Xalq artistinin ÜRƏKLƏRİ dağlayan həyat dramı: "Küçədə gecələyirdim, getməyə yerim yox idi" - FOTO

Xalq artistinin ÜRƏKLƏRİ dağlayan həyat dramı:

Xalq artisti Arif Quliyevin Milli.Az-a müsahibəsi.

- Arif müəllim, son illər çox nadir hallarda ekran işlərində rol alırsınız. Bu, nə ilə əlaqədardır?

- Mən bu sənətin fədaisiyəm, qurucusuyam. Çalışıram ki, həmişə öz işimi insanlara gözəl təqdim edim. Özümü bu sənətin fəhləsi hesab edirəm. Son illərdə çox sayda kommersiya filmləri çəkilir, məni də həmin filmlərə dəvət edirlər. Sadəcə olaraq, aktyora onu qane edəcək miqdarda pul vermirlər. Siz bilirsiniz ki, mənim qazanc yerim hal-hazırda yalnız film və seriallardır. Nə toya gedirəm, nə də ki digər bir məşğuliyyətim var. Ekran işlərində görünməməyimin əsas səbəbi maddiyatdır. Son illərdə mənə təklif olunan ssenarilər də, sözün düzü, çox primitiv olub. Mən bu sənətin arzusunda olmuşam. Onun çətinliyini də, yüngüllüyünü də, məhəbbətini də görmüşəm.

- Çətinlikdən söz düşmüşkən.. Sizin həyatınız o qədər də asan olmayıb.

- O illərə qayıtmaq mənə çox çətindir. İnsan taleyinə yazılan 5-6 cümlədən bir neçəsini həyatda yaşayır. O da Allahın mənim taleyimə yazdığı bir yol idi. Mən həmişə deyirəm ki, bir neçə sənət var ki, o insanın rüşeymində, daxilində olmalıdır. Mən hələ internat məktəbində oxuyanda bu sənət içimdə qaynayırdı. Biz internat məktəbində tamaşalar oynayırdıq. Dərslərimi yaxşı oxumasam da, aktyor kimi tamaşalarda çıxış edirdim. Müəllimlərim tamaşaya baxıb digər fənnlərdən də mənə qiymət yazırdılar. 8-ci sinifdə oxuyanda hiss etdim ki, mən bu sahəyə getməliyəm. Bilirdim ki, Bakıda Mədəni Maarif Texnikomu var. İnternatdan bizi maşınlara mindirib Daşkəsənə peşə seçimi etməyə aparırdılar. Maşında fikirləşirdim ki, necə olursa-olsun mən ora qaçacağam. Elə oldu ki, bizi aparan maşın yolda xarab oldu. Bu, çoxdandır arzuladığım istəyimin həyata keçməsi üçün bir fürsət idi. Yolun kənarına gedib bir maşına əl etdim, birbaşa Bakıya yollandım. Bir gecə Bakıda küçədə gecələdim, gördüm ki, kimsə məni oyadır. Polis idi, məni evinə aparıb doyunca yedirtdi, səhərisi gün məni texnikoma gətirdi. Nəhayət ki, texnikomu tapdım, amma imtahandan keçə bilmədim. Getməyə yerim də yox idi. Bir də gördüm ki, koridordan ayaq səsləri gəlir, bir xanım mənə tərəf addımlayır. Cəvahir adlı xanım idi, məni təmənnasız texnikoma qəbul etdi. Allah bir tərəfdən qapımı bağladı, digər tərəfdən isə açdı.

- Aktyor kimi ilk rolunuz nə olub?

- Mən texnikomu bitirəndən sonra təyinatımı Mingəçevir Dram Teatrına verdilər. Bu teatrda "Hacı Qara" tamaşasında Kərəməli rolunu oynadım. O vaxt teatr yeni açılmışdı, mənim də yeni-yeni tanınmağa başladığım vaxtlar idi.

- Filmlərdə adətən epizodlarda çəkilmisiniz, amma buna baxmayaraq yaddaşlarda qalmısınız. Obrazlarınızın yaddaqalan olmasının əsas səbəbi sizin ifa tərzinizdir, yoxsa rejissorun yozumu?

- Mən həmişə demişəm ki, insanları ağlatmaq çox asandır, amma güldürmək çətin. Sən onlara elə bir hadisəni danışa bilərsən ki, o dəqiqə göz yaşlarına qərq olarlar. Təbii ki, aktyor rejissordan asılıdır, amma gərək onun daxilində də yumor qabiliyyəti güclü olsun. Mən filmlərdə necəyəmsə, həyatda da eləyəm. Bəlkə də yaddaşlarda qalmağım bundan irəli gəlir. Məsələn, götürək elə "Bəyin oğurlanması" filmini. Həmişə məndən soruşurlar ki, ay Arif müəllim, "ora" haradır? Deyirəm yox, mən deyə bilmərəm. Desəm, məndən qabaq gedərsiz ora. Hazır elə özüm gedirəm də (gülür).

 

- Sənətdə bəyənmədiyiniz nədir?

- Mən sənətdə hər şeyi bəyənirəm, bircə qrimdən başqa (gülür).

- Komediya aktyoru olduğunuz hər dəqiqədə hiss olunur.

- Xeyr, bu, həqiqi sözümdür. Qrimə girəndə elə bilirəm ki, başıma qaynar su tökürlər. Bəzən teatrda məni danlayırdılar da. Qrim edib səhnəyə çıxanda elə bilirəm ki, səhnə ilə aramda pərdə çəkilir. Hətta bir neçə filmlərdən qrimə görə imtina da etmişəm. Buna misal olaraq "Ac həriflər" televiziya tamaşasını göstərə bilərəm.

- Peşənizi hansı sənətə dəyişərsiniz?

- Vaxtilə mənə çox dedilər ki, elə bir sənətə get ki, yaxşı pul qazanasan. Heç olmasa həyatının qalan yarısını yaxşı yaşayasan. Heç bir sənətə getmədim, çünki ruzini verən Allah hər sənətdə verir. Təki canımız sağ olsun, qalan hər şey sonra gəlir.

- Müasir gənc aktyorları bəyənirsiniz?

- Əlbəttə ki, bəyəndiklərim də var, bəyənmədiklərim də. Guya qocaman aktyorların hamısı istedadlıdır? Onların içində də naşı adamlara rast gəlinir. Son illərdə ölkəmizdə komediya filmləri çəkilir. Bu, əslində, xoşagələn bir haldır. İnşallah ki, o filmlərdən birində məni də görərsiniz.

Xalq artistinin ÜRƏKLƏRİ dağlayan həyat dramı:

7News.Az

Xəbər lenti