Xaricdə ən populyar Azərbaycan məhsulu məlum oldu

Xaricdə ən populyar Azərbaycan məhsulu məlum oldu

Azərbaycan 2018-ci ilin yanvar-noyabr aylarında 17 milyard 900 milyon dollar məbləğində məhsul ixrac edib.

7News.Az xəbər verir ki, bu haqda İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı”nın dekabr buraxılışında deyilir.

2018-ci ilin yanvar-noyabr ayları ərzində qeyri-neft sektoru üzrə ixrac 145 milyon ABŞ dolları və ya 10,5 faiz artıb. Bu ilin yanvar-noyabr ayları ərzində Rusiyaya 555,4 milyon, Türkiyəyə 321,3  milyon, İsveçrəyə 123,3 milyon, Gürcüstana 117,1 milyon və Qazaxıstana 41,1 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə, 2018-ci ilin 11 ayı ərzində ən çox Azərbaycan qeyri-neft məhsulları idxal edən ölkələrin beşliyinə Rusiya (12% artım, 555,4 milyon dollar), Türkiyə ( 22% artım, 321,3 milyon dollar), Qazaxıstan  ( 41,1 milyon dollar, 42% artım), İsveçrə (8% azalma, 123,3 milyon dollar), Gürcüstan (117,1 milyon dollar, 3% azalma) daxildir.

Təqdim olunmuş məlumatlara əsasən, 2018-ci ilin 11 ayı ərzində qeyri-neft sektoruna aid malların ixracat strukturunda pomidor (162,2 mln.dollar) üstünlük təşkil edib. Qızıl ikinci (107,2 milyon dollar), xurma (89,1 milyon dollar) isə üçüncü yerdə göstərilib.

Bütövlükdə, cari ilin yanvar-noyabr ayları ərzində Azərbaycanda daha çox meyvə-tərəvəz (495 milyon dollar), plastmas və plastmas məmulatları (110,3 milyon dollar), alüminium və alüminium məmulatları (106,6 milyon dollar), elektrik enerjisi (65 milyon dollar), qara metal və metal məmulatları (78,9 milyon dollar),  pambıq lifi (70,9 milyon dollar), kimya sənayesi məhsulları (73, 3 milyon dollar), pambıq ipliyi (21,3 milyon dollar) ixrac edib.

Bu ilin noyabr ayında qeyri-neft sektoru məhsullarının ixracat həcmi 181 milyon dollar təşkil edib. Bu ay ən çox qeyri-neft məhsulları Rusiyaya (88,4 milyon dollar), Türkiyəyə (27,5 milyon dollar), Gürcüstana (10,6 milyon dollar), İsveçrəyə (8,9 milyon dollar) və Ukraynaya (7,8 milyon dollar) ixrac olunub.

Ötən ayda olduğu kimi, noyabrda ölkə hüdudlarından kənarda ən çox tələb olunan məhsul  xurma olaraq qalır (45,2 milyon dollar). İkinci yerdə fındıq (14,5 milyon dollar), üçüncü yerdə  pomidor (12,3 milyon dollar) gəlir.

7News.Az

Xəbər lenti