İnsan yarandığı gündən, ayağını basdığı torpağı və ətrafında olan hər şeyi qorumağa başlayır. Bu instinkt olaraq belədir. Bəlkə də insanın təbii xarakteridir. İnsan "qorumaq” və "narahat olmaq” hisləri ilə böyüyür. Sənin qorumaq istədiyin ailən, narahat olduğun ətrafdakı insanlar var. Qədim insanların hansı dəyərləri qoruduqlarını və onlar üçün vətən anlayışının nədən ibarət olduğunu yazmaq bu gün üçün aktuallığını itirib. Sadəcə, qısa arayışlar verə bilərik. Məntiq qoya bilərik. Fikir bildirə bilərik. Amma keçmişin vətəni və ya vətənə olan sevgisi, bizim keçirdiyimiz hislərin gələcəyi deyil. Bu gün vətən hər kəs üçün fərqli anlayışlar ifadə edir. Kimsə üçün vətən onun ailəsindən ibarətdir. Başqası üçün onun qazandıqları vətəndir. İnsanlar xoşbəxt olduğu ünvanı özünə vətən hesab edir. Vətən bizi xoşbəxt etmir. Vətənə sevgi öz şəxsi maraqlarını vətən yolunda qurban verməkdir. Vətən üçün qəhrəman olmaq, təqdim olunan şanslardan və situasiyalardan qidalanır. Həmin şanslar və situasiyaların özü tarixi yazır. Tarix isə qəhrəmanları... 

Təhsil: Vətən!

Daşıdığımız dəyərin gücü, onun bizə verdiyi təhsildən asılıdır. Onun bizə verdiyi təhsil, bizim ona verdiyimiz uğur göstəricisidir. Vətən bizə özümüzü tədris edir. Gələcək üçün tədris olunur bu təhsil. Vətənə xidmət bu gün üçün edilənlər deyildir. Gələcək üçün atdığımız addımların möhkəm olmasıdır. Addımımızı möhkəm atsaq, onun izi qalacaq. Bizdən sonrakı nəsil izimizdə olacaq. 

Tarixin insanlar üçün təqdim etdiyi mübarizələr və münaqişələr qəhrəmanları formalaşdırır. Mübarizələr və münaqişələr qəhrəmanları dünyaya gətirir. Həmin qəhrəmanlar, qəhrəman anaların övladlarıdır. Qəhrəmanlıq təkcə müharibədə qazanılmış uğur deyil. Vətəni üçün qazandığı uğurdur. Qorxaqlarda qəhrəman olur. Hər kəsə öz vətəni əzizdir. İnsan öz qorxusuna vətəni uğrunda qəhrəmancasına vuruşub ölərək qalib gələ bilir.

Tarix vətən uğrunda gedən bütün mübarizələri bizə təqdim edir. Nəticə qəhrəmanlar üçün deyil, vətən üçündür. Nəticə keçmiş üçün deyil, gələcək üçündür. Nəticə bizim üçün deyil, bizdən sonrakı nəsil üçündür. 

Necə ki "Tarix danışır”:

- Nino, biz Parisə getməli olsaq, sən Tehranda pərişan olduğun kimi, mən də Parisdə pərişan olacağam. Mən özümü orada yad bir qasırğaya, burulğana təslim olmuş kimi hiss edəcəyəm. Şəmirandakı hərəmxananı yadına sal. Sən Asiyaya dözə bilmədiyin kimi, mən də Avropaya dözə bilməyəcəyəm. Gəl elə burada, Asiya ilə Avropanın hiss edilməyən şəkildə bir-birinə qarışdığı Bakıda qalaq. Mən Parisə gedə bilmərəm. Çünki orada nə məscid var, nə köhnə qala divarları və nə də Seyid Mustafa. Mən zaman-zaman Asiyanın ruhu ilə qidalanmalıyam ki, bizim ölkəmizə gələn bütün əcnəbilərə dözə bilim. Sən mənə məhərrəmlikdə nifrət etdiyin kimi, mən də sənə Parisdə nifrət edəcəyəm. Nə olursa-olsun mən vətənimdə qalacağam. Mən bu ölkədə anadan olmuşam, burada da ölmək istəyirəm. © Qurban Səid - "Əli və Nino” 

Sonda:

Mənim taleyim vətənimə bağlıdır. Vətən Təhsildir. Mənim Təhsilim, Mənim Gələcəyim! 



Xəbər lenti