Xarici borclanmanın kökündə nə dayanır? - AÇIQLAMA

Xarici borclanmanın kökündə nə dayanır? - AÇIQLAMA

Azərbaycanın xarici borcunun artmasının üç əsas səbəbi var. 

7news.Az məlumat verir ki, bunu Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye  və sahibkarlıq komitəsinin bugünkü iclasında maliyyə naziri Samir Şərifov deyib.

O, deyib ki, bunlar devalvasiya ilə bağlı xarici borcun ÜDM-ə nisbətin artması, maliyyə-bank sisteminin sağlamlaşdırılması üçün görülən tədbirlər və "Cənub Qaz Dəhlizi” layihəsi ilə bağlı verilən dövlət zəmanətidir.

Nazirin sözlərinə görə, Maliyyə Nazirliyi kifayət qədər ehtiyatlı borclanma siyasətinin həyata keçirilməsinin tərəfdarıdır.

"Maliyyə-bank sektorunda yaranmış problemlərin həlli üçün böyük məbləğdə vəsait xərclənib. Bizim borcumuz xarici valyutada götürülür. ÜDM isə 3 il bundan əvvəl manatla ifadə olunurdu, məzənnə də bəlli idi. Devalvasiyadan sonra bizim ÜDM dollarla ifadədə azalıb. Xarici borcumuzun ÜDM-ə nisbəti iki dəfə artıb”. 

Nazir xarici borcun artmasının ikinci səbəbini də açıqlayıb: 

"Maliyyə-bank sektorunun sağlamlaşdırılması, xüsusilə də, "Azərbaycan Beynəlxalq Bankı” ASC-də olan maliyyə cinayətlərinin nəticəsində dövlətə gələn böyük zərbə ilə bağlıdır. Azərbaycan dövləti bankın əmanətçilərinin qorunması məqsədilə bankı xilas etmək qərarına gəlib. Nəticədə bankın heç bir əmanətçisinə zərər dəyməyib. Digər tərəfdən bankda xidmət olunan digər təşkilatlara da ziyan gəlməyib.

Beynəlxalq Bank son vaxtlar ifrat dərəcədə yüksək faizlərlə borclanıb. Xarici kreditorlar da  bu banka dövlətə məxsus bank kimi baxırdılar. Halbuki dövlətin bankdakı payı 50,2 faiz idi. Əslində səsvermə zamanı pay 66 faizdən yuxarı olmalıdır. Yəni, 50,2 faiz səs elə də böyük səs deyil. Buna baxmayaraq, beynəlxalq imici nəzərə alaraq həmin ərəfədə mühüm transmilli layihələrin keçirilməsi də nəzərə alınaraq, xüsusilə Cənub Qaz Dəhlizinin həyata keçirilməsi üçün biz borclanmaya getdik. Biz xarici kreditorlara qarşı tədbir görsəydik, bu bizim üçün acı nəticələnərdi.

Dövlət xarici banklar qarşısında öhdəlikləri öz üzərinə götürdü. Bu günə qədər bankın kreditorlar qarşısında borcunu 20 faizə qədər azaltmışıq. Bu da uzun  müddətli danışıqlar nəticəsində əldə edilib. Bir qrup kreditor var ki, bu məsələnin tənzimləməsi şərtləri ilə razı deyil. Lakin biz professional şirkətlərlə işləyirik. Həmin maliyyə sağlamlaşdırılması ilə bağlı 2,3 milyard dolları dövlət öz üzərinə götürüb. Təkcə bu tədbir hesabına bizim borcumuz 31 faiz artıb”.

7news.Az

Xəbər lenti